Transfer qiymətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında uyğunsuzluqlar var
FED.az məlumat verir ki, beynəlxalq iqtisadiyyatda bir sıra hallarda maliyyə axınlarını optimallaşdırmaq məqsədilə, xüsusilə transmilli korporasiyalar tərəfindən onların filial və bölmələri ilə nəzarət olunan əməliyyatlar aparılır. Məsələn, bir ABŞ transmilli şirkətinin Azərbaycan Respublikasındakı törəmə şirkəti hər hansı avadanlığı ana şirkətə ixrac edir. Bu tipli əməliyyatları aparan tərəflər qarşılıqlı sürətdə asılı şəxslər olduğundan əməliyyatlar zamanı təsbit olunan qiymətlər bir çox hallarda reallığı əks etdirmir. Eyni zamanda, transmilli şirkətlər adətən öz mənfəətlərini maksimallaşdırmaq üçün ölkələrin vergi sisteminlərindəki müxtəlifliklərdən faydalanmaqda maraqlı olurlar. Transmilli şirkətlərin bu fəaliyyətləri öz gəlirlərini bir ölkədən digərinə transferi formasında meydana çıxır ki, beynəlxalq ədəbiyyatlarda bu transfer qiyməti adlandırılır. Bütün bu əməliyyatlar ölkələrin dövlət büdcələrinin əsas gəlir mənbəyini təşkil edən vergi yığımının həcminə də təsir etdiyindən hökumətlər bu fəaliyyəti tənzimləyirlər.
Beynəlxalq səviyyədə transfer qiyməti 1995-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) müvafiq təlimatı ilə tənzimlənir. Ölkəmizdə isə transfer qiymətləri Vergi Məcəlləsi və Vergilər Nazirliyinin qərarı ilə təsdiq edilmiş “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi” qaydaları ilə tənzimlənir. Yerli qanunvericilikdə transfer qiyməti əsasən qarşılıqlı sürətdə asılı olan şəxslər arasında və güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş subyektlərlə aparılan əməliyyatlara tətbiq edilir.
Respublikamızda xüsusilə neft-qaz sahəsinə çoxsaylı xarici ölkələrin Ölkəmizdə transfer qiymətləri sahəsində qanunvericilik aktlarının araşdırılması ilə bağlı qanunvericilik aktlarının araşdırılması zamanı məlum olur ki, bir sıra yanlışlıqlar, natamamlıqlar və uyğunsuzluqlar mövcuddur.
1-ci uyğunsuzluq
Həm yerli qanunvericilikdə, həm də beynəlxalq təlimatlarda ransfer qiymətlərinin müəyyən edilməsi ilə bağlı 5 metod (üsul) mövcuddur. Bu metodlardan biri transfer qiymətinin sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən edilməsi üsulundadır.
Vergi Məcəlləsinin 14-1.1.1.-ci maddəsindən bu üsul aşağıdakı kimi anlaşılır:
Transfer qiyməti sonrakı (təkrar) satış qiyməti üsulu ilə həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyənləşdirilir. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir.
“Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi” qaydalarnda isə bu şəkildə qeyd edilmişdir:
Sonrakı (təkrar) satış qiyməti üsulu - alınan malın təkrar satışı zamanı alış qiymətinin üzərinə əlavə olunan təkrar satış marjasının nəzarət olunmayan əməliyyatlarda formalaşan qiymətin tərkibindəki təkrar satış marjası ilə müqayisə edilərək, transfer qiymətinin müəyyən edilməsidir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təlimatında isə aşağıdakı kimi verilmişdir:
Təkrar satış qiyməti üsulu – əlaqəli müəssisədən satın alınan bir məhsulun müstəqil bir müəssisəyə satıldığı qiymətdən başlayır. Daha sonra bu qiymət ("yenidən satış qiyməti") müqayisə olunan və nəzarət olunmayan əməliyyatlardakı ümumi marja və əlaqəli xərclər (rüsum və s.) qədər azaldılır.
Müqayisə: Göründüyü kimi Vergi Məcəlləsində təkar satış qiyməti metodunun izahı primitiv və natamam formada verilmiş, onun hansı göstərici ilə müqayisə olunduğu isə ümumiyyətlə qeyd edilməmiş və onun mahiyyətini tam başa düşmək mümkün olmamaqdadır. Qaydalarda isə sonrakı (təkrar) satış qiymətinin “müstəqil müəssisə”yə olması şərti qeyd edilməmişdir. Burada müstəqil müəssisə anlayışı çox önəmlidir. Çünki, əlaqəli müəssisədən alınan malın müstəqil tərəfə deyil təkrar əlaqəli müəssisəyə satıldıqda və bu təkrar satış qiyməti üzərindən hesablamalar aparıldıqda real nəticələr alınmayacaqdır. Bundan başqa, Qaydalarda təkrar satış qiyməti üsulu ilə bağlı izahedici misalın başlığında “müstəqil tərəf” anlayışı qeyd edilsə də, burada sonrakı (təkrar) satış qiyməti üsulu qiymətlərin müqayisəsi üsulu ilə qarışdırılmışdır.
Belə ki, həmin nümunədə aşağıdakı kimi qeyd edilmişdir:
Sonrakı (təkrar) satış qiyməti üsulu
- nəzarət olunan əməliyyat çərçivəsində alınan və sonradan müstəqil şəxslərə satılan malın alış qiymətinin yaxud
- müstəqil şəxslərdən alınan malın sonradan nəzarət olunan əməliyyat çərçivəsində satış qiymətinin müstəqil şəxslərin arasında satış qiyməti ilə müqayisə edilərək, transfer qiymətinin müəyyən edilməsidir.
Göründüyü kimi təkrar satış qiyməti üsulunun əsasını təşkil edən nəzarət olunan və nəzarət olunmayan əməliyyatlarda marjaların müqayisəsi qeyd edilməmişdir. İkinci punktda verilmiş açıqlamanın sonrakı (təkrar) satış qiyməti ilə heç bir əlaqəsi yoxdur, bu açıqlama başqa bir üsula - “qiymətlərin müqayisəsi” üsuluna aiddir. Çünki, qiymətlərin belə bir müqayisəsi mümkün olarsa sonrakı (təkrar) satış qiyməti üsuluna da ehtiyac yaranmayacaqdır.
Sonrakı (təkrar) satış qiyməti üsulunu aşağıdakı qrafiklə aydın görmək mümkündür.
2-ci uyğunsuzluq
Yuxarıda qeyd etdiyimiz transfer qiymətlərinin müəyyən edilməsi üsullarından biri də “dəyərin toplanması” üsuludur.
Vergi Məcəlləsinin 14-1.1.2.-ci maddəsindən bu üsul aşağıdakı kimi anlaşılır:
Transfer qiyməti dəyərin toplanması üsulu ilə malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.
“Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi” qaydalarında isə bu şəkildə qeyd edilmişdir:
Dəyərin toplanması üsulu - nəzarət olunan əməliyyatlar çərçivəsində təqdim olunan malların (işlərin, xidmətlərin) qiymətinin onların istehsalı ilə bağlı çəkilmiş faktiki xərclərin üzərinə əlavə edilən gəlir marjasının nəzarət edilməyən əməliyyatlar üzrə gəlir marjası ilə müqayısə edilərək, transfer qiymətinin müəyyən edilməsidir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təlimatında isə aşağıdakı kimi verilmişdir:
Dəyərin toplanması üsulu nəzarət olunan əməliyyatlar çərçivəsində əlaqəli tərəfə təqdim edilmiş əmlak (və ya xidmətlər) tədarükçüsünün çəkdiyi xərclərdən başlayır. Daha sonra çəkilmiş xərclərin üzərinə nəzarət olunmayan əməliyyatlar üzrə gəlir marjası ilə müqayisə edilərək gəlir marjasnın əlavə edilməsidir.
Müqayisə: Dəyərin toplanması üsulu ilə bağlı “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi” qaydaları və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təlimatı ilə verilmiş açıqlama bir-birinə tamamilə müvafiq olduğu halda, Vergi Məcəlləsində verilmiş açıqlama isə yanlış ifadə olunmur. Çünki, bu üsulla transfer qiyməti müəyyən edilərkən Məcəllədə qeyd edildiyi kimi malları (işləri, xidmətləri) təqdim edənin mənfəətini deyil, nəzarət olunmayan əməliyyatlar üzrə olan mənfəətlə müqayisə edilərək müəyyənləşdirilən mənfəət nəzərə alınır. Vergi Məcəlləsinin Vergilər Nazirliyinin qərarı ilə təsdiq olunmuş hər hansı bir sənəddən üstün qüvvəyə malik olduğunu nəzərə alsaq bu iki akt arasında yaranmış belə uyğunsuzluğun praktikada ciddi çətinliklərlə nəticələnə bilər.
Dəyərin toplanması üsulunu aşağıdakı qrafiklə aydın görmək mümkündür: