Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, bu ildən Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən daşınmaz əmlaka görə əmlak vergisi 3 il müddətinə 75 % azaldılıb.
Gələn ildən regionlarda mehmanxana, hotel və sanatoriyalara - 3 İL VERGİ GÜZƏŞTİ OLACAQ
Sahibkarların xərcləri azalacaq
FED.az xəbər verir ki, "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov belə güzəştlərin ölkənin turizm sənayesi üçün müsbət addım olduğunu deyib:
“Bu, regionlarda turizmin inkişafında stimullaşdırıcı addımdır. Çünki əvvəllər əmlak vergisi ilə bağlı sahibkarlar böyük məbləğdə ödənişlər etməli olurdu. Nəticədə isə bu, turizm xidmətlərinin bahalaşmasına gətirib çıxarır. Maddi imkanları az olanda müəssisələr rəqabətə girə bilmir. Sözügedən addım sahibkarların xərclərini azaldacaq və onlara imkan verəcək ki, bazara daha münasib qiymətlər təklif etsinlər. Eyni zamanda bu güzəştlər xərcləri azaltdığı üçün turizm sənayesində çalışanların gəlirlərini artıra bilər”.
Güzəştlər çox çeşidli olmalıdır
Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov da sözügedən dəyişikliyin regionlarda turizmi inkişaf etdirmək üçün stimullaşdırıcı addım olduğunu hesab edir:
“Bu qərar regionlardakı turizm müəssisələrinin yarıdan çoxunu əhatə edir. Amma bu, köklü güzəştlərdən biri deyil. Bu cür güzəştlərin olması müsbət haldır. Bu güzəşt iri obyektlərin vergi yükünə müəyyən qədər təsir göstərəcək. Amma kiçik obyektlər üçün bu, elə də böyük rəqəm deyil. Gələcəkdə bu cür vergi güzəştlərinin əhatəsinin genişlənməsi arzu ediləndir. Belə olduqda çeşidli güzəştlər sahibkarları daha çox stimullaşdırar. Gələcəkdə də regionlarda yeni obyektlərin açılması sahibkarlıq subyektləri üçün daha maraqlı olar".
C. Aşurov hesab edir ki, müxtəlif istiqamətlərdə güzəştlər olarsa, yəni vergi güzəştləri, maliyyə əlçatanlığı, müxtəlif azadolmalar kimi şərtlər nə qədər çox olarsa, daha çox iş yerləri yaranar, gələcəkdə vergi daxilolmalarına, insanların iqtisadi aktivliyinə müsbət təsir göstərər, turistlərin ölkəmizdə daha çox əraziyə axın etmələrinə səbəb olar.
"Dolayısıyla regionlarda bir iqtisadi aktivlik yaranar ki, bu da ümumi iqtisadi canlanmaya səbəb olar. Bunlar müsbət addımlardır, amma yetərli deyil. Belə tədbirlər davamlı olmalı və daha geniş şəkildə tətbiq edilməlidir”, - Turizm Peşəkarları Təşkilatının sədri vurğulayıb. (Report)