“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2019-cu ildən etibarən 1033 xarici ticarət iştirakçısı müraciət edib. Bunlardan 262-nə ixrac əməliyyatları üzrə, 482-nə idxal əməliyyatları üzrə, ümumilikdə isə 744 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.
2021-ci ilin ilk 10 ayı ərzində “Yaşıl dəhliz”dən daimi istifadə edən təşkilatların idxalda payı 42,21 faiz, ixrac əməliyyatlarında isə 30,31 faiz təşkil edib. Eyni zamanda, kənd təsərrüfatı və yeyinti məhsullarında dəhliz üzrə idxal əməliyyatları 64,84 faiz, ixrac əməliyyatları 46,29 faiz təşkil edib.
FED.az biznes və maliyyə xəbərlari portalı xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
FED.az DGK sədri Səfər Mehdiyev Komitənin elektron xidmətlərlə bağlı planları, “Yaşıl dəhliz”dən istifadə ilə bağlı mövcud vəziyyət, pandemiya dövründə gömrük işinin təşkili və digər məsələlər barədə müsahibəsini təqdim edir.
- Dövlət Gömrük Komitəsi ötən illərdə olduğu kimi bu il də büdcə proqnozunu artıqlaması ilə yerinə yetirə biləcəkmi? Büdcə proqnozunu neçə faiz artıqlaması ilə yerinə yetirməyi planlayırsınız?
- Hər il “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət Gömrük Komitəsi üçün illik büdcə öhdəliyi müəyyən edilir. Komitə üçün 2021-ci ildə 3 milyard 900 milyon manat büdcə proqnozu müəyyənləşdirilib.
Cari ilin 10 ayı ərzində gömrük orqanlarının xətti ilə 3 milyard 185 milyon manat proqnoza qarşı 3 milyard 560,3 milyon manat olmaqla, 375,3 milyon manat artıq gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və 10 aylıq büdcə öhdəliyi 111,78 faiz yerinə yetirilib.
Məlum olduğu kimi, gömrük orqanları tərəfindən toplanaraq dövlət büdcəsinə köçürülən vergi və rüsumların məbləği ölkə ərazisinə xarici dövlətlərdən idxal olunan malların həcmindən bilavasitə asılıdır.
İdxal mallarının statistik göstəricilərinin təhlili göstərir ki, bu ilin 10 ayı ərzində idxal mallarının həcmində artımın müşahidə olunması ilə DGK üçün 2021-ci ildə qanunla müəyyən edilmiş illik 3 milyard 900 milyon manat büdcə öhdəliyinin təxminən 110-111 faiz yerinə yetirilməsi gözlənilir.
- Hazırda Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunda aparılan tikinti işləri nə yerdədir və işlərin nə zaman yekunlaşdırılması planlaşdırılır?
- Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin ötən ilin aprel ayında imzaladığı Sərəncama əsasən aparılır. “Xanoba” gömrük postunda kompleks tikinti-quraşdırma işləri hazırda davam edir. Əsas obyektlər üzrə tikinti işləri 60-90 faiz icra edilib.
İnşaat işləri başa çatdıqdan sonra gömrük postunun buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur. Bundan başqa, "Xanoba" gömrük postu “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.
- 2019-cu ildən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemindən indiyədək nə qədər yerli və xarici sahibkarlar yararlanıb?
- “Yaşıl dəhliz” buraxılış sistemi idxal-ixrac əməliyyatlarında qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi yolu ilə ölkənin ixrac potensialının gücləndirilməsi, Ümumdünya Gömrük Təşkilatının tövsiyələrinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətinin formalaşdırılması, risk qiymətləndirilməsi əsasında gömrük nəzarəti formalarının tətbiqi, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin daha çevik, şəffaf həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipləri əsasında qurmaqla beynəlxalq ticarətin asanlaşdırılması məqsədilə tətbiq edilib.
“Yaşıl dəhliz” buraxılış sisteminin fəlsəfəsi Ümumdünya Gömrük Təşkilatının Çərçivə Standartlarına uyğun olaraq işlənilib və dünya təcrübəsində geniş tətbiq edilən etibarlı tərəfdaş proqramlarına aiddir. Bu layihənin tətbiqi ölkəmizdə xarici ticarət fəaliyyəti sahəsində inqilabi dönüş olub və gömrük orqanları ilə tərəfdaş olan, öz biznes prosesində ölkə qanunvericiliyini rəhbər tutan şəxslərə münasibətdə gömrük prosedurlarının və gömrük işi sahəsində müxtəlif əməliyyatların sadələşdirilməsini ehtiva edir.
Prezident İlham Əliyevin 2018-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nda “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəçilərinə bir çox üstünlüklər verilir. Bu da biznes mühitinin inkişafı ilə yanaşı, gömrük işinin aparılmasının sadələşdirilməsinə, sərhəd-keçid məntəqələrinin və gömrük rəsmiləşdirilməsi mərkəzlərinin yüklülüyünün azaldılmasına səbəb olur.
Bu üstünlüklərə malların və nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidinin təmin edilməsi, gömrük-sərhəd buraxılış məntəqələrində, ticarətin asanlaşdırılması mərkəzlərində və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün müəyyən edilmiş digər yerlərdə gömrük orqanlarının göstərdikləri xidmətlərin prioritet qaydada yerinə yetirilməsi, gömrük auditinin tətbiqi ilə fiziki gömrük yoxlamalarının minimuma endirilməsi, malların gömrük ekspertizasının aparılması xidmətlərinin prioritet qaydada həyata keçirilməsi, gömrük orqanlarının razılığı əsasında gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsinin gömrük orqanlarının əməkdaşları tərəfindən iş yerindən kənarda və iş vaxtından kənar saatlarda aparılması aiddir.
“Yaşıl dəhliz” buraxılış sistemində daimi istifadəçi statusunu əldə edən biznes subyektləri idxal-ixrac əməliyyatları zamanı xüsusi üstünlüklərə də malikdirlər. Belə biznes subyektləri ölkə ərazisinə idxal olunan malları birbaşa anbarlarına apara, gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrini (plombları və sair) müstəqil qaydada çıxarıb mallarını boşalda bilərlər.
Eyni zamanda, ixrac etdikləri malların daşındığı nəqliyyat vasitələrinə gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrini (plomblar, möhürlər, ştamplar və sair) müstəqil qaydada tətbiq edərək gömrük orqanına getmədən, ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə, malları bəyan etdiyi gömrük-sərhəd buraxılış məntəqəsinə birbaşa göndərirlər.
Göründüyü kimi “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş şəxslər onların biznes mühitini genişləndirməyə imkan verən mühüm üstünlüklərə malikdir və gömrük nəzarətinin sadələşdirilmiş formalarından yararlanırlar.
“Yaşıl dəhliz” buraxılış sistemində daimi istifadəçi statusunu əldə etmiş xarici ticarət iştirakçıları verilən təkcə bir üstünlükdən yararlanaraq, yük nəqliyyat vasitələrinin terminallara deyil, birbaşa öz anbarlarına göndərilməsi nəticəsində vaxta sərfiyyatlarını aradan qaldırmaqla yanaşı, külli miqdarda vəsaitə də qənaət ediblər. Onlar tərəfindən bu sahədə elektron xidmətlərin istifadəsi nəticəsində məmur-vətəndaş təması minimuma endirilərək yüklərin boşaldılması səlahiyyəti bilavasitə şəxslərin özlərinə verilib. Əlbəttə, göstərilən sadələşdirilmələrin arxa planında ilk öncə peşəkar gömrük əməkdaşları, gömrük sisteminin Vahid Avtomatlaşdırılmış İnformasiya Sistemi, risklərin idarə edilməsinə əsaslanan müasir gömrük nəzarəti metodları dayanır. Dövlət Gömrük Komitəsi tərəfindən müxtəlif istiqamətlərdə qəbul edilmiş Fəaliyyət Planları və Yol Xəritələri əsasında, həmçinin “Yaşıl dəhliz” istifadəçiləri arasında keçirilmiş sorğular nəticəsində “Yaşıl dəhliz” buraxılış sistemi daim təkmilləşdirilir və sistemdən istifadə daha da sadələşdirilir.
“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2019-cu ildən etibarən 1033 xarici ticarət iştirakçısı müraciət edib. Bunlardan 262 xarici ticarət iştirakçısına ixrac əməliyyatları üzrə, 482 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə isə 744 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.
- Bəs cari ildə idxal-ixrac əməliyyatlarında bu sistemdən istifadə hüququ əldə edən sahibkarların payı nə qədərdir?
- 2021-ci ilin ilk 10 ayı ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə edən xarici ticarət iştirakçılarının xarici ticarət dövriyyəsində idxal əməliyyatları üzrə payı 42,21 faiz, ixrac əməliyyatları üzrə isə 30,31 faiz təşkil edib. Eyni zamanda, kənd təsərrüfatı və yeyinti məhsullarında idxal əməliyyatları 64,84 faiz, ixrac əməliyyatları 46,29 faiz təşkil edib.
- Dövlət Gömrük Komitəsi bir sıra elektron xidmətlər istifadəyə verib. Bu xidmətlərdən istifadə göstəriciləri sizi qane edirmi? Gələcəkdə daha hansı elektron xidmətlərin yaradılması nəzərdə tutulur?
- DGK sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi, gömrük işinin təkmilləşdirilməsi məqsədilə gömrük infrastrukturunun və əsasən Komitənin mövcud informasiya sistemlərinin inkişaf etdirilməsi sahəsində mütəmadi olaraq işlər görür.
Komitə tərəfindən yeni informasiya texnologiyalarına əsaslanan yeni elektron xidmətlər hazırlanır və vətəndaşların istifadəsinə təqdim olunur. “e.customs.gov.az” portalı, “Smart Customs” mobil tətbiqi və Ticarət Statistikası Portalı da gömrük orqanları tərəfindən hazırlanan növbəti elektron xidmət layihələridir.
Bu ildən vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə elektron gömrük xidmətlərinin vahid sistemdə cəmləndiyi “e.customs.gov.az” portalı istifadəyə verilib. Hazırda portal üzərindən vətəndaşlar, təşkilatlar və xarici iqtisadi fəaliyyət iştirakçılarına 11 elektron xidmət təqdim edilir. “e.customs.gov.az” portalı ilə paralel olaraq “Smart Customs” mobil tətbiqi istifadəyə verilib. Tam olaraq istifadəyə verilən 11 xidmətdən 4-ü mobil tətbiqə inteqrasiya olunub. Ümumilikdə mobil tətbiqdə 5 elektron xidmətin istifadəsi təmin edilib.
Komitə tərəfindən bu il istifadəyə verilən xidmətlərdən biri də Ticarət Statistikası Portalıdır (stats.customs.gov.az). Ticarət Statistikası Portalını yaratmaqda əsas məqsəd gömrük-biznes əlaqələrinin daha da inkişaf etdirilməsi, maraqlı tərəflərə Azərbaycanın ticarət dövriyyəsini vizual olaraq sadə və maraqlı şəkildə təqdim etməkdir. Bu portal vahid məkanda statistik məlumat əldə etmək imkanı verir. Eyni zamanda, portalda xarici iqtisadi fəaliyyətin mal nomenklaturası elektron xidməti yaradılıb. Sözügedən elektron xidmətdə mal mövqeyinə uyğun axtarış etdikdə, idxal və ixrac əməliyyatlarına dair xüsusi icazə tələb olunan mallar, eləcə də xüsusi icazə sənədləri verən qurumlar haqqında məlumatlar öz əksini tapır. Ümumiyyətlə, bu ilin 10 ayı ərzində DGK-nın təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayı 8 milyon 897 mindən çox olub.
2021-ci ilin 10 ayı ərzində təkcə “e.customs.gov.az” portalı və “Smart Customs” mobil tətbiqi üzərindən 4 milyon 658 min ədəd Elektron Ticarət Bəyannaməsi gömrük orqanlarına təqdim edilib.
Cari ilin ilk 10 ayı ərzində “e.customs.gov.az” portalında və “Smart Customs” mobil tətbiqində qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 275 min 243 nəfərdir.
Mobil tətbiqdən istifadə edənlərin sayı isə 229 min nəfərə yaxındır. Onlardan 138 min nəfəri “Android”, 91 min nəfəri isə “iOS” platformasının istifadəçiləridir.
Müasir platformaların imkanlarından istifadə edərək innovativ həllərin tətbiqi Dövlət Gömrük Komitəsi üçün daim əsas prioritet istiqamətlərdir. DGK gələcəkdə də biznes-gömrük əlaqələrinin tam elektronlaşdırılması, xarici ticarət iştirakçıları üçün yeni imkanların yaradılması istiqamətində fəaliyyətini davam etdirəcək. Onu da bildirim ki, Komitə tərəfindən xarici ticarət iştirakçıları üçün “e.customs.gov.az” portalı vasitəsilə təqdim ediləcək elektron xidmətlərin sayının 30-a çatdırılması nəzərdə tutulub. Xarici ticarət iştirakçıları “e.customs.gov.az” portalında “Şəxsi kabinet”lərinə daxil olmaqla təqdim edilən elektron xidmətlərdən istifadə edə biləcəklər.
Bu xidmətlərin mərhələli şəkildə “Smart Customs” mobil tətbiqinə inteqrasiyası da nəzərdə tutulub. Yaxın günlərdə “Smart Customs” mobil tətbiqinin vizual və texniki baxımdan təkmilləşdirilmiş versiyasının ictimaiyyətə təqdim olunması planlaşdırılır. Yeni versiyaya bir çox funksionallıqlar əlavə olunub. Xarici ticarət iştirakçıları “e.customs.gov.az” portalındakı bilidirişləri artıq “Smart Customs” mobil tətbiqi vasitəsilə də izləyə biləcəklər.
Nəzərdə tutulan elektron xidmətlərdən biri də sərnişinlər üçün sadələşdirilmiş bəyannamədir. Sadələşdirilmiş bəyannamə daha geniş və əhatəlidir. Sadələşdirilmiş bəyannamənin “Smart Customs” mobil tətbiqində aktivləşdirilməsi sahəsində işlər aparılır və növbəti ildən tətbiq edilməsi nəzərdə tutulur.
- Pandemiya dövründə Dövlət Gömrük Komitəsinin iş prinsipində hansı yeniliklər tətbiq olundu?
- Ümumiyyətlə, koronavirus pandemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə DGK tərəfindən müvafiq işlər, o cümlədən lazımi sanitar-profilaktik və dezinfeksiya tədbirləri gücləndirilmiş rejimdə davam etdirilir.
Komitə tərəfindən pandemiya zamanı bir sıra tədbirlər görülüb. Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, o cümlədən qabaqlayıcı profilaktik tədbirlərin görülməsi məqsədilə ölkənin bütün gömrük-sərhəd buraxılış məntəqələrində gücləndirilmiş iş rejiminə keçməklə bağlı Komitənin 2020-ci il 29 yanvar tarixli Sərəncamı ilə müvafiq qaydada göstəriş verilib.
Bundan başqa, DGK-nın 2020-ci il 26 fevral tarixli Sərəncamı ilə DGK Tibbi Xidmət İdarəsinin tərkibində Sanitar-Karantin Xidmətinin yaradılması təsdiq olunub. Pandemiya ilə bağlı yaranan sualların cavablandırılması məqsədilə fasiləsiz iş rejimində Dövlət Gömrük Komitəsinin Çağrı mərkəzində “Qaynar xətt”in fəaliyyəti təşkil edilib.
İş ahənginin qorunması və dayanıqlı fəaliyyətin təmin edilməsi şərtilə, idarəetmənin telefon, mobil və internet rabitəsi vasitəsilə həyata keçirilməsi təmin olunub.
Hazırda koronavirus xəstəliyinin xarici ölkələrdən yayılması riskini azaltmaq məqsədilə Azərbaycan Respublikası ərazisinə daxil olan nəqliyyat vasitələrinin dezinfeksiya edilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilir. Sərnişinlər üzərində beynəlxalq təcrübədə geniş şəkildə tətbiq edilən effektiv nəzarət tədbirlərinin görülməsi məqsədilə ölkənin bütün gömrük-sərhəd buraxılış məntəqələri məsafədən hərarəti müəyyən edən stasionar və portativ tipli “FLIR” və “Hikvision” markalı termovizor cihazları, həmçinin elektron və civə termometrləri ilə təchiz edilib. Ölkə ərazisinə hava nəqliyyatı vasitəsilə gələn sərnişinlərin, “Piyada keçid xətləri”, həmçinin “İdxal nəzarət talvarları” vasitəsilə daxil olan yük və minik nəqliyyat vasitələrinin sürücüləri və onlarla daşınan sərnişinlərin sözügedən avadanlıqlar vasitəsilə bədən hərarətinin ölçülməsi həyata keçirilir.
Gömrük-sərhəd buraxılış məntəqələrində hərarəti yüksək olan şəxs müəyyən edildikdə, həmin şəxs dərhal xüsusi ayrılmış otaqda müvəqqəti təcrid olunur və növbətçi həkimlər tərəfindən müvafiq qaydada müayinə edilir. Xəstəliyə yoluxmaya şübhəli bilinən şəxslər barədə müvafiq məlumatlar dərhal Səhiyyə Nazirliyinin Sanitar-Karantin Müfəttişliyinə, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə ötürülür və həmin şəxslər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən xüsusiləşdirilmiş tibb müəssisəsinə (və ya sahəyə) təxliyə edilənədək izolyatorda saxlanılır.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin sürücüləri sərhəd-buraxılış məntəqələrindən Azərbaycan Respublikasının ərazisinə daxil olduqları vaxt Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən laborator müayinəsinə cəlb olunur və müayinənin nəticəsi əldə olunanadək yaşadıqları və ya olduqları yerdə sanitariya qaydalarına riayət etməklə karantin nəzarətinə götürülürlər.
Bütün bunlarla yanaşı, koronavirus infeksiyasının müalicəsi üçün nəzərdə tutulan malların gömrük-sərhəd buraxılış məntəqələrindən prioritet qaydada keçidi təmin olunur, ölkə ərazisindən həyata keçirilən beynəlxalq yük daşımalarına, o cümlədən idxal və tranzit əməliyyatlarında məhdudiyyət tədbirləri müəyyən edilmir.