Vergi Məcəlləsinə əsasən, qeyri-rezidentə avans ödənişi edilən zaman müvafiq qaydada ƏDV məbləği hesablanıb aidiyyəti üzrə köçürülməlidir. Əgər biz qeyri-rezidentə avans olaraq müəyyən məbləğ ödəyiriksə, həmin məbləğə görə ƏDV hesablanıb büdcəyə ödənilir. Bəs qeyri-rezidentə ödənilən avans hər hansı səbəbdən geri qayıtdıqda hesablanmış və büdcəyə ödənilmiş ƏDV-nin geri qayıtması necə icra edilməlidir?
Azərbaycanda çətinliyi olan şirkət və şəxslərə – VERGİNİ ÖDƏMƏK ÜÇÜN VAXT VERİLƏCƏK - YENİLİK
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.
ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.
ƏDV qeydiyyatında olan vergi ödəyicisi qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ona ödənilməli olan məbləğə hesablanmış ƏDV-ni dövlət büdcəsinə ödədiyi halda Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq əvəzləşdirmək hüququna malik olur.
Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.
Xidmətdən o da bildirilib ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır.
Buna əsasən, qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV həmin xidmətlərin dəyərinin qeyri-rezidentə ödənildiyi günün məzənnəsinə uyğun hesablanır və ödənişin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilir.
Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən, mal göndərən, iş görən, xidmət göstərən vergi ödəyicisinin vergiyə cəlb edilən əməliyyatları üçün dövriyyənin dəqiqləşdirilməsi aşağıdakı hallarda tətbiq edilir:
- əməliyyat ləğv olunduqda (tam, yaxud qismən);
- mal geri qaytarılarsa (tam, yaxud qismən);
- aparılan əməliyyatların xarakterində dəyişikliklər olduqda;
- müəyyən hallar üçün (məsələn, qiymətin enməsi) razılaşdırılan kompensasiya dəyişərsə;
- elektron qaimə-fakturanı təqdim etmiş vergi ödəyicisində sonradan dövriyyənin dəqiqləşdirilməsinə əsas yaradan hallar olduqda və həmin dəqiqləşdirmə qanun əsasında aparıldıqda.
Vergi Məcəlləsinin 163.2.2-ci maddəsinə əsasən, ƏDV bəyannaməsində verginin məbləği düzgün göstərilməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.
Ətraflı məlumat əldə etmək üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 163, 169 və 175-ci maddələri.