FED.az xəbər verir ki, "Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə baş mütəxəssisi Zəhra Yusifova kompüter təmiri ilə məşğul olan şəxslərin vergi və sosial öhdəliklərinə aydınlıq gətirir.
Haqqında bəhs edəcəyimiz fəaliyyət növü – kompüter təmiri ilə məşğul olan şəxslər üzrə vergi və sosial öhdəlikləri müəyyən edərkən öncə bu fəaliyyət növünün əsas mahiyyəti və hansı gəlir növünə aid olmasını aydınlaşdıraq. Fəaliyyət növünün öhdəliklərini müəyyən etmək üçün onun sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətinə aid edildiyini müəyyənləşdirmək vacibdir.
Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Bu maddədən göründüyü kimi, qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir.
Hər hansı bir gəlirin vergi və sosial öhdəliklərinin müəyyən edilməsi zamanı onun hansı gəlir növünə aid olmasını aydınlaşdırmaq əsas şərtdir. Əks təqdirdə, müvafiq öhdəliklərin yanlış qiymətləndirilməsi nəticəsində sahibkarın maliyyə itkilərinə məruz qalması istisna edilmir. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən, malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar daxilolmalar gəlir hesab edilir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.
Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Bununla yanaşı, Vergi Məcəlləsində gəlirin növləri aşağıdakı kimi müəyyən edilib:
1. Muzdlu işlə əlaqədar əldə edilən gəlir;
2. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
3. Vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa, digər bütün gəlirlər.
Vergi Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.
Kompüter təmiri ilə məşğul olan fiziki şəxslərin həmin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən konkret olaraq dövlət büdcəsinə nə qədər vergi və sosial ödənişlər ödəməli olduğunu müəyyənləşdirək. Vergi Məcəlləsinə əsasən, sahibkarın ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödənilməlidir. Gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir, əks halda xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Fəaliyyət növləri üzrə yuxarıda qeyd edilənləri və Vergi Məcəlləsinin digər maddələrini nəzərə aldıqda məlum olur ki, hər bir sahibkar öz gəlirini müəyyən etdikdən sonra həmin gəlirdən icazə verilən xərcləri çıxır və bu Məcəllə ilə müəyyən edilmiş güzəşt və azadolmaları nəzərə almaqla aid olduğu vergi dərəcəsini tətbiq edərək, büdcə qarşısında öhdəliyinin təsbit edilməsinə nail olur. Kompüter təmiri fəaliyyəti üzrə vergi dərəcəsi (çıxılmasına icazə verilən xərclər çıxıldıqdan sonra) 20% olaraq müəyyən edilib.
İndi isə “Sosial sığorta haqqında” Qanuna əsasən, qeyd edilən fəaliyyət növünün sosial ödənişlərinin hansı meyarlara uyğun hesablanması məsələsinə baxaq. İlk öncə qeyd edək ki, burada müəyyən edilməli ilk vacib nüans bu fəaliyyət növü ilə məşğul olan şəxsin hansı ərazidə fəaliyyət göstərdiyi, həmin il üzrə minimum əməkhaqqı və fərdi, yaxud işçilər cəlb etməklə bu sahibkarlıqla məşğul olmasıdır. Bu halın aydınlaşdırılması ona görə vacibdir ki, büdcə qarşısında həm ödəmə mənbəyində tutulmalı olan vergi öhdəliklərinin, həm də məcburi dövlət sosial sığorta (MDSS) haqlarının dəqiq hesablanmasına nail olunsun. Qeyd edək ki, MDSS öhdəliklərinin hesablanması həm işçiyə, həm də sahibkarın özünə görə müəyyən edilmiş hesablama qaydası və əmsallarla müəyyən edilir. “Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar (sahibkarın özü) üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
• bu Qanunun 14.5.7-ci maddəsi istisna olmaqla, sahibkarlıq fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:
- Bakı şəhərində 100 faizi;
- Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
- digər şəhərlərdə 80 faizi;
- rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
- kənd yerlərində 50 faizi həcmində.
(Vergiler.az)