Ökə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti işçilərinin mühüm rolu var. Azərbaycan vergi qanunvericiliyi təkcə fiskal məqsədlə deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması, sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə xidmət edir.
"Vergi Xidməti bütün fiskal yığımların 77 faizindən çoxunu təmin edən orqandır"
Vergi xidməti işçilərinin peşə bayramı ərəfəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Orxan Nəzərli müsahibə verib.
FED.az Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin müsahibəsini təqdim edir:
–Orxan müəllim, 11 fevral Dövlət Vergi Xidməti işçilərinin peşə bayramı günüdür. Sizi bu münasibətlə təbrik edir və vergi xidməti orqanlarının 25 illik tarixinə qısaca nəzər salmağınızı istərdik. Ötən dövrdə hansı vergi islahatları aparılıb, nə kimi uğurlar əldə edilib?
–Təşəkkür edirəm. Azərbaycanın vergi sisteminin fəaliyyəti dövlət müstəqilliyimizin bərpası ilə birgə başlasa da, 25 il öncə Vergilər Nazirliyinin yaradılması həm qanunverici, həm institusional baxımdan müasir vergi xidmətinin formalaşmasına yeni nəfəs gətirdi. Ümummilli lider Heydər Əliyevin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin ləğv edilərək onun bazasında Vergilər Nazirliyinin yaradılması ilə başlayan proseslər müasir vergi xidmətinin formalaşmasının ilk mərhələsi idi. Məhz bu dövrdən etibarən vergi sistemi, vergi siyasəti təkcə fiskal daxilolmaların toplanması ilə deyil, iqtisadi siyasətin bir qolu olaraq rol oynamağa başlayıb. Ötən 25 ildə vergi sisteminin formalaşması uzun bir yol keçib, həm qanunvericilik, həm inzibatçılıq sahəsində ciddi islahatlar aparılıb.
İstərdim ki, bu yolun son mərhələsi - 2019-cu ildən bəri vergi siyasətinin əsas elementləri və nəticələri barədə fikir bildirim. "Kölgə iqtisadiyyatı" ilə mübarizə, iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılması, haqlı rəqabətin qorunması, intizamlı vergi ödəyicilərinə münasibətin intizamsız ödəyicilərdən fərqləndirilməsi, dövlətin vergi tənzimləmə alətlərindən fəal istifadəsi, sahibkarlığın dəstəklənməsi son dövrlərin əsas prioritetləri hesab oluna bilər. 6 il bundan öncə başladığımız və dövlət-biznes əməkdaşlığında qurulan bu yeni yanaşmalar uzunmüddətli nəticələrə hesablanıb. Vergi qanunvericiliyindəki və inzibatçılığında çevik dəyişikliklər, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində apardığımız işlər müsbət nəticələrini göstərməkdədir.
Göstəricilərə nəzər salsaq, görə bilərik ki, ilk növbədə, dövlət büdcəsinin vergi gəlirləri 2019-cu ilin əvvəli ilə müqayisədə 2 dəfədən çox artıb. 2024-cü ildə vergi daxilolmalarının həcmi 15,8 milyard manatdan, Dövlət Vergi Xidmətinin xəttilə toplanan fiskal yığımlar isə 22.8 milyard manatdan çox olub. Aktiv vergi ödəyicilərinin sayına baxsaq, bu göstərici 2019-cu illə müqayisədə 1,8 dəfə artaraq 2024-cü ildə 806,9 min təşkil edib. İqtisadi sistem üçün əhəmiyyətli hesab etdiyimiz kateqoriya, yəni ƏDV ödəyicilərinin sayı 52,8 min təşkil edir. Burada da 3 dəfəyə yaxın artım var.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının nominal artım tempi (13,6%) sektorda ÜDM-in nominal artım tempini (8,5%) 5,1 faiz bəndi üstələyir ki, bu da şəffaflaşma amilinin təsirinin nəticəsidir. Bu gün ölkədə aktiv sahibkarlıq subyektlərinin 93 faizindən çoxu vergi ödəmələrini könüllü əməletmə hesabına icra edir.
Vergi qanunvericiliyində təsdiq edilmiş vergi təşviqlərinin hesabına 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 471 minədək, o cümlədən qeyri-neft özəl sektorda 443 mindən çox artıb. Vergi islahatları nəticəsində qeyri-neft üzrə özəl sektorda əmək müqavilələrinin artımı 82,1 faiz təşkil edir. Əmək bazarında aparılan təşviq siyasəti sosial sığorta yığımlarına müsbət təsir edib. Sosial daxilolmalar son 6 ildə 2,5 dəfə artıb.
Yeri gəlmişkən, Azərbaycanın əmək bazarında apardığı islahatlar Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib. Universitetin "Growth Lab" Mərkəzi ölkə iqtisadiyyatı üzrə diaqnostik qiymətləndirmə layihəsi çərçivəsində əmək bazarında həyata keçirilən islahatların nəticələrini Azərbaycanın uğur nümunəsi kimi göstərib. Beləliklə, ümumiləşdirərək qeyd etmək istərdim ki, vergi siyasətində bu yanaşmalar hədəflər və nəticə baxımından öz məqsədlərinə çatmış hesab oluna bilər.
–Vergi inzibatçılığının təkmilləşdirilməsində elektron xidmətlərin rolu böyükdür, bu barədə fikirləriniz maraqlıdır.
–Bəli, vergi xidməti islahatçı orqan olaraq hər zaman rəqəmsal həllərə üstünlük verib. Qurum vergi inzibatçılığının təkmilləşdirilməsi, iqtisadi sistemin yeni çağırışlarına uyğun müasir rəqəmsal platformaların tətbiqi istiqamətində uzun müddətdir ki, tədbirlər həyata keçirir, vergi ödəyicilərinin qarşısına yeniliklərlə çıxır. Bu gün dünyada vergi sistemləri yalnız dövlətin maliyyə mənbələrini toplamaqla kifayətlənmir. Həmçinin iqtisadiyyatı dəstəkləyir, ədalətliliyi təmin edir və biznes mühitinin inkişafına şərait yaradır. Əsas strateji hədəfimiz vergi idarəçiliyində şəffaflığı, ədalətliliyi və effektivliyi artırmaqdır. Bunu isə rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqi ilə təmin edirik. Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətləri daha da asanlaşdırmaq, vergi yığımı proseslərini sürətləndirmək və vergilərin doğru və vaxtında ödənməsini təmin etmək əsas məqsədlərimizdəndir.
Bu baxımdan xidmət keyfiyyətinin və vergi ödəyicilərinin rahatlığının yüksəldilməsi üçün interaktiv xidmətlərin inkişafı və təmassız xidmət əsas prioritetlərdəndir. Hazırda ölkəmizdə həyata keçirilən "Əlverişli Biznes Mühiti" layihəsinin 2 mühüm indikatoru - "Biznesə başlama" və "Vergitutma" indikatorları üzrə işçi qruplarına Dövlət Vergi Xidməti rəhbərlik edir. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya və digər dövlət strukturları ilə birlikdə ötən il hər iki işçi qrup sözügedən sahələrdə təkmilləşdirmə prosesində intensiv fəaliyyət həyata keçirib.
İnternet Vergi İdarəsinin yeni e-taxes layihəsi artıq bir müddətdir ki, uğurla istifadəyə verilib. Müasir standartlara cavab verən, vergi ödəyiciləri üçün daha sadə, əlçatan yeni elektron kabinet (internet portalı) artıq istifadədədir. Portal çərçivəsində bəzi yeni xidmətlər tətbiq olunur ki, bu da vergi ödəyicilərinə böyük fayda gətirəcək, könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.
Vergi sisteminin səmərəli inkişafı vergi ödəyicilərinin fəaliyyəti üçün vacib amildir. Vergi ödəyiciləri rahat, sürətli və asan xidmətlərə üstünlük verirlər. Bu baxımdan rəqəmsallaşma vergi prosedurlarının avtomatlaşdırılmasına imkan verir. Rəqəmsal sistemlər məlumatların daxil edilməsi və hesablamalar zamanı səhvlərə yol verilməsi ehtimalını azaldır, vergi orqanlarına müxtəlif mənbələrdən real vaxt rejimində məlumat əldə etməyə imkan verir, onların uyğunluğa nəzarət və vergidənyayınma hallarını daha effektiv aşkar etmək imkanlarını təkmilləşdirir.
Bu gün rəqəmsal sahədə dünya böyük sürətlə irəliləyir. Biz bu prosesin önündə getməyə çalışırıq. Vergi ödəyicilərinin sayı hər il sürətlə artır və bu vergi xidmətinin nəzarət, bəyannamə, təhlil, xidmətlər sektoruna böyük təzyiq yaradır. Əlbəttə ki, proseslərə davam etmək üçün Xidmət rəqəmsallaşma sahəsində çevik şəkildə irəliləməlidir. Bu gün Dövlət Vergi Xidməti öz inzibatçılıq fəaliyyətində mərkəzləşdirilmiş risk platformasından, risk əsaslı yoxlamalardan, Təqib-İzləmə kimi sistemlərin yaratdığı analitik imkanlardan istifadə edir. Xidmətin rəqəmsal imkanları çoxsaylı inteqrasiyalar və məlumat mübadiləsi ilə əldə edilmiş irihəcmli məlumatların innovativ alətlərlə analitikasına (deepsage), yəni böyük həcmdə məlumatları qısa zamanda təhlil etməyə imkan verir. Daha bir misal, "ƏDV geri al" layihəsidir ki, burada biz ictimai nəzarəti vergi nəzarətinə dəstək aləti kimi istifadə edirik. Beləliklə, rəqəmsal platformalar vergi ödəyiciləri ilə əlaqələrin şəffaf olmasını təmin edərək vergi sisteminə inamı gücləndirir.
İnzibati xərclərin azaldılması və proseslərin sadələşdirilməsi ilə rəqəmsal transformasiya həm vergi orqanları, həm də vergi ödəyiciləri üçün əhəmiyyətli xərclərə qənaət etməyə imkan verir, məlumat və xidmətlərə çıxışı təmin edir və bununla da vergi sistemində ədaləti təşviq edir. Bütün bunları nəzərə alaraq, ölkəmizin vergi sistemində rəqəmsallaşmanın əhatəsinin genişlənməsi diqqətdə saxlanılır.
–Yeni Vergi Məcəlləsində dövlət - özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrə uzunmüddətli - 30 il müddətinə vergi güzəştləri verildi. Bu güzəştlər nədən ibarətdir və ölkə iqtisadiyyatına nə kimi dividendlər gətirəcək?
–"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda vergi sistemində iki strateji hədəf müəyyən edilib. Bunlardan birinci istiqamət iqtisadiyyatın prioritet sahələrinə investisiyaların cəlbi, ikinci istiqamət isə "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması və bu sahədə rəqəmsallaşmanın genişləndirilməsidir. Əlbəttə ki, investisiyaların cəlbediciliyinin artırılması, sahibkarlar üçün vergi yükünün aşağı salınması bu kontekstdə önəmli idi və cari il üçün həyata keçirilən vergi qanunvericiliyindəki dəyişikliklər məhz dövlət-özəl tərəfdaşlığını, yeri nəqliyyat infrasrtukturunun inkişafı ilə bağlı vergi təşviqlərini əhatə edir. Bir qədər detallı desək, dəyəri minimum 30 milyon manat olan dövlət-özəl tərəfdaşlığı layihələrinə böyük həcmli vergi təşviqləri təqdim olunub.
Bu güzəştlər ödəyicini məhz birbaşa vergilərdən, yəni mənfəət, gəlir, əmlak və torpaq vergisindən tam həcmdə, eyni zamanda investisiyaların qoyuluşu ilə bağlı əsas vəsaitlər, fondların idxalı ƏDV-dən və rüsumlardan tamamilə azad edir. Dövlətimizin məqsədi sərmayə fəallığını təmin etməkdir. Təbii ki, böyük investisiya axını paralel olaraq məşğulluq yaradır. Bu proseslərin icrasını həyata keçirən podratçı, subpodratçı şirkətlərin aktivliyini artırır. Bu proseslər əlaqəlidir. Bütövlükdə bu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklər investisiyaların cəlbediciliyini artırmağa, alternativ enerji istehsalı layihələrinə marağı yüksəltməyə, əlverişli vergi mühitini təşviq etməyə yönəlib.
–"Kölgə iqtisadiyyatı"nın məhdudlaşdırılmasına xidmət edən təşviqlərə nəzər salsaq, bu çərçivədə, xüsusilə bazarlara nəzarət və əməliyyatların nağdsız qaydada həyata keçirilməsinin təşviqi ilə bağlı xüsusi məqamlar yer alır. Bunlar nədən ibarətdir? Burada müəyyən cərimələrin, məhdudlaşdırıcı sanksiyaların tətbiqi də nəzərdə tutulurmu?
–Ortamüddətli dövrdə strateji hədəflərimiz iki istiqamətdədir. İkinci istiqamət məhz "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılmasına xidmət etməlidir. Biznes nümayəndələri ilə keçirdiyimiz görüşlərdə harada "kölgə iqtisadiyyatı"nın daha çox formalaşması, hansı əməliyyatların aradan qaldırılması və sağlam rəqabətin yaranmasına imkan verə biləcəyi ilə bağlı proseslər mütəmadi olaraq müzakirə edilir. Bu baxımdan, Vergi Məcəlləsinə cari ildə edilmiş dəyişikliklərdə bazarlara nəzarət məsələsi ilə bağlı yeni müddəalar yer alıb. Bildiyiniz kimi, bazarlar elə bir əmlak kompleksidir ki, orada kütləvi sayda sahibkarlar müxtəlif sahələr üzrə fəaliyyət göstərirlər. Bu cür əmlak komplekslərinə münasibətdə vergi münasibətlərinin iştirakçısı kimi həm bazarlar, həm sahibkarlar, həm dövlət qurumlarının qatıldığı xüsusi format nəzərdə tutulur. Bu ondan ibarətdir ki, bazar mülkiyyətçiləri, operatorları həmin məkanda qanunsuz işləyən, uçotsuz sahibkarlara şərait yaratmamalıdırlar. Orada fəaliyyət göstərən bütün sahibkarlar, eləcə də təsərrüfat obyektləri vergi orqanında uçota alınmalıdır. Yalnız bundan sonra onların fəaliyyətinə şərait yaradılmalı, icazə verilməlidir. Məqsəd məhz bu cür kütləvi məkanlarda qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə şərait yaradılmaması üçün preventiv tədbirlərin görülməsi, eyni zamanda istehlakçıların da hüquqlarının qorunmasıdır. Tam hüquqi müəyyənlik, istehlakçıların hüquqlarının qorunması, eləcə də qanunsuz sahibkarlıq və uçotsuz sahibkarın qarşısının alınması baxımından bu dəyişiklik önəmlidir. Burada bir amili də qeyd etmək istərdim. Söhbət yalnız bazarlar üzrə operatorlardan getmir. Taksi sahəsində də operatorların vergi agenti qismində rolu artıb. Biz bu prosesi davam etdirmək və gələcəkdə digər operatorları da vergi agenti kimi proseslərə qoşmaq niyyətindəyik. Çünki bu, nəzarət prosesində effektivliyi artıra bilər.
–Ötən il vergi sistemi üçün beynəlxalq nüfuzun artması baxımından əlamətdar il hesab oluna bilər. DVX-nin beynəlxalq arenada fəaliyyəti ilə bağlı nələri qeyd etmək istərdiniz?
–Öncə qeyd etmək istərdim ki, Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (İOTA) prezidentliyin Azərbaycana həvalə edilməsi ölkəmizin vergi sisteminin beynəlxalq arenalarda da tənzimləyici rola malik olmasını sübut edir. Bu, ölkəmiz üçün müsbət hadisədir. Vergi inzibatçılığı yüksək səriştə, məlumatlılıq və strateji yanaşmalar tələb edən dinamik sahədir. Son illər vergi sistemlərində qloballaşma və rəqəmsallaşma nəticəsində müəyyən transformasiya müşahidə olunur. Beynəlxalq miqyasda bu transformasiya mükəmməl və müasir vergi sisteminin təşkilini, çağırışlara cavab vermək üçün vergi administrasiyalarının əməkdaşlığının gücləndirilməsini tələb edir. Biz hazırda beynəlxalq təşkilatın fəaliyyətini təkmilləşdirmək üçün öz töhfələrimizi veririk.
Daha bir uğurumuz OECD-nin "Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum"un ölkəmizi şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirməsi üzrə ən yüksək reytinqlə dəyərləndirməsi olub. Ölkəmizin bu reytinqi qazanması yerli vergi sistemində aparılan islahatların beynəlxalq müstəvidə də yüksək qiymətləndirildiyini və rəqabətədavamlı vergi sisteminin bərqərar olduğunu bir daha təsdiqləyir.
–Dövlət Vergi Xidmətinin qarşıdakı dövrdə əsas strateji hədəfləri nədən ibarət olacaq?
–Ölkədə biznes mühitinin yaxşılaşdırılmasına, dayanıqlı və inklüziv iqtisadi inkişafın, davamlı iqtisadi artımın təmin edilməsinə yönəlik fəaliyyəti dəstəkləmək məqsədilə Dövlət Vergi Xidmətinin konseptual inkişafını nəzərdə tutan Strategiyası hazırlanıb. Bu strategiya Dövlət Vergi Xidmətinin missiyasına, strateji baxışına uyğunlaşdırılan və mövcud dəyərlərinə söykənən 4 əsas istiqamətdən ibarətdir. Bu istiqamətdə əsas fəaliyyətimiz güclü insan kapitalının formalaşdırılması, könüllü əməletmənin təbliği, vergidən yayınma ilə inamlı mübarizə, davamlı və dayanıqlı inkişaf olacaq.
Dürüstlük, peşəkarlıq, innovativlik, təşəbbüskarlıq və əməkdaşlıq kimi dəyərlərə söykənərək Dövlət Vergi Xidməti insan mərkəzli və innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir. Əsas missiyamız ölkəmizin sosial-iqtisadi inkişafını təmin etmək üçün vergilərin effektivliyə və dürüstlüyə əsaslanan prinsiplərlə tam və vaxtında yığılması, "kölgə iqtisadiyyatı" ilə mübarizə aparmaqla haqlı rəqabətin təmin edilməsi olacaq.
Strategiyanın reallaşdırılması vergi sisteminin daha ədalətli, sadə, əlçatan və müştəriyönümlü olmasına gətirəcək, cəlbedici vergi mühitinin formalaşdırılmasına xidmət edəcək. Vergi xidmətinin gələcəyə baxışı etibarlı, müasir və könüllü əməletməyə əsaslanan vergi ekosisteminin qurulmasına söykənir. Bu, vergi yığımlarını təmin etməklə bərabər, vergi inzibatçılığının sadələşdirilməsinə, vergi ödəyiciləri ilə qarşılıqlı etimad mühitinin formalaşmasına, könüllü əməletmənin təşviqinə yönələcək.
Ümumiyyətlə, ölkədə iqtisadi artımın təmin edilməsi prosesində vergi sisteminin tənzimləyici funksiyaları mühüm rol oynayır. Qarşıdakı dövrdə vergi siyasətinin əsas hədəfləri, ilk növbədə, iqtisadi təşviq, effektiv nəzarət, rəqəmsallaşma prinsipləri əsasında reallaşdırılacaq. İqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb olunmasında vergi siyasətinin tənzimləyici rolu davam etdiriləcək, "kölgə iqtisadiyyatı" ilə sistemli mübarizənin aparılması yenə də əsas prioritet olacaq. Vergi inzibatçılığının keyfiyyətinin artması şəraitində qarşıda duran fiskal öhdəliklər üzrə proqnozların icra edilməsi, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, risk əsaslı nəzarət sisteminin genişləndirilməsi, ortamüddətli perspektiv üçün vergi siyasəti üzrə hədəflərin həyata keçirilməsi əsas istiqamətlərdir.
Vergi xidmətinin insan resursları müvafiq rəqəmsal alətlərə malik olmaldır ki, vergi ödəyicilərinin fəaliyyətini nəzarətdə saxlamaq, vergidənyayınma hallarının qarşısını almaq mümkün olsun. Bu baxımdan, vergi xidmətinin rəqəmsallaşma səviyyəsi və dərinliyi artırılacaq.
Beləliklə, vergi siyasətinin iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafında, böyüməsində və güclənməsində iştirakı artmaqda davam edir. Ekosistemin keyfiyyətinin yaxşılaşdırılması, sabit, şəffaf və rəqabətli olması vergi siyasəti vasitəsilə dəstəklənəcək. Bir sözlə, müasir vergi sistemi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi konsepsiyaya əsasən, təkcə iqtisadiyyatımızın maliyyə dayaqlarının möhkəmləndirilməsinə deyil, həm də ölkəmizdə sahibkarlığın inkişafı və tərəqqisinə xidmət edəcək.
–Ətraflı məlumata görə təşəkkür edirik.
–Sağ olun.
("Respublika" qəzeti)