Rezident hüquqi şəxs (icraçı) Azərbaycan Respublikası ərazisində konsertlərin təşkili ilə məşğul olur. İfaçılar əsasən xarici ölkələrdən dəvət edilən müğənnilərdir (qeyri-rezident fiziki şəxslər). Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, müğənninin əldə etdiyi gəlirlərin mənbəyi (ödənilən qonorar) Azərbaycan Respublikası olduğu üçün 10% dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Bilmək istəyirəm ki, Vergi Məcəlləsinin 168.1.5 və 169.2-ci maddələri qeyri-rezident fiziki şəxsə ödəniş zamanı tətbiq edilməlidirmi?
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinə əsasən, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəliri ödəmə mənbəyində xərclər çıxılmadan Vergi Məcəlləsinin 125-ci maddəsi ilə müəyyən edilmiş dərəcələrlə vergiyə cəlb edilir. Bunlarla yanaşı, Azərbaycan Respublikası ərazisində malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyekti hesab edilir.
Əlavə olaraq bildiririk ki, ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 168-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən, xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə, ƏDV məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.
Buna əsasən, sorğuda qeyd olunan qeyri-rezident fiziki şəxsin göstərdiyi xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.
Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri