Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində bir sıra mühüm dəyişiliklər edilib. Məcəllədə aksiz marka və dərəcələrinə də geniş yer verilib.
Eləcə də bax: Azərbaycanın Vergi Məcəlləsinə - Dəyişikliklər Ediləcək
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin bununla bağlı açıqlamasından məlum olur ki, hökumət vergiləin artırılması üçün ideal sahəni müəyyənləşdirib. Tütün və siqaret məhsulları ümumiyyətlə sağlamlığa zərərdir, ona görə də bu sahədən əldə edilən gəlirlərin bir hissəsi bilavasitə sağlımlıq tədbirlərinə yönəldilir. Üstəlik bu sahəyə aid nisbətən yeni məhsulların bazarının yeni formalaşdığını nəzərə alanda bu artımlar hələlik bazarın böyüməsinə mənfi təsir etməyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva dəyişikliklərlə bağlı bildirib ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələri mərhələli şəkildə artırılır. Beynəlxalq təcrübədə də aksizli mallara tətbiq edilən aksiz vergisinin bir qismi məhz əhalinin sağlamlığının qorunması məqsədlərinə yönəldilir. Ölkəmizdə də məqsəd eynidir və bu artımın iqtisadi təsirləri nəzərə alınır.
O bildirib ki, aksiz dərəcələrinin artırılmasının istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi diqqətdə saxlanılır.
Dəyişikliyə əsasən, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər aksizli malların siyahısına daxil edilmiş və hər kiloqramına 30 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib.
Rəis müavini bildirib ki, aksizli malların siyahısına daxil edilmiş digər bir məhsul qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarıdır ki, bu məhsulların da hər 1000 ədədinə 12,9 manat aksiz dərəcəsi müəyyən edilib.
Mövcud aksizli mallardan siqarilla (nazik siqarlar) üzrə aksiz dərəcəsi 1000 ədədinə 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üzrə aksiz dərəcəsi 1000 ədədinə 31 manatdan – 35 manata, elektron siqaretlər üçün maye üzrə aksiz dərəcəsi isə hər litrinə 20 manatdan 100 manata qaldırılıb.
S.Musayevanın sözlərinə görə, aksiz dərəcələrinin artımının bu bazarın inkişafına mənfi təsiri müşahidə olunmur. Ölkəmizdə aksizli mallar bazarı son illər daha çox ixracyönümlü xarakter almağa başlayıb.
Rəis müavini bildirib ki, vergi orqanları tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə olunur.
2020-ci ildə qeyri-neft sektoru üzrə aksiz daxilolmaları (397,2 milyon manat) 2017-ci ilin müvafiq göstəricisindən 18 dəfə (22,4 mln manat) çox olub.
S.Musayeva xatırladıb ki, insan sağlamlığına zərərli məhsullara aksiz dərəcələrinin artması daha çox sosial xarakter daşıyır və bu addım son illər müsbət nəticələrə yol açıb.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Azərbaycanda ümumiyyətlə tütün çəkmə son illər azalma tendensiyası ilə müşahidə olunur. Kişilər arasında siqaret çəkmənin dəqiq statistikasına gəldikdə isə demək olar ki, 20 yaşdan 44 yaşa qədər kişilərin 26 faizə qədəri siqaret çəkir.
«Bu baxımdan, qanunvericilik səviyyəsində tədbirlərin görülməsi effektiv nəticələr əldə etməyə imkan verir. Bu tendensiya dünya təcrübəsində də geniş tətbiq olunur: bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə sağlamlıq üçün zərərli sayılan məhsullara tətbiq edilən vergilər üzrə daxil olan vəsait, əsasən əhalinin sağlamlığının təmin olunması ilə bağlı səhiyyə proqramlarına yönəldilir. Aksiz vergilərindən gələn gəlirlərin piylənmə, şəkər və başqa xəstəliklərdən əziyyət çəkənlərin müalicəsinə cəlb edilməsi təcrübəsi Türkiyədə, ABŞ-da və əksər Avropa ölkələrində mövcuddur» - deyə o qeyd edib.