Təşviq edilən və vergi və digər növ güzəştlər və azadolmalar tətbiq edilən biznes subyektləri, zonaları və fəaliyyət sahələri (hüquqi əsaslar)
Sahibkarlıq sahəsində bir sıra subyektlərə, prioritet fəaliyyət sahələrinə, iqtisadi zonalara inkişafını dəstəkləmək məqsədi ilə müxtəlif növ təşviqlər, vergi və digər növ güzəştlər və azadolmalar tətbiq edilir. Bu və növbəti yazılarda, aşağıdakı mövzularla həmin məsələləri əhatə etməyə çalışacam:
1. Startaplar – biznes subyekti və modeli kimi;
2. Xüsusi iqtisadi zonalar və rezidentləri (o cümlədən, Ələt azad iqtisadi zonası);
3. İnvestisiyanın təşviqi sənədi – zonalar, sahələr, investisiyaların məbləğləri;
4. İxracın təşviqi – subyektlər, vasitələr, məbləğlər.
1. Startaplar – biznes subyekti və modeli kimi
Biz gündəlik olaraq Facebook, Whatsapp, Instagram, Uber, ZOOM və digər bu kimi yüksək texnoloji həllərə əsaslanan startap şirkətlərin məhsullarından və xidmətlərindən istifadə edirik. Xüsusilə 2020-ci ildə, pandemiya dövründə bir çox startap şirkətlər öz xidmətlərini mövcud şərtlərə və yaranan tələblərə uyğunlaşdıraraq gəlirlərini görünməmiş miqyasda artıra biliblər. Məsələn, 2011-ci ildə ABŞ-da startap kimi yaranan, video iclas proqram təminatı xidmətini göstərən və son ildə sürətlə böyüyən ZOOM şirkətinin satışları ötən 2020-ci ildə 326% və ya 2.6 milyard ABŞ dollarına qədər artmışdır. Şirkətin 2019-cu ildə 21.7 milyon dollar olan mənfəəti 2020-ci ildə 671.5 milyon dollara yüksəlmişdir. 2020-ci ilin tək son üç ayında şirkətin satışları, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 370% artaraq 882,5 milyon dollara çatmışdır (2018-сi ildə isə satış 2017-ci ilin satışından 118% çox – 331 milyon dollar olmuşdur). Şirkət satışlarının bu il 40%-dan çox artaraq, 3.7 milyard dollara çatacağını gözləyir. Göründüyü kimi, uğurlu startapların illik satışları və mənfəətləri milyonlarla, bəzən milyardlarla dollarla ölçülür.
Startap nədir və hansı meyarlara cavab verməlidir?
Mövcud qanunvericilikdə startapın tərifini, əlamətlərini və meyarlarını Azərbaycan Respublikası Vergi Məcəlləsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”nda tapmaq olar.
Vergi Məcəlləsinin 13.2.80-ci maddəsinə əsasən, startap – innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq orqan tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən orqan tərəfindən “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir.
Beləliklə, bu hüquqi tərifdən aşağıdakı əlamətləri müəyyən etmək olar:
- Startap sahibkarlıq fəaliyyətidir (yəni, startap startapçının müstəqil surətdə innovativ təşəbbüsə əsaslanaraq həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (gəlir) götürülməsi olan sahibkarlıq fəaliyyətidir. Startap sahibkarlıq subyekti (hüquqi şəxs və ya fərdi sahibkar) kimi dövlət qeydiyyatına (vergi uçotuna) alınmalıdır, habelə, o, sahibkarlıq fəaliyyətinə aid bütün məcburi tələblərə riayət etməlidir).
- startap innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilir;
- bu fəaliyyət müəyyən edilmiş meyarlara cavab verməlidir (meyarlar aşağıda qeyd edilir);
- onu həyata keçirən şəxslərə “Startap” şəhadətnaməsi verilməlidir (şəhadətnamənin verilməsi qaydası aşağıda qeyd edilir).
“Startapın müəyyən olunması meyarları”nın 2-ci bəndinə əsasən, “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslərə (ərizəçilərə) dair meyarlar aşağıdakılardır:
1. mikro və ya kiçik sahibkarlıq subyekti olması;
2. orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olmaması;
3. rezident vergi ödəyicisi olması.
Ərizəçilərin təqdim edəcəyi məhsula (xidmətə) dair meyarlar isə aşağıdakılardır:
1. məhsulun (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması;
2. innovativ təşəbbüsə əsaslanan olması, yəni, a. mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması; b. yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması;
3. rəqabət qabiliyyətli olması;
4. qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması;
5. digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməsi.
Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları
Qanunvericilikdə yuxarıda qeyd edilən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü işçi sayı və ya illik gəlir meyarlarına əsasən müəyyən edilir. Belə ki, mikro sahibkarlar - işçilərinin orta siyahı sayı 1 – 10 nəfər arası, illik gəliri 200 000 manat və ya ondan aşağı olan subyektlər; kiçik sahibkarlar - işçilərinin orta siyahı sayı 11 – 50 nəfər arası, illik gəliri 200 000 manatdan çox - 3 milyon manatadək olan subyektlər (3 milyon manat daxil olmaqla); orta sahibkarlar - işçilərinin orta siyahı sayı 51 – 250 nəfər arası, illik gəliri 3 milyon manatdan - 30 milyon manatadək subyektlər (30 milyon manat daxil olmaqla); iri sahibkarlar isə - işçilərinin orta siyahı sayı 251 nəfər və ondan yuxarı sayda, illik gəliri 30 milyon manatdan çox olan subyektlər hesab olunur. Sahibkarların bu kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Habelə, bu aidiyyət hesabat dövrünün son tarixinə olan gəlir və ya işçi sayı göstəricilərinə əsasən vergi orqanı tərəfindən müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.
“Startap” şəhadətnaməsi necə alınır?
“Startap” şəhadətnaməsini almaq üçün ərizəçi müvafiq ərizə və ona əlavə edilmiş sənədlərlə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə yazılı formada və ya elektron qaydada müraciət edir.
Ərizəyə ərizəçinin qeydiyyat, uçot, identifikasiya sənədləri ilə yanaşı, “Startap” şəhadətnaməsinin alınması üçün tərtib edilən layihənin təqdimatı, məhsulun sənaye nümunəsi və ya dizaynı, məhsulun (xidmətin) bazarda payı ilə bağlı bazar araşdırması və marketinq planı, bazar potensialı, məhsulun ixrac və ya idxalı əvəzetmə potensialı (əsaslandırma ilə), məhsulun (xidmətin) unikallığı və rəqabətqabiliyyətliliyi (əsaslandırma ilə) və investisiya planını əks etdirən biznes-plan, əmək resursları, məsləhətçiləri və səhmdarları (payçıları) və investorları haqqında məlumatlar (olduğu halda), habelə, olduğu halda – startapa cəlb olunan qrant, investisiya və ya kredit barədə, startap məhsuluna dair patent və ya patent almaq üçün iddia sənədi və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi əlavə olunur.
Ərizəyə və ona əlavə edilmiş sənədlərə (məlumatlara) 30 gün müddətində baxılır. Onlarda aradan qaldırılması mümkün olan, “Startap” şəhadətnaməsinin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq, Agentlik onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra “Startap” şəhadətnaməsinin alınması üçün təkrar ərizə ilə Agentliyə müraciət edə bilər.
Agentlik ərizədə və ona əlavə edilmiş sənədlərdə (məlumatlarda) çatışmazlıqlar aşkar etmədikdə, təqdim olunan sənədləri (məlumatları) qiymətləndirmək məqsədilə Agentlikdə yaradılmış Ekspertlər Şurasına təqdim edir. Ekspertlər Şurası müvafiq aidiyyəti nazirliklərin və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət olur. Ekspertlər Şurasının sadə səs çoxluğu ilə qəbul edilmiş müvafiq rəyi Agentliyə təqdim edilir. Agentlik tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilir.
“Startap” şəhadətnaməsi 3 il müddətinə verilir.
İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi
Ölkədə mövcud olan innovativ layihələrin mərkəzləşdirilmiş açıq məlumat bazasını yaratmaqla, ictimaiyyətin həmin məlumat bazasından şəffaf, çevik və səmərəli istifadəsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi tərəfindən ictimaiyyət üçün açıq məlumatların əks olunduğu reyestr aparılır.
Reyestrə məlumatlar rezident hüquqi və fiziki şəxslərin müraciəti əsasında daxil edilir. Qeydiyyat zamanı təqdim edilən məlumatlarla yanaşı, ərizəçinin əlaqə məlumatları (faktiki ünvan, telefon və elektron poçt) və layihə haqqında məlumat göstərilir. Reyestrə daxil edilmiş layihələrə vahid və Reyestrdə təkrarolunmayan 12 rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən “Startap” şəhadətnaməsi almış şəxslərə münasibətdə məlumatların Reyestrə daxil edilməsindən imtina edilə bilməz.
Layihələri barəsində məlumatlar Reyestrə daxil edilmiş ərizəçilərə elektron informasiya ehtiyatı vasitəsilə Reyestrin operatoru tərəfindən elektron sənəd formasında müddətsiz “Startap” pasportu verilir. Ərizəçinin istəyi əsasında 5 iş günü müddətində, “Startap” pasportu ərizəçiyə kağız daşıyıcıda imzalı və möhürlü formada da təqdim edilir.
Startapların vergidən azad edilməsi
Vergi qanunvericiliyində startaplar üçün aşağıda qeyd edilən vergi azadolmaları nəzərdə tutulmuşdur.
Vergi Məcəlləsinin fiziki şəxslərin gəlirlərinin gəlir vergisindən azad olmasından bəhs edən 102.1.31-ci maddəsinə əsasən, mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir – 3 il müddətinə gəlir vergisindən azaddır.
Həmin Məcəlləsinin hüquqi şəxslərin mənfəət vergisindən azad olmasından bəhs edən 106.1.23-cü maddəsinə əsasən, mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti – 3 il müddətinə mənfəət vergisindən azaddır.
Startapların yaradılması və inkişafı prioritet istiqamətdir
Müasir dövrdə əksər dövlətlər, o cümlədən Azərbaycan Respublikası startapların yaradılması və inkişaf etdirilməsini prioritet istiqamət elan ediblər.
Ölkəmizdə bununla bağlı bir sıra dövlət proqramları, yol xəritələri təsdiq edilmişdir. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış (4.2.) bölməsində prioritet kimi, biznes inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi, model müəssisələrin yaradılması qeyd edilmiş, tədbirlər kimi Startap layihələrinin dəstəklənməsi çərçivəsində startap şirkətlərin rəqabətədavamlı aparıcı biznes təşkilatlarına çevrilməsinin təmin edilməsi, Startap layihələrinin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, Startapların inkişafı məqsədilə müxtəlif layihələrin nəzərdən keçirilməsi, startap təşəbbüslərinin dəstəklənməsi il ərzində ən azı 25 startap layihəsinin başlanması nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində də qeyri-kənd təsərrüfatı istehsal sahələrinin inkişaf etdirilməsi çərçivəsində startapların yaradılması və genişləndirilməsinin dəstəklənəcəyi qeyd edilmişdir. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində də 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış hissəsində uğurlu rəqəmsal startapların yaradılması, Startap layihələrinin dəstəklənməsi, biznes inkubatorların və startap layihələrinin sayının artırılması nəzərdə tutulmuşdur.
Startapların fəaliyyətini dəstəkləyən orqanlar
Bir sıra dövlət orqanları və qurumları nizamnamələrinə və əsasnamələrinə əsasən startapların yaradılması, inkişaf etdirilməsi, maliyyələşdirilməsi ilə bağlı vəzifələr daşıyırlar. Bunlara aşağıdakıları aid etmək olar:
1. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi
İnnovativ layihələrin (o cümlədən startapların) maliyyələşdirilməsini, innovasiya təşəbbüskarlığının təbliğini tabeliyindəki İnnovasiyalar Agentliyi vasitəsilə həyata keçirmək Nazirliyin vəzifəsidir.
İnnovasiyalar Agentliyinin Nizamnaməsində Agentliyin vəzifələrinə ölkənin davamlı inkişaf məqsədlərindən irəli gələn məsələlərin innovativ həlli üçün dövlət sifarişləri formalaşdırmaq və onların həyata keçirilməsinə müsabiqə yolu ilə yerli icraçıları, o cümlədən startapları cəlb etmək; innovativ layihələri (o cümlədən startapları) qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirmək; innovativ layihələr (o cümlədən startaplar), innovativ məhsul və xidmətlər üzrə əqli mülkiyyət hüquqlarının qorunması və əldə edilməsi istiqamətində tədbirlər görmək, innovativ ideyaların patentləşdirilməsini və əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatını dəstəkləmək; ali və digər təhsil müəssisələri, dövlət, qeyri-hökumət təşkilatları və özəl təşkilatlar nəzdində hüquqi şəxs yaratmadan innovasiya fəaliyyətinə başlayan şəxslər və startaplar üçün ilkin zəruri infrastruktur və əlverişli şəraitin yaradılması məqsədilə əməkdaşlıq haqqında müqavilələr və anlaşma memorandumları (niyyət protokolları) imzalamaq, həmin müqavilə və memorandumlarda (protokollarda) nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsini və maliyyə vəsaitinin ayrılmasını təmin etmək; startaplara müvafiq sahə ilə bağlı beynəlxalq elmi nəşrlərlə tanışolma imkanını təmin etmək aid edilmişdir.
2. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
Agentliyin Nizamnaməsinə əsasən, startapların qeydiyyatını və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək; innovativ sahibkarlığı təşviq etmək üçün startapların və sahibkarların ali təhsil və elmi tədqiqat müəssisələri, sənaye və texnologiyalar parkları, texnoloji biznes inkubatorlar və texnoloji transfer mərkəzləri ilə qarşılıqlı fəaliyyətini əlaqələndirmək, həmçinin biznes inkubatorların, sənaye və texnologiyalar parklarının və müvafiq sahədə tədris mərkəzlərinin fəaliyyətinin təşkilində iştirak etmək; startapların və sahibkarların maliyyə resurslarına (kreditlərə, investisiyalara, qrantlara, biznesə dəstək (venture) kapitalına və s.) çıxış imkanlarının genişləndirilməsinə dəstək vermək; yeni biznes ideyası olan şəxslərə və startaplara ilkin biznes fəaliyyətinin təşkili məqsədilə maliyyə dəstəyi vermək, o cümlədən xarici qrantlar hesabına layihələrin maliyyələşdirilməsini təşkil etmək, bu istiqamətdə müxtəlif proqramlar hazırlamaq və müsabiqələr keçirmək; donor təşkilatların və qeyri-hökumət təşkilatlarının startapları və sahibkarları dəstəkləyən layihələrini əlaqələndirmək və birgə təşəbbüslər həyata keçirmək Agentliyin vəzifələri kimi qeyd edilmişdir.
2.1. Kiçik və orta biznes (KOB) evləri
KOB evlərində startap məkanlar üçün şərait yaratmaq, startapların və onların innovativ ideyalarının qeydiyyatını aparmaq; İKT sahəsində, habelə müasir texnologiyaları geniş tətbiq etməklə fəaliyyət göstərən sahibkarlar üçün güzəştli maliyyə resurslarından istifadə imkanlarına çıxışı təmin etmək üçün KOB evlərində məlumatlandırma, maarifləndirmə və informasiya dəstəyinin göstərilməsini, həmçinin bu məqsədlə açıq qapı günlərini, məlumatlandırma sessiyalarını təşkil etmək və bu sahədə dövlət və özəl sektor nümayəndələrinə dəstək göstərmək; innovativ sahibkarlığı təşviq etmək üçün startapların və sahibkarların ali təhsil və elmi tədqiqat müəssisələri, sənaye və texnologiyalar parkları, texnoloji biznes inkubatorları və texnoloji transfer mərkəzləri ilə qarşılıqlı fəaliyyətini əlaqələndirmək, həmçinin biznes inkubatorların, sənaye və texnologiyalar parklarının və sahibkarlıq sahəsində tədris mərkəzlərinin fəaliyyətinə dair KOB evlərində informasiya köşklərinin fəaliyyətini təmin etmək, elektron monitorlarda məlumatlar vermək KOB evinin fəaliyyət dairəsindən asılı olaraq tam və ya qismən yerinə yetirilməli olan vəzifələri kimi qeyd edilmişdir.
2.2. Kiçik və orta biznesin inkişafı mərkəzləri
KOB inkişafı mərkəzi startaplarla bağlı bu vəzifələri yerinə yetirir: startaplar üçün biznes inkubatorlarının, biznes akseleratorlarının tapılması və KOB inkişafı mərkəzində bu tipli mexanizmlərin yaradılması və ya onların nümayəndəliyinin açılması işini təşkil etmək; biznes inkubatorların və biznes akseleratorların elektron reyestrinin aparılmasında iştirak etmək; startaplara keçiriləcək təlimlərin layihələrinin, mövzuların eləcə də təlimçilərin seçilməsini təmin etmək; innovativ sahibkarlığı təşviq etmək üçün startapların və sahibkarların ali təhsil və elmi-tədqiqat müəssisələri, sənaye və texnologiyalar parkları, texnoloji biznes inkubatorlar və texnoloji transfer mərkəzləri ilə qarşılıqlı fəaliyyətini əlaqələndirmək; startapların elmi-tədqiqat, innovativ ideyalarının maliyyələşdirilməsi üçün investorların cəlb edilməsini təşkil etmək; startaplar, elmi-texnoloji mərkəzlərlə yerli və xarici investorların və donor təşkilatların fəaliyyətini əlaqələndirmək; startapların və sahibkarların maliyyə resurslarına (kreditlərə, investisiyalara, qrantlara, biznesə dəstək (venture) kapitalına və s.) çıxış imkanlarının genişləndirilməsinə dəstək vermək; yeni biznes ideyası olan şəxslərə və startaplara ilkin biznes fəaliyyətinin təşkili məqsədilə maliyyə dəstəyi vermək, o cümlədən xarici qrantlar hesabına layihələrin maliyyələşdirilməsini təşkil etmək, bu istiqamətdə müxtəlif proqramlar hazırlamaq və müsabiqələr keçirmək üçün təkliflər hazırlayaraq Agentliyə təqdim etmək; donor təşkilatların və qeyri-hökumət təşkilatlarının startapları və KOB-ları dəstəkləyən layihələrini əlaqələndirmək və birgə təşəbbüslər həyata keçirmək üçün təkliflər hazırlamaq.
3. Azərbaycan Respublikasının Gənclər Fondu
Gənclər Fondunun Nizamnaməsinə əsasən, Fond, gənclərin təqdim etdikləri innovativ layihələrin (startap) maliyyələşdirilməsi üçün Fondun vəsaiti (qrantlar istisna olmaqla) hesabına müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər ayırmaq vəzifəsini yerinə yetirir. 16–29 yaşlarında olan Azərbaycan Respublikası vətəndaşlarının təqdim etdikləri innovativ (startap) layihələrin maliyyələşdirilməsi üçün Fondun vəsaiti (qrantlar istisna olmaqla) hesabına müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər ayrılır. Müvəkkil kredit təşkilatı 10 bank günündən gec olmayaraq, öz biznes maraqlarına və Şuranın müəyyən etdiyi innovativ (startap) layihələrinin tərtib olunmasına dair minimal tələblərə və qiymətləndirmə meyarlarına əsaslanaraq, təqdim olunmuş layihələri təhlil edərək müsbət qiymətləndirdiyi layihələrə dair məlumatları və sənədləri Fonda təqdim edir.
4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi
Birbaşa əsasnaməsində və ya nizamnaməsində qeyd edilməsə də, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi startapları dəstəkləmək, startap və innovasiya ekosisteminin inkişafını sürətləndirmək, yerli startapların xarici bazara və investorlara çıxışına imkan yaratmaq məqsədi ilə bir sıra layihələr və proqramlar həyata keçirir. İNNOLAND Mərkəzi Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzi vasitəsi ilə startaplara, proqramçılara, innovasiyalar sahəsində işləyən şəxslərə dəstək verir.
Vençur maliyyələşməsi və vençur fondları
Yol xəritələrində innovasiya fəaliyyəti haqqında bir sıra stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması nəzərdə tutulmuşdur. Bunlardan biri kimi bir sıra innovasiyayönümlü startap layihələrinin maliyyələşdirilməsi üçün vençur fondların, eləcə də xarici investorların cəlb edilməsi üçün təşviqedici tədbirlərin həyata keçirilməsi qeyd edilmişdir. Ümid edirik ki, bu tədbirlər çərçivəsində eyni zamanda, vençur maliyyələşməsi, vençur fondları, vençur investoru, biznes mələyi, kraudfaundinq və bu kimi əlaqəli məsələləri tənzimləyən qanunvericilik aktları da qəbul ediləcəkdir.
Müəllif: Vəkil Allahveran Oruclu