Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində tətbiq edilən yeniliklərdən biri də bəzi şəxlər üçün vergi dərəcəsinin artırılmasıdır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Məcəlləyə edilən dəyişikliklərə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər üçün məcburi dövlət sosial sığorta haqqı artırılır.
Qeyd edək ki, 2025-in sonunadək mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanırdı:
5 hektaradək olduqda – 2 faiz miqdarında; yəni 8 manat
5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında; yəni 24 manat
10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında; yəni 40 manat
2026-cı ildən isə bu dərəcələr bir qədər artıb. Bu ildən etibarən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:
5 hektaradək olduqda – 5 faiz miqdarında; yəni 20 manat
5 hektardan 10 hektaradək olduqda – 7,5 faiz miqdarında; yəni 30 manat
10 hektardan yuxarı olduqda – 12,5 faiz miqdarında; yəni 50 manat










