Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov “Caspian Energy Club”un (CEC) təşkil etdiyi ənənəvi “Online B2G forum”da iştirak ediblər. Forum çərçivəsində COVID-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.
Bu barədə FED.az-a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
A.Kərimov pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Caspian Energy Club” arasında yüksək səviyyədə əməkdaşlığın və fəal dialoqun olduğunu qeyd edib.
“Nazirliyin struktur bölmələrinin rəhbərləri ilə görüşlər keçirilib. Həmin görüşlər çərçivəsində sahibkarların sual və təklifləri müzakirə olunub. Biz biznes-hökumət formatında dialoqu davam etdirməyə və “Caspian Energy Club” ilə gələcəkdə fəal əməkdaşlıq etməyə hazırıq. Bu format nazirliyin fəaliyyətinin monitorinqini keçirməyə imkan verir. Platforma sayəsində biz sahibkarları maraqlandıran suallara operativ və fəal cavab verə bilərik”, - deyə o diqqətə çatdırıb.
KOBİA-nın idarə heyətinin sədri O.Məmmədov pandemiya şəraitində biznes-hökumət dialoqunun əhəmiyyətini qeyd edərək bu istiqamətdə müxtəlif platformalar üzərindən təşkil olunan müzakirələrdə və tədbirlərdə agentliyin də fəal iştirak etdiyini, hökumətin hər zaman olduğu kimi mövcud COVID-19 şəraitində də sahibkarların yanında olduğunu vurğulayıb.
Tədbirdə işğaldan azad olunmuş ərazilərdə biznes layihələr həyata keçirmək istəyən sahibkarların layihələrini KOBİA-ya təqdim edə biləcəkləri və bu sahədə agentlik tərəfindən göstəriləcək dəstək və xidmətlər diqqətə çatdırılıb.
Daha sonra A.Kərimov və O.Məmmədov “Online B2G forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıblar.
Qeyd edək ki, sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.