Vergi Məcəlləsində edilmiş yeni dəyişiklikdə turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. Bu məqsədlə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) daşınmaz əmlaka görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılıb. Dəyişikliyin əsas məqsədi regional turizmi dəstəkləmək və biznes üzərindəki sabit vergi xərclərini optimallaşdırmaqdır.
Gələn ildən regionlarda mehmanxana, hotel və sanatoriyalara - 3 İL VERGİ GÜZƏŞTİ OLACAQ
FED.az Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradovun müsahibəsini təqdim edir:
- Vergi Məcəlləsində 2024-cü ildən qüvvəyə minən dəyişikliklərdən biri də turizm sənayesinə aiddir. Bu dəyişikliklər nədən ibarətdir?
- Vergi Məcəlləsində edilən son dəyişikliklərlə regionlarda fəaliyyət göstərən hotellərə, sanatoriyalara əmlak vergisi öhdəliyi üzrə güzəşt müəyyən edildi. Belə ki, bu dəyişikliklə müvafiq sahələrdə fəaliyyət göstərən subyektlər 2024-2026-cı illəri əhatə edən dövr ərzində hesablanmış daşınmaz əmlak vergisinin 75 faizindən azad edilir.
Burada diqqət edilməli olan bir neçə mühüm məqam var. Bunlardan biri odur ki, güzəştlər müəssisələrin daşınmaz əmlakının yalnız hotel və sanatoriya xidmətlərinin təşkili məqsədi ilə istifadə edilən hissəsinə şamil edilir. Yəni sahibkar digər daşınmaz əmlaklarına görə vergilərini Məcəllənin müvafiq tələblərinə uyğun formada ödəməlidir. İkincisi, bu güzəştlər Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla ölkənin digər bütün ərazilərinə şamil edilir. Digər bir mühüm məqam odur ki, güzəştlər müəssisənin yalnız fəaliyyət dövrünü əhatə edir. Başqa sözlə, fəaliyyətin müvəqqəti dayandırılması halında sahibkar bu güzəştlərdən faydalana bilmir. Bir məqamı da qeyd edək ki, müvafiq güzəştlər, mülkiyyət növündən asılı olmayaraq, müəyyən edilən şərtlər daxilində bazarın bütün iştirakçılarına münasibətdə bərabərlik prinsipi əsasında tətbiq ediləcək.
Onu da qeyd edim ki, hazırda dəyəri 1 milyon manatdan az daşınmaz əmlaka sahib olan mikro sahibkarlar əmlak vergisindən azaddırlar ki, yeni dəyişiklik bu kateqoriyadan olan sahibkarlara şamil edilmir. Bundan başqa, investisiya təşviqi sənədi alan sahibkarlar, KOB klaster şirkətləri də fəaliyyətinin ilk 7 ilində əmlak vergisindən azaddırlar ki, bu hüquqlar da müvafiq müəssisələr üçün qalır.
Müvafiq güzəştlər, mülkiyyət növündən asılı olmayaraq, müəyyən edilən şərtlər daxilində
bazarın bütün iştirakçılarına münasibətdə bərabərlik prinsipi əsasında tətbiq ediləcək
- Məhəmməd müəllim, bu dəyişiklik hansı çağırışlar fonunda ortaya çıxdı?
- İlk olaraq qeyd edim ki, turizmin tarazlı inkişafı, paytaxt ətrafında müşahidə edilən konsentrasiyanın regionlara doğru daha adekvat yönləndirilməsi, inklüzivliyin dərinləşdirilməsi, biznes mühitinin dəstəklənməsi yolu ilə sektora investisiya qoyuluşlarının artması və təkliflərin çoxluğu fonunda həm keyfiyyətin yüksəlməsi, həm də qiymət optimallığının təmin edilməsi kimi məqamlar Dövlət Turizm Agentliyinin hazırda həyata keçirdiyi inkişaf siyasətinin əsas istiqamətlərindəndir. Bu aspektdən aparılan qiymətləndirmələr zamanı aydın olur ki, investisiya tutumlu sahə olması, yəni daşınmaz əmlak dəyərinin yüksək olması, paralel olaraq da xüsusilə regionlara münasibətdə mövsümilik faktorlarının təsirləri yerləşmə xidmətləri göstərən sahibkarlıq subyektləri üçün sabit xərclərin maliyyə yükünü artırır ki, bu da öz növbəsində bir sıra çətinlikərə yol açır. Belə ki, ilk növbədə qeyri-mövsüm dövrlərində müəssisələrin yerinə yetirməli olduqları vergi öhdəlikləri onların maliyyə-təsərrüfat fəaliyyətinin nəticəsini əhəmiyyətli səviyyədə zəiflədir. Digər tərəfdən, müvafiq xərclər təkrar investisiya imkanlarını azaldaraq müəssisələrin fəaliyyətinin təkmilləşdirməsi, xidmətin keyfiyyətinin artırılması və yaxud əhatəsinin genişləndirilməsi imkanlarını məhdudlaşdırır. Eyni zamanda, sabit xərclər təklif qiymətlərinin optimallaşdırılması yolu ilə müəssisələrin rəqabət qabiliyyətinin gücləndirilməsi strategiyalarının tətbiqi imkanlarını aşağı salır. Bütün bunlar nəzərə alınmaqla, iqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması, investisiya və kapital qoyuluşu həcminin artırılması üçün vergi təşviqi alətlərindən effektiv istifadə edilməsi fəaliyyəti çərçivəsində Dövlət Turizm Agentliyi və Dövlət Vergi Xidməti arasında qurulan əməkdaşlıq nəticəsində cari şəraitdə yuxarıda geniş şəkildə təsvir etdiyimiz güzəşt qərarı qəbul olunub.
Aparılan qiymətləndirmələrdən aydın olur ki, ölkədə fəaliyyət göstərən
hotellərin təxminən 62 faizi bu güzəştlərdən faydalanacaq
- Sizcə, bu vergi güzəşti sənayenin inkişafına hansı formada töhfə verəcək?
- İlk növbədə bu güzəştlərin regionlarda fəaliyyət göstərən sahibkarların vergi yükünü nəzərəçarpacaq şəkildə azaldacağı ehtimal edilir. Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan qiymətləndirmələrdən aydın olur ki, ölkədə fəaliyyət göstərən hotellərin təxminən 62 faizi bu güzəştlərdən faydalanacaq. Paralel olaraq regionlarda fəaliyyət üzrə ixtisaslaşmış müəssisələrin əlavə sərmayə qoymaq imkanları artacaq. Həmçinin, yerləşmə xidmətlərinin istehsal xərclərinin azalması qiymətlərin azalması üçün əlverişli iqtisadi mühit yaradacaq. Bu isə öz növbəsində inflyasiya təzyiqlərini zəiflədəcək. Ancaq təbii ki, gözlənilən faydaların sosial aspektləri də gözardı edilməyib. Belə ki, regionlarda inkşaf edən yerləşmə xidmətləri sənayesi yeni iş yerlərinin yaranması, regionlar arasında olan sosial-iqtisadi inkişaf fərqinin azalması, daxili urbanizasiya meyilliliyinin zəifləməsi kimi sahələrə də töhfə verir. Bundan başqa, nəzərə almaq lazımdır ki, hər hansı regionun turizm sənayesinin güclənməsi və cəlbediciliyinin artması yalnız bu sahə ilə məhdudlaşmır. Çünki turist səfərlərinin artması birbaşa və dolayı yolla iaşə, əyləncə, nəqliyyat xidmətlərinin təşkili sahələrində, həmçinin ərzaq məhsulları bazarında tələbin artması, xüsusilə də orqanik aqrar məhsullar bazarının genişlənməsi və s. kimi yan sahələrə də yayılmaqla bölgənin inkişafında klaster təsirləri artırır və yaxud multiplikativ effekt yaradır. (Vergilər.az)