İki yerdə işləyən (hər iki iş yeri dövlət sektoru) işçi üçün gəlir vergisi necə hesablanır?
Minimum əmək haqqı artdı, bəs sahibkarların DSMF ödənişləri nə qədər artacaq? - İZAHAT, HESABLAMA, MƏBLƏĞLƏR
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, hansı meyara aid olmasından asılı olmayaraq, əsas və əlavə iş yeri üzrə gəlir vergisi hər bir iş yeri üzrə ayrıca nəzərə alınmalıdır. Belə ki, dövlət və ya neft sektoru üzrə fəaliyyət göstərən müəssisədə çalışan işçilərin əməkhaqqı 2.500 manatadək olduqda 14 faiz, 2.500 manatdan çox olduqda isə artıq olan məbləğin 25 faizi gəlir vergisi kimi tutulur.
Bununla yanaşı, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim olunduğu andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir.
Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda, vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”