Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə olan məlumatına əsasən, tikinti işlərinin illik dəyəri 10.59 milyard manatdır ki, bunun da 4.97 milyard manatı bina tikintisinə aiddir. Həmçinin, ölkə üzrə əsas kapitala yönəldilmiş cəmi investisiyalar üzrə (2022-ci ildə cəmi 17.88 milyard manat) nəqliyyat sektorunda 4.61 milyard manat, xam neft və təbii qaz hasilatı sektorunda – 4.52 milyard manatdan sonra 3.52 milyard manatla tikinti sektoru gəlir.
Bu ildən mikro sahibkarlara 517 manata qədər - Vergi Güzəşti Verilir
FED.az xəbər verir ki, Consulting Group MMC-nin direktor-auditoru Elçin Əkbərov iqtisadiyyatımızda bu qədər əhəmiyyətli yer tutan sektorda barter əməliyyatları, bazar qiyməti və vergi öhdəliklərini izah edir.
İnşaat sektorunda barter əməliyyatlarına tez-tez rast gəlinir və bu, aşağıdakı tərəflər arasında baş verə bilir:
1. Tikinti şirkəti və onun podratçısı;
2. Tikinti şirkəti və torpaq sahibi;
3. Torpaq sahibi olan tikinti şirkəti ilə digər (adətən qonşu) torpaq sahibi arasında.
4. Burada nəzərdə tutulmayan başqa hallar da ola bilər.
Tikinti şirkəti və onun podratçısı ilə olan münasibətlərə nəzər salaq.
Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
Beləliklə, barter edərək mənzil və ya qeyri-yaşayış sahəsi təqdim edən tikinti şirkətinin gəliri hesablanarkən barter edərək təqdim etdiyi sahələr də nəzərə alınır.
Eyni zamanda, barter edərək mənzil və ya qeyri-yaşayış sahəsi əldə edən digər tərəf - tikinti şirkətinin podratçısının xərcləri hesablanarkən (Vergi Məcəlləsinin 114.3.1-ci (amortizasiya), 198.2-ci (əmlak vergisi formasında) maddələri) barter edərək əldə etdiyi sahələr də nəzərə alınır.
Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat hesab olunur. Eyni zamanda, Məcəllənin 166.1-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə isə Vergi Məcəlləsinin 166.1.4-cü maddəsinə əsasən, natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxtda aparılmış sayılır.
Bazar qiymətinin tətbiqi
Vergi Məcəlləsinin 14.1.-ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Məcəllənin 14.4.-cü maddəsində göstərilib ki, bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir.
Vergi Məcəlləsinin 14.3.1-ci maddəsinə əsasən, barter, idxal-ixrac əməliyyatları aparıldıqda bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Həmçinin, Məcəllənin 67.13-cü maddəsində qeyd olunur ki, verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılıbdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.
Misal 1: Barter əməliyyatı sahəsi 200 kv.m. olan mənzilin 1 kv.m.-i üçün 1.500 manat nəzərə alınmaqla aparılıb. Halbuki həmin ərazidə 1 kv.m. tikinti üçün minimal qiymət 2.500 manatdır. Deməli, bazar qiyməti nəzərə alınmaqla əmlak dəyərləndirilsə, hər kv.m. üçün 1.000 manat və beləliklə, cəmi 200.000 manat əlavə qiymət formalaşacaq ki, vergilər də həmin əlavəni də nəzərə almaqla hesablanmalıdır.
Vergi Məcəlləsinin 14.3.3.-cü maddəsinə əsasən, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər.
Misal 2: MTK 1 kv.m.-nin bazar qiyməti 2.500 manata olan mənzili 10 yanvarda 1 kv.m.-ni 2.000 manata, 23 yanvarda isə 1 kv.m.-ni 1.500 manata satıb. Məcəllənin 14.3.3-cü maddəsinə əsasən, tikinti fəaliyyəti sahəsində fərq limiti 20% olduğuna görə (2,000 x 20% = 400 manat, yəni 1.600 – 2.400 manat intervalında olsa 14.3.3-cü maddənin tələblərinə əsasən bazar qiyməti tətbiq olunmur), icazə verilən interval xaricindədir və deməli, bazar qiyməti olan 2.500 manat əsas götürülməklə vergilər hesablanmalıdır.
Hər iki misalda hesablamalar aşağıdakı kimi olacaq:
Tikinti şirkəti üçün artan mənfəət vergisi öhdəliyi – 200000 x 20% = 40000 manat;
Tikinti şirkəti üçün artan ƏDV öhdəliyi – 200000 x 18% = 36000 manat.
Digər tərəf - tikinti şirkətinin podratçısı üçün amortizasiya üzrə artan xərc – 200000 x 7% = 14000 manat, yəni azalan vergi öhdəliyi 14,000 x 20% = 2,800 manat.
Digər tərəf - tikinti şirkətinin podratçısı üçün əmlak vergisi üzrə artan xərc – 200000 x 1% = 2000 manat, yəni azalan vergi öhdəliyi 2000 x 20% = 400 manat.