Vergi Məcəlləsinin 102.1.6-ci maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəliri 2.500 manatadək olduqda 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır. Bəzi işçilərin digər vergi güzəşti olduğu hallar da mövcuddur. Bu zaman gəliri 2.500 manatdan artıq olsa da güzəştin tətbiqindən sonra həmin məbləğ 2.500 manatdan az qalır. Bəs bu halda həmin şəxsə 200 manatlıq vergi güzəşti tətbiq edilirmi?
Fiziki şəxsin icarədən gəlirləri hansı formada vergiyə cəlb olunur?
FED.az xəbər verir ki, suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir:
Maddənin tələblərindən göründüyü kimi, Vergi Məcəlləsinin 102.1.6-ci maddəsi ilə tənzimlənən 200 manatlıq güzəşt yalnız əsas iş yeri üzrə çalışan və aylıq gəliri 2.500 manatadək olan şəxslərə şamil olunur. Maddənin tətbiqi ilə bağlı yarana biləcək iki fərqli məqama aydınlıq gətirək.
Birinci məqam ondan ibarətdir ki, işçinin aylıq gəlirindən hər hansı güzəşt məbləği çıxıldıqdan sonra alınan aylıq gəlirinin 2.500 manatdan aşağı olması mümkündür.
Misal 1: Neft-qaz sektorunda çalışan işçinin əməkhaqqı 2.600 manatdır. Müharibə veteranı olan işçinin Vergi Məcəlləsinin 102.2-ci maddəsinə görə 400 manat güzəşti mövcuddur. 400 manatlıq güzəşt tətbiq etdikdən sonra işçinin gəliri 2.200 manat qaldığı üçün bəzi vergi ödəyiciləri həmin işçiyə Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə görə 200 manat güzəşt tətbiq edirlər. Bu cür yanaşma doğru deyil, çünki 200 manatlıq güzəştlər aylıq gəlir 2.500 manatadək olduqda tətbiq edilir. İşçinin aylıq gəliri 2.500 manatdan çox olduğu üçün ona Vergi Məcəlləsinin 102.1.6-cı maddəsindəki güzəşt tətbiq edilə bilməz. Vergi ödəyicisi tərəfindən hesablanan gəlir verigisi 308 manat təşkil edəcək:
2600 – 400 = 2200 manat;
2200 x 14 % = 308 manat.
İkinci məqam isə işəgötürən tərəfindən öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verməsi halında Vergi Məcəlləsinin 102.1.6-ci maddəsinin tətbiqi məsələsidir.
Misal 2: İşçinin aylıq əməkhaqqı 1.800 manatdır, işəgötürənin qərarına əsasən, ona aprel ayında 1.200 manat məbləğində birdəfəlik müavinət ödənilib. Aprel ayı üzrə işçiyə gəlir vergisi hesablandıqda Vergi Məcəlləsinin 102.1.6-ci maddəsində nəzərdə tutulan 200 manatlıq güzəşt tətbiq edilməyəcək. Çünki işçinin aylıq gəliri 3.000 manat təşkil edir:
1.800 + 1200 = 3.000 manat.
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan 200 manat güzəşt isə işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda tətbiq edilməlidir. Beləliklə, işəgötürən tərəfindən hesablanan gəlir vergisi 252 manat təşkil edəcək:
3.000 – 1.200 = 1.800 manat;
1.800 x 14 % = 252 manat. (Vergilər.az)