Beynəlxalq şirkətlərdən satış məqsədilə onlayn sifariş edən fiziki şəxslərin hansı vergi öhdəlikləri yaranır?
Fərdi sahibkar hansı halda sadələşdirilmiş vergi metodunu - TƏTBİQ EDƏ BİLƏR?
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
Uçota alınma “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergiödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda, əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Həmçinin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğu halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200 min manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla 75 faiz vergi güzəşti əldə edə bilər.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 102-ci və 220-ci maddələri.