Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən fiziki şəxslər bundan sonra sosial sığorta haqqını əvvəlkindən daha yüksək məbləğlə ödəyəcəklər.
Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirilir
FED.az xəbər verir ki, söhbət başqa sahələrdə rəsmi işləməyən və məcburi dövlət sosial sığorta haqqı ödəməyən torpaq mülkiyyətçilərindən gedir.
Bildirilir ki, bu ödənişlər vergi xarakteri daşımır. Məqsəd kənd təsərrüfatı ilə məşğul olan şəxslərin sosial təminat sisteminə cəlb olunması, onların əmək stajının formalaşdırılması və gələcək pensiya hüquqlarının təmin edilməsidir.
Qeyd edək ki, dəyişikliklər ailə kəndli təsərrüfatlarında çalışan əmək qabiliyyətli ailə üzvlərinə də şamil olunur. İstisna hallar nəzərə alınmaqla, yeni mexanizm kənd təsərrüfatında çalışan şəxslərin sosial müdafiəsinin gücləndirilməsini hədəfləyir.
Xatırladaq ki, əvvəlki qaydalara əsasən torpaq sahibləri üçün sosial sığorta haqları daha aşağı idi. Belə ki, 5 hektaradək torpaq sahəsi olanlar minimum əməkhaqqının 2 faizi, 5-10 hektar arası torpaq sahibləri 6 faizi, 10 hektardan çox torpağı olanlar isə 10 faizi həcmində sosial sığorta haqqı ödəyirdi. İndi isə 5 hektaradək olduqda minimum əməkhaqqının 5 faiz miqdarında, 5 hektardan 10 hektaradək olduqda 7,5 faiz miqdarında, 10 hektardan yuxarı olduqda 12,5 faiz miqdarında sığorta haqqı ödəniləcək.










