Bir dövlət təsəvvür edin - ordusu yoxdur, ali təhsil və enerji pulsuzdur, insanların hamısı bir-birini üzdən tanıyır, axşamlar isə evin və maşının qapısını heç kim bağlamır. FED.az xəbər verir ki, fastfud və kazino isə ümumiyyətlə yoxdur. Fantastik səslənir, amma dünyada belə ölkə var – İslandiyaya xoş gəlmisiniz!
Eləcə də bax: Saqqız yapışdırmaq 1220 dollar, zibil atmaq 600 dollar – SİNQAPURDAKI CƏRİMƏLƏR
İslandiya vikinqlərin vətəni, qeyzerlər və buzlaqlar ölkəsi kimi tanınır. İqtisadi böhran Avropanın varlı ölkələrini «vurandan» sonra bütün dünya İslandiyanın iqtisadi möcüzəsi barədə danışmağa başladı. İslandiyanın təcrübəsi başqa ölkələr üçün də nümunə ola bilər.
Dünyadakı iqtisadi böhrana «sakit inqilab»la qalib gəliblər
2008-ci ildə İslandiyanın bank sektoru çökdü, amma artıq 7 ildən sonra böhrandan əvvəlki dövrdən də güclü bir hala gəlib. Burada banklara maliyyə dəstəyi göstərmək əvəzinə, onları milliləşdirdilər (dövlətin mülkiyyətinə keçirdilər), fırıldaqçı bankirləri isə həbsə atdılar.
Amma bu hələ harasıdır, 2012-ci ilin 23 oktyabrında minlərlə islandiyalı referenduma çıxaraq yeni Konstitusiyanı dəstəklədi. Əhalinin 93%-i xarici ölkələrə və təşkilatlara olan kreditlərin qaytarılmamasına səs verdi.
Beynəlxalq aləm bu qərardan dəhşətə gəldi, xüsusilə İslandiyaya iri kreditlər ayırmış Britaniya və Hollandiya borclarını qaytarmağı tələb edib, onu sanksiyalarla hədələdilər. Beynəlxalq Valyuta Fondu isə bütün maliyyələşməni dayandıracağını bildirdi.
İslandlar isə bu hədələrə ümumiyyətlə fikir vermədilər: «Bizə deyirdilər ki, əgər beynəlxaq ictimaiyyətin şərtlərini qəbul etməsək, «şimali Kuba» olacağıq. Amma biz bu şərtləri qəbul etsəydik «şimali Haiti olardıq»-deyə İslandiyanın o vaxtkı prezidenti Oulavyur Qrimsson.
Turistlər yerli əhalidən çoxdur
«İslandiyada əhali sayı azdır» demək olar, amma reallıqda say bundan da azdır. Sahəsi 103 min kvadrat kilometr olan ölkədə cəmi 325 min nəfər yaşayır. Yəni hər kvadrat kilometrə cəmi 3 nəfər. Müqayisə üçün bildirək ki, sahəsi İslandiyadan 20% az olan Azərbaycanda əhalinin sayı 30 dəfə artıqdır.
Ölkəyə hər il təqribən 700 min turist gəlir ki, bunlar əhalinin sayından 2 dəfə artıq olması ilə yanaşı, həm də ölkə ÜDM-nin 3-də birini verir.
Hamı bir-birini üzdən tanıyır
Heç bir şişirtməsiz belədir. Məhz bu səbəbdən burada qapıları bağlamırlar, maşının açarını isə üstündə saxlayırlar. Üstəlik, belə etməyənləri nəzakətsiz sayırlar.
Ordu yoxdur, polislər də mehribandır
Ölkəni yalnız sərhədçilər qoruyur. Orduda xidmət etmək istəyənləri isə Norveç ordusuna göndərirlər – İslandiya ilə Norveç arasında bununla bağlı müqavilə var.
Cinayətkarlığın səviyyəsi aşağı olduğuna görə, polislərə silah vermirlər. Bura o qədər təhlükəsizdir ki, kiçik uşaqları tək gəzməyə buraxırlar, dustaqları isə (tək-tük təhlükəlilər istisna olmaqla) bayramlarda evlərinə buraxırlar. Ona görə də İslandiya dünyanın ən komfortlu ölkələrindən biridir.
İsti su yerdən çıxdığına görə, pulsuzdur
İslandiyada geotermal suları, yəni yerdən çıxan isti suyu istifadə edirlər. İsti su pulsuz olduğuna görə, bütün binalar yerdən çıxan su ilə qızdırılır. Soyuq suyu isə istənilən qədər istifadə etmək olar. Avropanın başqa ölkələrindən fərqli olaraq İslandiyada enerji də pulsuzdur.
Güclü səhiyyə sistemi
İslandiya səhiyyə xidmətlərinin səviyyəsinə görə, dünyada 15-ci yeri tutur. Səhiyyə, o qədər yazşı işləyir ki, özəl klinikalara və özəl tibbi sığortaya sadəcə ehtiyac yoxdur. İslandlar – genetik olaraq güclü millətdir, ona görə də burada Daun sindromu ilə uşaqlar demək olar ki, doğulmurlar.
«Makdonalds» da yoxdur
İslandiyada sonuncu fastfud restoranı 2009-da bağlanıb. Müəyyən mənada bunu mənfi hal saymaq olar. Çünki turistlər islandların yerli mətbəxini bəyanməyə bilərlər. Vikinqlərin törəmələrinin sevimli yeməkləri isə Azərbaycana da yaxındır – onlar akula əti və qoyundan bişirilmiş xaşı yeməyi sevirlər.
Pulsuz təhsil
İslandiyada məktəb və kolleclərində təhsil pulsuzdur, amma uşaq bağçası üçün ödəniş etmək tələb olunur.
Bəzi faktlar qeyri-adi səslənsə də, İslandiya artıq uzun illərdir ki, dünyada yaşayış səviyyəsinin ən yaxşı olduğu ölkələrin ilk 10-luğundadır.