Uşaqlığı 90-lara düşən və yeniyetmə zamanı yaylarını Nabranda keçirən, oranın havası ilə böyüyən görəsən neçə nəfərik? Bu ruhuna yapışqan, şirin kədər ilə ilişmiş nostalji hissləri, isti xatirələr həyatıvın hələ çox iyulları başlarkən səni ölkəmizin şimalına çağıracaq.
Eləcə də bax: Bakıdakı pullu çimərliklərə - GİRİŞ QİYMƏTLƏRİ – SİYAHI, MƏBLƏĞLƏR
Bu nostalji yalnız Xəzərə çırpınan relikt meşələri və misilsiz nərə kababından ötrü deyil. 2000-ci illərin Nabranı bizim üçün bir Avropa idi, azadlığın göstəricisi idi. Necə olurdusa balaca kənd yayın son iki ayı paytaxtın bütün əhalisini özünə sığdıra bilirdi. Bir albom kimi təsəvvürünüzə gətirin...
“All inclusive”? – yox, eşitməmişik
Min doqquzyüzün əvvəlində tikilmiş evin bir otağı... Bağın o tayındakı şəraitsizlik, hamam yox (nəyə lazım, onsuz dənizdə çimirsiz də)... Aqronomun evinin qabağındakı növbə və onun yetişdirib satdığı ən dadlı meyvə-tərəvəz... Meyvə və giləmeyvələrdən, fındıqdan və s. aşıb daşan ətrafdakı bütün bağ və bağçalar... Sübh tezdən dəniz, günortanın qızğın vaxtı sərinlədirici meşə, buz kimi bulaqlar, “hıqq” edənə qədər aktiv və masaüstü oyunlar... Bağların bir-birinə qonaq getməsi.... Meşə dibində cır alça... Əldəqayırma tələlərlə meşə çayında xərçəng tutma...
Kəndin içində yeni şlyapa və rezin şapşaplar ilə defile, ələlxüsusda keçmiş Lenin küçəsində. Nə yalan deyək, ən dəbli cavanlar məhz o küçədə ev turtardılar... Poçtun işçiləri, yayda bağlı olan göy arada yaşıl kraskalı kənd məktəbi, N saylı hərbi xidmətin əsgərlərinə baxıb “bunlar burda bəyəm əsgərlik görürlər?” - deyən istirahət edənlər... İstənilən avtobusa sənə bilet tapan Zaxar dayı... Xərək çörəyi... Hər həftəsonu şou əhlinin parlaq ulduzcuqlarının restoran konsertləri və o çıxışlara hasararası baxan biz... Yerli əhalinin toyları... İlk akvapark... Müalicə (əslində əyləncənin bir növü) üçün Muxtadırdakı İstisu vannaları... Küləkli, yəni ki, dənizsiz günləri sahilboyu böyürtkən yığa-yığa taa Xəzər istirahət mərkəzindək iki saatlıq gəzinti... Və o sarı qum... O sarı qum dənizdə deyil, Qafqaz hotelinin üstündə, kənddən dənizə düşən bir küçədə yalnız vardı. Allahım, o qum ayağına dəyəndə bir rahatlıq gələrdi canına, o qədər xoş və mülayim idi ki.
Bu gün illər sonrakı Nabrandan danışmaq istəyirəm. Biz artıq böyüdük, müqayisə etməyə də bir çox xarici kurortlarda olduq. Nostalji hisslər bizi uşağlığımızın yollarına çağırsa da, təəsüf ki, məyusluq hissi orada bizi buraxmır.
Bir az tarixdən danışaq
Nabran keçmiş balıqçılıq kəndidir, 20-ci əsrin əvvəllərində çar süfrəsinə nərə balıqlarının tutulması üçün çarın fərmanı ilə yaradılıb. İşçilərin əksəriyyəti rus milliyyətindən ibarət idi, buna görə də adı Nabran idi, yəni “nabrannıy” - yığılmış. Balıqçılıq arteli ötən əsrin 60-70-ci illərinə qədər mövcud olub. Sahil boyunca, meşənin ən kənarında balıqların sürətli çatdırılması üçün hətta dar bir dəmir yolu çəkilmişdi. O yol ilə boyunca açıq, lakin üstü örtülmüş vaqonları olan bir motovoz gedirdi. Deyilənə görə, köhnə vaqonları və relsləri olan bir lokomotivin qalıqları hələ 80-ci illərdə üstü ot və böyürtkən ilə örtülmüş halda tapmaq olurdu.
Reallıq
Əgər Nabran dənizlə meşənin ecazkar birləşməsi kimi qəbul edilirdisə, hazırda bunu tapa bilmərsiniz. Yo, xoşbəxtlikdən çoxəsrlik ağacları olan meşə toxunulmaz qalır. Amma dəniz sizi palçıqlı dalğa və zibillənmiş sahillə qarşılayacaq. Plastik butulkalar, pivə qutuları və çirkli uşaq bezləri sivilizasiyanın buranı tərk etməsindən dəm vurur. Bütün meşə sahəsi isə acınacaqlı olsa da milli mentalitetimizə uyğun olaraq hündür hasarların arxasında gozlədilərək, eybəcər görkəmli, paslı, əzilmiş qalxanlardan tutmuş, ağ daş qala divarlarına kimi şəxsi torpaqlara bölünüb. Yeni, dəniz boyu meşə ilə gəzmək artıq mümkün deyil. Dalğalar zamanı dənizin palçıqlı-qəhvəyi rəng almasını yerli sakinlər Xəzər dənizinin səviyyəsinin qalxması ilə izah edirlər. Bu da guyamış əvvəllər qamışlıqların bitdiyi torpaq qatının yuyulmasına səbəb olub (sahilboyu yüzlərlə obyektin kanalizasiya sularının birbaşa olaraq dənizə axıdılmasının buna heç bir aidiyyəti yox imiş kimi).
Heç kənd də o kənd deyil. Yerli əhalinin əksəriyyəti evlərini satıb gedib, o evlərin yerində boş villalar qalıb. Diskotekalar saat 12-də bağlanır, gələn adamların da sayı həddindən artıq az.
Nabranın unikal təbiətinin hesabına və iqtisadiyyatımızın turistik istiqamətdə inkişaf etdirilməsi nöqteyi nəzərdən düşünərdik ki, bura çoxdan Azərbaycanın ən azı Bələkinə çevrilməli idi, Quba-Xaçmaz zonası isə turistik huba.
Lakin nəyi müşahidə edirik: bütün kənd boyu heç bir dənə aptekin, yanacaqdoldurma, xəstəxana, yanğınsöndürmə və s. məntəqələrinin olmaması bu kəndi turizm məkanına çevirməkdənsə daha da arxaya salır.
Pozitiv not
Bu yay Nabrana yolunuz düşsə, yeganə məsləhətimiz, orada yerləşən kurort hotellərinə üz tutun. Çünki yuxarıda bəhs etdiyimiz şam və sidr ağaclarından ibarət relikt meşələri elə o istirahət mərkəzlərinin ərazilərində görə bilərsiniz. Bəxtiniz gətirsə, məişət tullantıları olmadan, təmiz axar çaylar ilə. Düzdür, Nabran ərazisi Sovet vaxtlarından turbaza və pansionlar sayına görə irəlidə idi, lakin bu gün dünya standartlarına uyğun olanlar haqqında bəhs edəcəyik. TOP-5-liyi təqdim edirik. Qeyd edək ki, bu səyahəti sevən biri kimi şəxsi təcrübəmizə uyğun qiymətləndirmədir.
River İnn
Deyərdik ki, Nabranın nisbətən qüsürsuz kurort hoteli. 5 ballıq sistem ilə: Ərazi – 5; otaq və kottec – 5; yeməklər – 5; servis – 5, əyləncə – 4.
Ailəvi bir mərkəzdir, gecə həyatı sevərlər üçün axşam 12-də animasiya bitəndən sonra məşğuliyyət qalmır, mərkəzdəki əyləncələrə məsafə uzaqdır, akvapark yoxdur.
Qiymətlər: Standart otaq (iki nəfərlik qiymət) – 149 AZN (həftəsonu 189 AZN), kotec (4 nəfərlik) – 269 AZN (həftəsonu 349 AZN) *(gündə 2 dəfə qidalanma daxil olmaqla).
Vogue Hotel
Ərazi – 5; otaq – 3, kottec – 5; yeməklər – 3 (yalnız səhər yeməyi daxildir, və eyni tipli); servis – 5; əyləncə - 3 (ailəvi mərkəz, hovuz 20:00-da bağlanandan sonra darıxdırıcıdır, akvapark yoxdur).
Qiymətlər iki nəfərlik hesab olunub: Standart otaq – 149 AZN (həftəsonu 189 AZN), kotec – 269 AZN (həftəsonu 349 AZN) *(gündə 2 dəfə qidalanma daxil olmaqla).
El Faro
Ərazi – 4; otaq, kottec – 5, yeməklər – 4; servis – 4, əyləncə - 5.
Qiymətlər (bir nəfər üçün): Standart otaq – 80 AZN, kotec – 90 AZN *(gündə 3 dəfə qidalanma daxil olmaqla).
Oberlux
Ərazi – 3; otaq, kottec – 3; yeməklər – 3, əyləncə - 3.
Qiymətlər (bir nəfər üçün): 45 AZN *(yalnız səhər yeməyi daxil).
Atlant
Ərazi – 3; otaq, kottec – 2, yeməklər – 3, əyləncə - 5.
Qiymətlər bir nəfər üçün: Standart otaq – 65 AZN (həftəsonu 75 AZN) *(gündə 3 dəfə qidalanma daxil olmaqla), kotec – 160 AZN (yeməksiz) (həftəsonu 208 AZN), gündə 2 dəfə qidalanma daxil olmaqla 390 AZN (həftəsonu 450 AZN).
P.S. Ən pozitiv xəbərlərdən biri də odur ki, Nabranın yolu düzəlir, tezliklə "hoppana-hoppana" gəlməkdən şikayət etməyəcəyik. (Aviatravel.az)