Azərbaycanda informasiya texnologiyaları (İT) sahəsində fəaliyyət göstərən şirkətlər üçün mənfəət vergisinin azaldılması təklif olunur.
Eləcə də bax: Azərbaycanda vergi bəyannamələri yenilənib
FED.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı yerli şirkətlərlə Dövlət Vergi Xidməti arasında müzakirələr aparılıb.
Görüşdə iştirak edən mənbə qeyd edib ki, dövlət qurumu real olaraq bu sektorun inkişaf etdirilməsində maraqlıdır.
"Görüşdə region ölkələrlə müqayisədə Azərbaycanda mənfəət vergisinin yüksək olması vurğulanıb. Bu, Azərbaycan şirkətlərin rəqabət qabiliyyətinə birbaşa təsir edir və onların xarici tenderlərdə iştirakını müəyyən dərəcədə məhdudlaşdırır", - deyə mənbə bildirib.
Görüşdə bir sıra, xüsusən də ölkə əhalisinin sayına görə Azərbaycana bənzər ölkələrin təcrübəsi və bu ölkələrin əldə etdiyi nailiyyətlər səsləndirilib. Belə ki, misal olaraq Belarusun yüksək texnoloji ixracatının (pandemiyadan əvvəl) illik həcmi 1,6-1,8 mlrd. ABŞ dollar təşkil edib, İsraildə isə bu göstərici 40 mlrd. dolları ötüb. Azərbaycanda bu rəqəmlər olduqca kiçikdir və 2018-ci ilin statistikasına görə, təxminən 4 mln. dollar, bəzi hesablamalara görə isə 15-25 mln. dollar ətrafında olub.
"Buna baxmayaraq, Azərbaycanın potensialı çox yüksəkdir və yerli şirkətlərə xarici bazarlara çıxmaqları üçün şərait yaradılmalıdır. Bu gün Azərbaycan şirkətləri 20-dən çox ölkəyə yüksək texnoloji məhsul ixrac edirlər və bu ölkələrin sayının artırılması üçün böyük potensial mövcuddur. Söhbət təkcə vergi maneələri ilə kifayətlənmir. Məsələn, təcrübələr var ki, bəzi ölkələr (ABŞ, İsrail, Türkiyə, Cənubi Koreya və s.) fondlar vasitəsilə ölkələrə ekspansiya edirlər. Bu ölkələrə məxsus fondlar daxil olduqları ölkələrdə müxtəlif layihələrin icrasına qrantlar ayırırlar, daha sora isə öz şirkətlərinin axınını təmin edirlər. Azərbaycan da bu təcrübədən istifadə edə bilər", - deyə mənbə əlavə edib.
Qeyd olunub ki, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə strategiya müəyyən edib. Söhbət ölkənin post-neft dövründə ixrac istiqamətlərindən biri olan yüksək texnologiyaların və innovasiyaların ixracının inkişaf etdirilməsindən gedir.
Ekspertin fikrincə, qlobal araşdırmalar göstərir ki, yaxın 5 ildə elektron hökumət həllərinin bazar həcmi 5 dəfə artacaq. Yerli şirkətlərin əsas sifarişçi dövlət olduğuna görə, onlar bu sahədə daha çox ixtisaslaşıblar. Bu nöqteyi-nəzərdən sahə üzrə ixrac potensialının yaxşılaşdırılması ölkəyə valyuta axınının təmin edəcək.