Məlum olduğu kimi, 2026-cı il yanvarın 1-dən özəl sektorda çalışan muzdlu işçilərin əməkhaqqına gəlir vergisi hesablanır.
İllik 400 000 manat dövriyyə ilə də sadələşdirilmiş vergi ödəyicisi - OLMAQ MÜMKÜNDÜR - İZAHAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova yeni qayda üzrə vergi və sosial ödənişlərin hesablanması şərtlərini açıqlayıb.
2026-cı il və qarşıdakı illərdə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən aşağıdakı dərəcələrlə vergi tutulacaq:
- 2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək – 2.500 manatadək aylıq gəlirdən 3 faiz, 2.500 manatdan 8.000 manatadək olan aylıq gəlirdən 75 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8.000 manatdan çox olduqda 625 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi;
- 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək - 2.500 manatadək aylıq gəlirdən 5 faiz, 2.500 manatdan 8.000 manatadək olan aylıq gəlirdən 125 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8.000 manatdan çox olduqda 675 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi;
- 2028-ci il yanvarın 1-dən – 2.500 manatadək aylıq gəlirdən 7 faiz, 2.500 manatdan 8.000 manatadək olan aylıq gəlirdən 175 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8.000 manatdan çox olduqda 725 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə cəlb ediləcək.
Qeyd edək ki, Vergi Məcəlləsinin 102.1-1-ci, 102.2-ci, 102.3-cü, 102.4-cü və 102.5-ci maddələrinə əsasən, muzdlu işçilərə gəlir vergisindən azadolmalar və güzəştlər tətbiq edilir:
- Şəhid statusu almış şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.
- Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:
• Azərbaycanın Milli Qəhrəmanlarının;
• Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;
• Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının;
• 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
• Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
• Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində xəstəlik keçirmiş şəxslərin.
- Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), əlilliyi olan uşaqların, daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
- Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:
• Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
• Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;
• Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər.
- Qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
2026-cı il üçün gəlir vergisini nümunələr üzərində hesablayaq. DSMF ayırmalarına tutulan hissə dəyişməzsə, vergidən tutulmalar aşağıdakı kimi olacaq:
Misal 1: İşçi əsas iş yerində özəl sektorda çalışır. Aylıq vəzifə maaşı 1.500 manatdır və heç bir vergi güzəşt yoxdur. Bu halda onun əməkhaqqından tutulmalar aşağıdakı kimi olacaq:
Gəlir vergisi (1.500 - 200) x 3% = 39 manat;
Məcburi dövlət sosial sığorta haqqı: 6 + (1.500 - 200) x 10% = 136 manat;
İcbari tibbi sığorta haqqı: 1.500 x 2% = 30 manat;
İşsizlikdən sığorta haqqı: 1.500 x 0.5% = 7.5 manat;
Net əməkhaqqı məbləği: 1.500 – 39 – 136 – 30 - 7.5 = 1.287,5 manat.
Misal 2: İşçi özəl sektorda çalışır, aylıq vəzifə maaşı 3.000 manatdır. Əsas iş yerində çalışan işçinin müharibə ilə əlaqədar əlilliyi var. Ona görə də onun əməkhaqqı 400 manat azaldılaraq vergiyə cəlb ediləcək. Bu halda onun əməkhaqqından tutulmalar aşağıdakı kimi olacaq:
Gəlir vergisi: 75 + (3.000 – 2.500 - 400) x 10% = 75 + 10 = 85 manat;
Məcburi dövlət sosial sığorta haqqı: 6 + (3.000 - 200) x 10% = 286 manat;
İcbari tibbi sığorta haqqı: (2.500 x 2%) + (3.000 – 2.500) x 0.5% = 50 + 2.5 = 52.5 manat;
İşsizlikdən sığorta haqqı: 3.000 x 0.5% = 15 manat;
Net əməkhaqqı məbləği: 3.000 - 85 - 286 - 52.5 - 15 = 2.561,5 manat.
Misal 3: Özəl sektorda çalışan işçinin aylıq vəzifə maaşı 8.500 manatdır. İşçinin əsas iş yeridir, məcburi köçkündür, müharibə veteranıdır və himayəsində 3 uşaq var. Bu halda güzəştlərdən ən böyüyü - müharibə veteranlığına görə 400 manat və himayəsində 3 uşaq olduğu üçün 50 manat nəzərə alınacaq:
Gəlir vergisi: 625 + (8.500 – 8.000 – 400 - 50) x 14% = 632 manat;
Məcburi dövlət sosial sığorta haqqı: 6 + (8.500 - 200) x 10% = 836 manat;
İcbari tibbi sığorta haqqı: (2.500 x 2%) + (8.500 - 2.500) x 0.5% = 50 + 30 = 80 manat;
İşsizlikdən sığorta haqqı: 8.500 x 0.5% = 42.5 manat;
Net əməkhaqqı məbləği: 8.500 – 632 – 836 - 80 - 42.5 = 6.909,5 manat. (vergiler.az)










