Azərbaycanda şirkətlərin və iş adamlarının vergidən azad olması üçün daha bir üsul açıqlanıb.
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, bu KOB klaster-lərinin tərkibində fəaliyyət göstərməkdir.
KOBİA-dan FED.az-a verilən məlumata görə, KOB klasterləri yaradan, eləcə də belə klasterin tərkibində fəaliyyət göstərən şirkət və iş adamları vergidən azad edilirlər.
Söhbət 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azad olmaqdan gedir.
«KOB klaster şirkəti» nədir?
Qeyd edək ki, KOB klaster - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının məcmusudur.
İqtisadiyyat Nazirliyinin hələ 2019-cu ildə təsdiq etdiyi «KOB klaster şirkəti»nin meyarları”nın təsdiq edilməsi barədə qərara əsasən, “KOB klaster şirkəti” - qarşılıqlı surətdə asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlaması və klaster üzrə hazırlanan məhsulun xammal və materialının dəyərinin 50 faizinin klasterin iştirakçısı olan yerli istehsalçılardan təchiz edilməsi ilə məşğul olan şirkətdir.
Yəni 10 və daha artıq iş adamı və ya şirkət toplaşaraq KOB klasteri yarada bilərlər.
Klasterlər hansı fəaliyyətlə məşğul olmalıdır?
Amma klasterin fəaliyyəti 3 istiqamətdən birinə aid olmalıdır. Belə ki, klasterdə (1) Azərbaycanda istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul istehsal etməli, (2) ölkədə istehlakın 50 faizdən artıq hissəsinin idxal hesabına ödənilən məhsul istehsal etməli, yəni elə məhsul istehsal etməlidir ki, həmin məhsula tələbatın böyük hissəsi idxal hesabına təmin olunur, (3) qonaqlama və və yerləşdirmə xidmətləri (mehmanxana, motel, kempinq və s.) göstərməlidir.
Klaster yaratmaq üçün nə qədər investisiya tələb olunur?
KOB klasteri adlanması üçün yatırılan investisiya üzrə də tələblər var. Belə ki, klaster adlanması üçün şirkətə Bakı şəhərində 5 milyon manat; Bakı ətrafı qəsəbələr və Abşeron rayonunda 3 milyon manat; Sumqayıt və Gəncə şəhərlərində 2,5 milyon manat; bunlardan başqa şəhər və rayonlar üzrə - 1,5 milyon manat; Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən və Qusar rayonları üzrə isə - 0,5 milyon manat vəsait yatırılmalıdır.
KOB klasterini necə yaratmaq olar?
KOB klaster yaratmaq istəyən kommersiya hüquqi şəxslər KOB klaster şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Klasterə hansı vergi güzəştləri verilir?
Mikro, kiçik və orta sahibkarlar KOB klaster yaratmaqla bir sıra vergi güzəştləri əldə edə bilərlər. Qanunvericilikdə KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır.
Klasterdə işqləyən şirkət və sahibkarlara hansı güzəştlər verilir?
KOB klasterin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.
Hara müraciət etmək lazımdır?
KOB klaster üçün nəzərdə tutulan güzəştlərdən yararlanmaq istəyən kommersiya hüquqi şəxs KOB klaster şirkətinin şəhadətnaməsini almalıdır. Bunun üçün kommersiya hüquqi şəxs Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilər.