2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində dəyişikliklərə əsasən, vergi ödəyicilərinin vəzifələrinə bəzi əlavələr edilib.
"Vergi Xidməti bütün fiskal yığımların 77 faizindən çoxunu təmin edən orqandır"
FED.az xəbər verir ki, yeniliyi iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Vergi ödəyicilərinin vəzifələrinə aşağıdakı məzmunda üç əlavə edilib:
- Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə - idarəediciləri) tərəfindən əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmaq (Maddə 16.1.11-15.);
- Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda daşınmaz əmlak həmin əmlakın mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə - idarəediciləri) tərəfindən, habelə əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatı (arayışı) əks etdirmək (yerləşdirmək) (Maddə16.1.11-16.);
- Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə - idarəediciləri) tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatı elektron formada hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına taqdim etmək (Maddə 16.1.11-17)
Vergi Məcəlləsində vergi ödəyicisinin vəzifəsinə əlavə edilən bəndlərlə bağlı mühüm məqamları qeyd etməzdən öncə əlavələrin məqsədini diqqətə çatdıraq. Vergi ödəyicisi nəzarət-kassa aparatı və POS-terminal quraşdırılması üçün, ilk növbədə, fəaliyyət göstərdiyi obyekti vergi orqanında qeydiyyata salmalıdır. Təəssüf ki, bəzi vergi ödəyiciləri fəaliyyət göstərdiyi obyekti vergi orqanında qeydiyyata salmaqda maraqlı olmur. Bu səbəbdən də Vergi Məcəlləsində edilmiş son dəyişikliklə bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə - idarəediciləri) üzərinə vəzifələr qoyuldu ki, həmin vergi ödəyicilərinin obyektlərinin vergi orqanında qeydiyyata alınmasını tələb etsinlər. Qeyd edək ki, oxşar təcrübə Rusiya Federasiyası və Gürcüstanda da mövcuddur.
Mühüm məqamlara gəlincə, birincisi, Vergi Məcəlləsinə əlavə edilmiş hər üç bənd 9 aydan sonra, yəni 1 oktyabr 2025-ci ildən qüvvǝyǝ minəcək. Bu barədə Vergi Məcəlləsindəki dəyişikliklərlə bağlı Qanunun 3-cü maddəsində qeyd edilib. Həmçinin, həmin Qanunun 2-ci maddəsi olan keçid müddəasında yazılıb ki, kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə - idarəediciləri) tərəfindən bu Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində vergi orqanında uçota alınmamış təsərrüfat subyektinin (obyektinin) uçota alınması və həmin təsərrüfat subyektini (obyektini) icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması təmin edilməlidir.
Misal: Ticarət mərkəzinin idarəçiləri həmin mərkəzdə təsərrüfat mallarının satışını həyata keçirən vergi ödəyicisinin obyekt kodu alınmasını 1 mart 2026-ci il tarixə kimi təmin etməlidir. Çünki bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə - idarəediciləri) tərəfindən müvafiq Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində vergi orqanında uçota alınmamış təsərrüfat subyektinin (obyektinin) uçota alınması və həmin təsərrüfat subyektini (obyektini) icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması təmin edilməlidir.
İkinci məqam: Maddədə bazar dedikdə, ticarət mərkəzləri ilə yanaşı, "Moll"lar da nəzərdə tutulur.
Üçüncü məqam: Vergi Məcəlləsində edilmiş son dəyişikliklər bazarların mülkiyyətçilərinin (bazarlar idarəetməyə verildikdə - idarəedicilərin) üzərinə aşağıdakı üç yeni vəzifəni qoyur:
- Əmlakı icarəyə götürən vergi ödəyicisinin obyekti vergi orqanında qeydiyyata salmasına nəzarət etməlidir. Əgər obyekti icarəyə götürən vergi ödəyicisi onu vergi orqanında qeydiyyata salmazsa, icarəyə verən onun fəaliyyət göstərməsinə imkan verməməlidir;
- Obyekti icarəyə götürən vergi ödəyicisinin obyektin vergi orqanında qeydiyyat alınması haqqında arayışı girişdə yerləşdirməsini təmin etməlidir;
- Bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə - idarəediciləri) tərəfindən vergi orqanına rüblük məlumat təqdim edilməlidir. Vergi orqanı tərəfindən təqdim olunan xüsusi formada icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumatlar öz əksini tapacaq.
Qeyd edək ki, Vergi Məcəlləsinin maliyyə sanksiyaları ilə bağlı bölməsində yuxarıda qeyd edilən hallar üzrə nəzarət tədbirləri nəzərdə tutulub. (Vergiler.az)