FED.az biznes maliyyə portalı turizm sektoru üzrə tanınmış mütəxəssis, “Amazon Travel” şirkətinin təsisçisi və direktoru Seymur Allaverdiyevin yazısını təqdim edir.
Turizm sürətlə inkişaf edən maraqlı bir sektordur. Məşhur amerikalı futuroloq E.Toffler yazırdı ki, bəşəriyyətin gələcək inkişafı iki əsas istiqamətlə bağlı olacaq. Bunlar informasiya texnologiyaları və turizm sahələridir.
Dövrümüzün bütün çətinliklərinə baxmayaraq, səyahət edənlərin sayı artmaqda davam edir. Bəzi insanlar yeni bir şeylər görmək, özlərini müsbət enerji ilə doldurmaq, gərgin işlərlə həddindən artıq yüklənmiş beyinlərini söndürmək üçün səyahət edirlər.
Bəziləri sanatoriyalarda sağlamlıq proqramlarından keçmək və müalicə almaq, digərləri isə maraqlı hadisələrin iştirakçısı olmaq istəyirlər.
Səyahət etmək sağlamlığa necə təsir edir?
Turizm öz qanunlarına uyğun fəaliyyət göstərən və bir neçə onlarla iqtisadi fəaliyyət növünü özündə birləşdirən həyatımızın ayrılmaz hissəsinə çevrilir: nəqliyyat, yerləşdirmə, qida sənayesi, əyləncə, sığorta, xalq sənəti və s.
Ümumiyyətlə turizm, sağlamlıq üçün çox faydalıdır. Gəzinti və ya dağlara dırmaşmaq, xizək sürmək və ya velosiped sürmək, yük daşımaq, avarçəkmə, yeni motor bacarıqlarını inkişaf etdirmək və istənilən hava şəraitində açıq havada qalmaq ilə əlaqəli uzunmüddətli fiziki fəaliyyət bədənin sərtləşməsinə kömək edir. Kamp şəraiti, açıq havada yatmaq, dəyişən təəssüratlar, sərgüzəştlər və səyahətin çox zəngin olduğu sürprizlər - bütün bunlar sinir sisteminə yaxşı təsir göstərir.
Səyahət etmək artıq çoxdandır ki, varlı insanların müstəsna imtiyazı olmasından çıxıb. Artıq çox insan il ərzində öz gəlirindən müəyyən məbləği istirahət üçün ayırır. Ancaq buna baxmayaraq, bir çoxları onları arxa plana qoymağa davam edir və ya hər şey daxil paketdə yalnız dənizə səyahətlərlə kifayətlənir.
Bəs səyahətə niyə bu qədər ehtiyacımız var?
Bəzən həyatımızada elə dönəmlər baş verir ki, yeni qərarlar vermək və ya nəyəsə yenidən başlamaq məcburiyyətində qalırıq. Yaxud da iş dünyasında olduğumuz mövqe bizi qane etmir və yeni bir mərhələyə keçid labüd olur.
Dünyada baş verən prosesləri anlamaq üçün olduğumuz məkandan kənara çıxmaq mütləqdir. Çünki olduğumuz məkan bizə proseslərə yuxarıdan baxmağa, dünyada baş verənləri anlamağa və qərar qəbul etməyə bəzən kömək etmir.
İlk öncə onu deyim ki, səyahət macəradır. İstər başqa şəhərə, istərsə də başqa ölkəyə səyahət etməyin fərqi yoxdur. Sərgüzəştlər və mənzərənin dəyişməsi emosiyaları oyadır, beyninizi problemlərdən uzaqlaşdırmağa, narahat və ya depressiv vəziyyətdən çıxmağa kömək edir. Evdə olarkən eyni emosional enerjini almaq çox vaxt mümkün olmur.
İkincisi, səyahət edərkən özünüzü daha yaxından tanımaq imkanı əldə edirsiniz. Adi şərait və ya tanış şeylər olmadıqda nəyə qadir olduğunuzu öyrənirsiniz. Bundan əlavə, səyahət çox vaxt dünyagörüşünüzü və həyat prioritetlərinizi kökündən dəyişir. Ola bilsin ki, sizdən müəyyən mənada fərqli olan insanları daha yaxşı başa düşməyə və onlarla daha tolerant davranmağa başlayacaqsınız və ya can atdığınız məqsədlərin o qədər də vacib olmadığını başa düşəcəksiniz.Onu da qeyd etmək lazımdır ki, ətraf mühitin dəyişməsi qeyri-adi situasiyalarda tez qərar qəbul etməyi öyrənməyə, həm emosional, həm də fiziki dözümlülüyü inkişaf etdirməyə kömək edir.
Başqa bir tərəfdən səyahət tamamilə yeni bir şey öyrənmək imkanı verir. Siz dünyanın müxtəlif yerlərindən olan insanların coğrafiyası və adət-ənənələri haqqında daha yaxşı xəbərdar olacaqsınız, danışıq ingiliscənizi təkmilləşdirəcək və bir çox heyrətamiz şeylər görəcəksiniz. Səyahət zamanı alışdığınızdan o qədər fərqli təbiət və memarlıq gözəlliklərinə heyran ola biləcəksiniz ki, bu Sizin yaddaşınızda daim qalacaqdır.
Səyahət edərkən siz müxtəlif ölkələrinin mətbəxini dadmaqla unudulmaz qastronomik təcrübələrlə gündəlik həyatınıza rəng qatacaqsınız.
Çox vaxt səyahət həm də yeni tanışlıqlar deməkdir. Nəticədə, hekayələri sizinlə qalacaq və sizi yeni nailiyyətlərə ruhlandıra biləcək yeni dostlar və ya sadəcə xoş həmsöhbətlər tapa biləcəksiniz. Bundan əlavə, yerli sakinlərlə görüşərək siz ərazini tam şəkildə tanıya və onun ab-havasını hiss edə biləcəksiniz.
Və nəhayət: səyahət özünü canlı hiss etməyin ən yaxşı yollarından biridir. Həyəcanlı dünyamızda və gündəlik işlərimizdə həyat həvəsimizi itirməmək üçün canlı təəssüratlara və duyğulara çox ehtiyacımız var. Buna görə də, səyahəti çox uzun müddətə təxirə salmayın.
Tanınmış italyan filosofu Hippo Saint Augustine-nin yaxşı bir ifadəsi var: “Dünya bir kitabdır, səyahət etməyənlər yalnız bir səhifə oxuyurlar”.
Səyahət edin ki, daha çox məlumatlı olasınız...
Seymur Allaverdiyev
“Amazon Travel” Şirkəti
Təsisçi, direktor
https://www.amazontravelclub.az/az