Azərbaycanda emissiya olunan karbon vahidlərinə görə tariflərin müəyyən edilməsi istisna edilmir.
"Azərbaycanda iqlim hədəflərinə dəstək verən sənayelərə vergi güzəştləri kifayət qədərdir"
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.
"Bu gün ölkəmizdə karbon emissiyası ilə bağlı ayrıca vergilər və ya emissiya ticarət sistemi mövcud deyil. Ancaq nəzərə alınmalıdır ki, 2026-cı ildən Avropa İttifaqı sərhəddə karbon ticarət sistemi tətbiq etməyə başlayacaq. Bu sistemin tətbiqi artıq karbona görə vergi tətbiq etməyən dövlətləri düşünməyə vadar edir ki, bu vergilərin tətbiq edilməməsi yerli sahibkarların ixrac bazarlarında rəqabətinə necə təsir edəcək.
Sərhəddə karbon vergisini tətbiq edilməməsi investorları və ya sahibkarlara vergi öhdəliklərindən azad edirmi xeyir, ancaq həmin şəxslər öhdəliklərdən, hesabatlarda, bəlkədə gələcəkdə intizamlı, yaşıl qrupda - inkişaf edən qrupda, belə desək müsbət sahibkarlar klubunda yer almasına maneə ola bilər. Buna görə də sahibkarların könüllü şəkildə karbon emissiyasını azaldan texnologiyalarını tətbiq etməlidirlər", - S. Musayeva bildirib.
Qeyd edək ki, Avropa İttifaqına üzv dövlətlər üçüncü ölkələrdən idxal olunan bəzi məhsullara sərhəddə karbon vergisi tətbiq etmək barədə razılığa gəliblər. Belə ki, üçüncü ölkələrdən Aİ-yə idxal edilən sement, alüminium, gübrə, elektrik enerjisi, dəmir və polad kimi məhsullara karbon vergisi tətbiq olunacaq. Bu qaydalar dəyəri 150 avrodan aşağı olan mallara şamil edilməyəcək. (Report)