FED.az biznes portalı lalemusa.com-a istinadən Kanadada PR alan həmyerlimiz Elxan Cəfərovun müsahibəsini təqdim edir.
Eləcə də bax: Kanadada startaplara dövlətdən çox varlı ailələr kömək edir – HƏMYERLİMİZLƏ MÜSAHİBƏ
Elxan Cəfərov Torontoda təhsil almağın incəliklərindən danışdı:
Kanadaya təhsil yolu ilə gəlmək üçün xeyli pul xərcləmək lazım olduğunu deyir. Düşünür ki, bu ölkədə oturum almaq üçün ən asan yol Ekspres Giriş (Ekspress Entry) proqramına qəbul almaqdır.
Müsahibimiz təhsil yolu ilə Kanadaya üz tutan və PR alan həmyerlimiz Elxan Cəfərovdur. Həmyerlimizlə Kanadada qalmağın yolllarından, xüsusilə təhsil yolu ilə gəlməyin incəliklərindən danışdıq.
Qeyd edək ki, E.Cəfərov immiqrasiya, Kanadada yaşayış barədə məlumatlar yerləşdirilən, müzakirələr aparılan azerbaijani.ca forumunun idarəçisidir.
- Necə oldu məhz Kanadada təhsil almağa qərar verdiniz?
- Kanadada təhsil almağa qərar verməmişdən əvvəl Avropa, Yeni Zellandiya, Avstraliya, Amerika və Kanadadakı təhsil, immiqrasiya şərtləri ilə bağlı araşdırmalar apardım. Hətta bunun üçün İngiltərəyə gedib bir ay qaldım. İngiltərədə qiymətlər yüksək olduğundan, immiqrasiya üçün əlverişli şərait olmadığından başqa Avropa ölkələrini araşdırmağa başladım. İngilis dilini bildiyim üçün qeyri-ingilis dilli ölkələri seçmək istəmədim. Doğrusu, əlavə dil öyrənməyə nə vaxtım, nə də həvəsim var idi. Sonra Avstraliya, Yeni Zellandiya, ABŞ və Kanada arasında müqayisə apardım. Yeni Zellandiyada immiqrasiya üçün yaxşı proqramlar var. Amma birincisi, çox uzaqdır, ikincisi, orada azərbaycanılar azdır. Avstraliyada da yaxşı immiqrasiya proqramları var, amma orada da azərbaycanlılar barmaqla sayılacaq qədər olduğundan, siyahıdan çıxardım.
Ailəli olduğumdan Amerikanı seçə bilmədim. Orada tibbi sığortanı dövlət qarşılamır, özəl sığorta şirkətlərinə müraciət etməlisən. İkincisi, tələbə kimi oxuyub qurtarandan sonra qalıb yaşamaq çox çətindir, uzun müddət tələb edir, təhsil haqqı daha yüksəkdir. Amma qeyd edim ki, Amerikada iş imkanları Kanadadan çoxdur. Ailəli olduğumu, uşaqlar üçün tibbi sığortanın vacibliyini və bunu Kanadada çox rahat əldə edəcəyimi düşünərək Amerikanı da siyahıdan çıxardım. Bütün hallarda, araşdırmalarım göstərdi ki, hava şəraiti yaxşı olmasa da, ailə ilə immiqrasiya etmək üçün Kanada sadaladığım ölkələr arasında ən əlverişlisidir.
- Bəs ixtisas seçimini necə etdiniz?
- Azərbaycanda 20 ilə yaxın təchizat və ehtiyatların idarə olunmsı işində çalışmışam. Son vaxtlar həm də müxtəlif şirkət nümayəndələrinə beynəlxaklq təcrübədən təlimlər keçirdik. BP, Gədəbəydə qızıl çıxaran "Anglo Asian Mining Plc" şirkəti, BP-nin Xəzər dənizindəki əməliyyatları, "AzMeKo" zavodunun tikintisi, "Pepsi-Cola" zavodunun anbarlarının genişləndirilməsi və s. layihələrdə çalışmışam. Çalışdığım müddətdə başa düşürdüm ki, mənim bir zəif nöqtəm var. Belə ki planlamam təhsil əsasında deyil, təcrübə əsasında idi. Biliyimi təhsil yönündən də inkişaf etdirmək üçün Kanadada Project Managment Professional (PMP) təhsili aldım.
- Təhsil aldığınız kolleci hansı kriteriyalar əsasında seçdiniz? Təhsili başa vurandan sonra Kanadada qalmaq üçün seçdiyin kollecin önəmi varmı?
- Kanadada 200-ə yaxın kolleci araşdırdım. Ən əlverişli olanlarını seçdim. Onlar da Toronto şəhərində yerləşirdi. Gələcəkdə iş icazəsi almaq üçün gərək dövlətin maliyyələşdirdiyi kolleci bitirəsən. Torontoda maliyyəsinin bir hissəsi dövlət tərəfindən ayrılan 5 kollec var: Centennial, George Brown, Sheridan, Seneca və Humber College. Mən Centennialı seçdim.
- Azərbaycandan Kanadaya üz tutan həmvətənlərimiz müxtəlif proqramlarla, müxtəlif yollarlla burada qalmağa çalışırlar. Express Entry (Ekspres giriş), təhsil yolu ilə gələnlər də, əyalət proqramlarına müraciət edənlər də, sığınacaq istəyənlər və s. var. Siz təhsil yolununu seçmisiniz. Üç ilə yaxındır burada yaşadığınız, icmamızın üzvləri ilə sıx əlaqədə olduğunuz üçün bu sualı sizə verirəm. Necə düşünürsünüz, Kanadada qalmaq üçün hansı yol daha asandır, təhsil yolu ilə gəlmək, Ekspres Giriş, yoxsa qaçqınlığa baş vurmaq?
- Fikrimcə, ən asan yol Ekspres Giriş dövlət proqramıdır. Bu proqram 3 istiqamətdən ibarətdir; Federal Skills Worker, Federal Skills Trade və Canadian Experience. Bu üç istiqamətdən birinə yarayırsınızsa, hər iki həftədən bir gerçəkləşən seçilmələrdə iştirak edə bilərsiniz. Seçilsəniz, Kanadaya gəlmədən, Azərbaycanda otura-otura daimi oturum kartınızı (PR kart) almaq imkanı əldə edirsiniz.
İkinci asan yol sığınacağa baş vurmaqdır. Əgər Azərbaycanda həqiqətən həyatınıza təhlükə varsa, sığınacaq üçün Kanadaya üz tuta bilərsiniz. Ancaq öz ölkənizdə həyatınıza təhlükə olduğunu gərək məhkəmə zamanı buradakı hakimə sübut edəsiniz. O da ən azı 3-4 il çəkir. Bundan sonra daimi oturum kartı, daha sonra vətəndaşlıq alırsınız. Məhkəmədən keçəndən təxminən 3 il sonra vətəndaşlıq alırsınız. Qeyd edim ki, əvvəllər azərbaycanlılar daimi oturum kartını daha tez alırdılar. Çünki sığınacaq üçün ilə 5-10 nəfər gəlirdi, məhkəmələr tez olurdu. Kanadanın İmmiqrasiya və Mühacirlik üzrə dövlət qurumunun (İmmigration and Refugee Board of Canada) məlumatına görə, 2014-cü ildə 6 nəfər, 2015-ci ildə 18 nəfər, 2016-cı ildə 212 nəfər, 2017-ci ildə 420 nəfər, 2018-ci ildə163 nəfər, 2019-cu ildə isə 103 nəfər Azərbaycan vətəndaşı sığınacaq üçün Kanadaya müraciət edib. 2013-cü illə müqayisədə 2017-ci ildə qaçqın kimi müraciət edənlərin sayı birdən-birə 70 dəfə artıb...
Təhsil yoluna gəlincə, bu yolu seçmək həqiqətən çətindir. Bunun üçün xeyli pul xərcləməlisiniz. Ən ucuz bir illik təhsil proqramı mənim yaşadığım şəhərdə 15-16 min CAD-dır. Vizaya müraciət edəndə viza ofiserlərinə təhsil haqqından əlavə, Kanadada qalarkən xərclərinizi qarşılaya biləcəyinizi sübut etmək üçün bank hesabınızda 15-20 min CAD göstərməlisiniz. Ailənizi Bakıda qoyub gəlirsinizsə, onlar üçün də viza ofiserə maliyyə mənbəyi təqdim etməlisiniz. Ailənizin xərclərinin orta hesabla nə qədər olduğunu, yoldaşınız işləyirsə, nə qədər pul aldığını və yoldaşınızın hesabına əlavə 4-5 min AZN xərclik qoyduğunuza dair sənəd göstərməlisiniz. Yaxud ailənizlə birbaşa Kanadaya gəlirsinizə, kirayəyə nə qədər pul xərcləyəcəyinizi, yoldaşınızın iş icazəsi olacağına görə mağazada kassir və s. işləyəcəyini bildirməlisiniz. Yəni xərclərinizi haradan qarşılayacağınızı, gəlirin haradan gələcəyini məmura izah etməlisiniz. Bu, viza almaq üçün çox vacib hissədir.
Azerbaijani.ca forumunda tez-tez suallar verirlər ki, "qonşudan, dostdan pul alıb hesabımızda pul göstərərək viza əldə edə və sonra pulu qaytarıb Kanadaya gəlib sığınacaq istəyə bilərikmi?". Bu cür yola baş vurmaq istəyənlər məni düz başa düşsünlər. Səfirlikdə oturan viza verən məmurlar bizim hamımızı suya susuz aparıb susuz qaytararlar. Onlar, bu cür yalanları ortaya çıxarmaq üçün xüsusi hazırlanmış adamlardır. Düzdür, min nəfərdən bir nəfər təhsil yolu ilə bəxtə-bəxt viza alıb gəlib burada qaçqın kimi təslim ola bilər. Amma bu, nadir hallardandır. Çox vaxt bu yolla gəlmək istəyənlər rədd cavabı alırlar.
Onu da deyim ki, mən özüm də iki dəfə rədd cavabı almışam, amma bu cavab məni ruhdan salmayıb. İlk dəfə müraciət edəndə düşündüm ki, evim, işim, biznesim var, niyə mənə viza verməsinlər. Bir diletant agentə müraciət etdim, turist vizası əvəzinə təhsil icazəsinə müraciət etdi. İkinci dəfə 2-3 aylıq ingilis dili kurslarında iştirak etmək, Niaqara şəlaləsi və s. yerləri gəzmək istədiyimi bildirərək turist vizasına baş vurdum. Rədd cavabı aldım. Səbəbini araşdıranda məlum oldu ki, Avropa ayağımın altında ola-ola, 10 min km aralıda yerləşən soyuq iqlimli Kanadada ingilis dilini öyrənmək istəməyim səmimi görünmür.
- Oxuyandan sonra Kanadada qalmaq üçün hansı təhsil pilləsini burada bitirməyi tövsiyə edərdiniz?
- İmmiqrasiya məqsədilə gəlmək istəyənlər üçün tövsiyə edərdim ki, magistraturanı burada oxusunlar. Qeyd edim ki, bir il oxuyanlar üçün bir il, iki-dörd il oxuyanlar üçün 2-3 il iş icazəsi verilir.
Mən kollecdə oxumaq üçün bir illik proqramla gəlmişəm. Məsləhət görərdim ki, gəlmək istəyənlər bir illik proqramla vizaya müraciət etsinlər. Amma Kanadaya gələndən sonra bir illik proqramı iki illik proqramla əvəzləsinlər. Çünki iki illik proqramdan sonra 2-3 illik iş vizası almaq imkanı var. Bir illik təhsil Torontoda orta heabla 15-16 min CAD-dır. Həm kollecdə, həm də universitetdə illik təhhhsil haqqı arasında 1-2 min CAD fərq var. Manitoba, Saskaçevanda ucuz proqramlar tapmaq mümkündür. Amma o proqramlara qəbul üçün gərək uzun müddət növbədə gözləyəsən, çünki müraciət edən çox olur.
Bir də hansısa kollecə, universitetə müraciətinizə gec cavab veriləndə düşünməyin ki, göndərdiyiniz sənədlər təhsil müəssisəsinə çatmayıb. Gec-tez sizə cavab verəcəklər. Bu, 1-2 ay çəkə bilər. Ümumiyyətlə, Kanadada bütün idarələr ləng işləyir, amma işləyir. Azərbaycandan fərqli olaraq, saytında nömrəsi, yaxud e-maili yazılıbsa, siz o nömrəyə zəng edəndə, yaxud elektron məktub göndərəndə sizə gec də olsa, cavab veriləcək.
- Toronto Kanadanın bahalı şəhərlərindən biridir. Burada bir tələbənin bir aylıq xərci neçəyə başa gəlir?
- Tələbə kirayə haqqı 600 dollara bir otaq tapa bilər. Bu zaman mənzili başqalarıyla paylaşmalıdır. Belə ki, 3-4 otaqlı mənzilin hər otağında bir adam qalır, mətbəx və hamam otağından bərabər istifadə edilir. Onu da qeyd edim ki, bu cür evlərdə adətən bit-birə olur. Yaxud 4 nəfərdən biri gecə işləyirsə, sabah günorta gəlib yatanda evdə səs-küy olur. Bir az çətindir, amma tələbə üçün ən əlverişli variantlardan biridir.
Bir nəfər üçün aylıq ərzaq təxminən 300-400 dollara başa gəlir. Tim Hortonsdan kofesini, burgerini almaq şərtilə, əksər hallarda yeməyini evdə bişirsə, aylıq 400 dollara qədər pul xərcləyəcək. Kommunal xərclər kirayə haqqının içərisinə daxildir. Aylıq şəhərdaxili limitsiz nəqliyyat kartı tələbə üçün 120 CAD-dır. Telefon pulu İnterneti ilə birlikdə təxminən 50-100 dollar arasında dəyişir. Kitablara da xərcin çıxır. O da tədris ilinin ilk aylarında olur. Əvvəlki kurslardan elektron versiyanı tapmaq mümkündür. Tapa bilməyəndə isə 3-4 tələbə birləşib əvvəlki illərin tələbələrinin satışa qoyduğu kitabları alır. Kiabların qiyməti 70-80 dollar arasındadır. Bir ilə kitablara təxminıən 500 dollara yaxın pulun çıxır.
Ümumilikdə götürsək, Torontoda bir tələbənin aylıq xərci təxminən 1500-2000 dollar arasında dəyişir.
- Təhsil alan tələbəyə dövlət tərəfindən neçə saat işləmək icazəsi verilir?
- Dövlət tələbəyə həftədə 20 saat iş icazəsi verir. Mən həm oxuyur, həm işləyirdim. Amma qeyd edim ki, oxuya-oxuya işləmək çox çətindir. Çünki ya təhsildən, ya da işdən geri qalırsınız. İş tapmaq özü də çətindir. İşəgötürən istəyir ki, günün istənilən vaxtı işə gələ bilən işçisi olsun. Amma kassir, satıcı, gecələr anbarda mal yığan, UBER taksi xidmətində sürücü kimi işləmək əlverişli variantlardır. Onu da deyim ki, postsovet ölkələrindən gələnlər nağd pula fəhlə, satıcı kimi 20 saatdan çox işləyirlər. Təbii ki, bu zaman təhsil keyfiyyətsiz olur.
- Yarımştat işləməklə aylıq yaşam xərclərini ödəmək olurmu?
- Tələbəni heç kim yüksək maaşla işə götürmür. Saatına 14-20 dollara iş tapmaq olar. 20 dollardan həftəlik 20 saat işləsə, bu, 400 dollar edir. Vergiləri də çıxsaq, yerdə 300-320 dollar qalır. Üzərinə 100 CAD qoymaqla bu pulla bir həftəni keçinmək olar.
- Təhsilinizi başa vurandan sonra ailənizi buraya gətirdiniz. Ailə ilə gəlmək də mümkündürmü?
- Ailə üzvlərini birbaşa özünlə, yaxud təhsil ilinin ortasında, ya da təhsilini başa vurandan sonra gətirmək imkanı var. Kanada dövləti buna qarşı çıxa bilməz. Əks halda, bu, ailənin bölünməsi deməkdir.
Mən ailəmi təhsilimi bitirəndən sonra gətirdim. Çünki eyni zamanda həm işləmək, həm təhsil almaq, həm də ailəyə vaxt ayırmaq qeyri-mümkün olardı. Amma ailə ilə də gəlmək imkanı var. Təhsil icazəsinə müraciət edəndə həm özünüz, həm də ailə üzvləriniz üçün müraciət edə bilərsiniz. Bu zaman yoldaşınıza tam ştat - həftədə 40 saat işləmək icazəsi verilir.
Ailəni gətirəndə sığorta xərclərini qarşılamalısan. Bundan başqa, daha geniş ev götürməlisən ki, o da ən yaxşı halda 1400-1500 dollara həyət evinin, yaxud binanın zirzəmisi olacaq. Bunlar əlavə xərclərdir.
- Təhsili başa vurandan sonra iş tapa bilmədinsə nə baş verir? Təhsil aldığın sahə üzrə işləməyin zəruridirmi?
- Təhsili başa vurandan sonra iş icazəsinə müraciət edirsən. İş tapa bilsən də, bilməsən də təhsili başa vurduqdan sonra aldığın iş icazəsi ölkədə qalmağına imkan verir. İş tapa bilməsən, iş icazəsinin müddəti bitəndə ölkəni tərk etməlisən. Ancaq o halda qala bilərsən ki, şirkətində çalışdığınız rəhbər şəxs hökumətə müraciət edib sizin işçi kimi ona lazım olduğunuzu deyir və LMİA (Labour Market Impact Assessment) sənədi alır.
Ontario əyalətində təhsil aldığın sahə üzrə işləmək tələbi yoxdur. Magistratura təhsili alıb fəhlə kimi çalışa bilərsən. Dediyim kimi, bir illik təhsil almısansa, bir il, 2-4 illik təhsil almısansa, 2-3 illik iş icazəsi əldə edirsən.
Təhsil aldığın sahə üzrə işləmək məsələsi əyalətlərə görə dəyişir. Bəzi əyalətlərdə oxuduğun sahə üzrə iş tapmaq tələbi var.
Qeyd edim ki, 2019-cu il ərzində Kanada təhsil müəssisələrinə müxtəlif ölkələrdən 400 min tələbə daxil olub və onların 90 faizi, bəlkə də daha çoxu hər hansı yolla burada qalmağa çalışacaqlar.
- Təhsil müddəti başa çatandan sonra özün rahat şəkildə iş icazəsinə baş vura bilərsən, yoxsa vəkilə, konsultanta ehtiyac var?
- Məndə konsultantın səhvləri və məsuliyyətsizliyi ucbatından o qədər problemlər ortaya çıxdı ki, indiyə qədər həll edib qurtara bilmirəm. Məsləhət görərdim ki, təhsili başa vurandan sonra şəxsən özünüz müraciət edəsiniz. Araşdırsanız, görəcəksiniz ki, müraciət edəcəyiniz proqramla bağlı sizin bilikləriniz daha çoxdur, nəinki mütəxəssis saydığınız adamların.
Təhsili bitirəndən sonra çətinliklərdən biri fiziki güc tələb olunmayan sahədə iş tapmaq məsələsidir. Bütün işəgötürənlər Kanada təcrübənizin olmasını tələb edir. Buna görə çox adam təcrübə yığmaq üçün volontyor kimi, yaxud aşağı maaşla işə başlayır. Dostlarımdan biri Massaçuet Texnologiya Universitetini bitirib, burada Qırmızı Xaç Cəmiyyətində işləyirdi. Vəzifəsi qapı-qapı düşüb evlərdən pul yığmaq idi ki, Cəmiyyətin hesabına pul gəlsin. Onlar da bunun əsasında dostuma volontyorluq kağızı verdilər. Bu da o deməkdir ki, artıq Kanada təcrübəsi əldə etdi. Çox gülməli situasiyadı. Bu boyda təhsili, təcrübəsi olan adam Kanadada təcrübəsinə uyğun iş tapa bilmirdi.
- Təhsil yolu ilə gələrkən övladlarınızın dövlət məktəblərində pulsuz təhsil almaq, həkim müayinəsindən keçmək hüququ varmı?
- Dövlət hesabına tibbi sığortaya (OHİP) o zaman müraciət edə bilərsiniz ki, siz, yaxud ailəniz 18 ay bu ərazidə yaşayasınız. Mən burada 2 ilə yaxın idi yaşayırdım. Buna görə 2 ildən sonra ailəm gələndə rahatlıqla OHİP-ə müraciət etdik.
Mən təhsilimi bitirəndən sonra burada iş icazəsi ilə qalıram, həmçinin yoldaşıma da iş icazəsi verilir. Uşaqlar isə məktəbdə pulsuz təhsil ala bilirlər. Məktəb 4 yaşından başlayır. Dörd yaşına qədər uşaqlar üçün bağça pulludur. Əgər aşağı gəlirli ailələr əvvəlki ildə işləyiblərsə və ailə üzvlərinin sayından asılı olaraq illik gəlirləri təxminən 27-40 min CAD-dan aşağı olubsa, o zaman dövlətdən subsidiya ala bilərlər. Yəni uşaqları bağçaya pulsuz qoymaq olar. Dövlətə əvvəlki ilin gəlir hesabatını verməyənlərə subsidiya düşmür. Bu, o deməkdir ki, tələbə kimi ölkəyə daxil olan ili heç bir müəssisə övladınızı bağçaya pulsuz götürməyəcək. Buna görə məsləhət görərdim ki, ilk ili ailəsiz gələsiniz. Ondan sonra ailənizi gətirdikdə, əgər öncəki ili işləyib vergi ödəmisinizsə, rahatlıqla subsidiya alacaqsınız.
Onu da deyim ki, kolleclərin nəzdində adətən bağçalar olur. Bu bağçaların aylığı dövlət və özəl bağçalarla müqayisədə daha ucuzdur. Torontoda dövlət müəssisələrində bağçaların aylığı təxminən 1000-1600 dollar arasında dəyişirsə, təhsil aldığınız kollecin nəzdində 400-600 dollardır.
- Beləliklə, iş tapdınız, ailənizi də gətirdiniz. Nə qədər müddət sonra PR kartı əldə edə bilirsiniz?
- Təhsilinizi başa vurandan sonra iş təcrübəsi yığmağa başlayırsınız. Təhsil aldığınız əyalət üzrə proqramlara baxırsınız və birini seçib müraciət edirsiniz.
Mən Ekspres Giriş proqramına müraciət etdim. Bir il Kanadad oxuyub, 1 il iş təcrübəsi yığdıqdan sonra Express Girişin Canadian Experience Class (Kanada təcrübəsi) proqramına düşürsünüz.
Əsas odur ki, buradasınız və ən azı 1 il təhsiliniz var. Bu da Ekspres Entry Proqramında 25 bal deməkdir. İş təcrübəniz də olduğundan 25 bal qazanırsınız. İngilis dilinizi inkişaf etdirmisiniz, buna görə əlavə bal gəlir. Lisenziya ala bilsəniz, bu, Ekspres Entri profilində 25 bal deməkdir. Məsələn, elektrik, yaxud santexnikliyi öyrənib lisenziya əldə edə bilərsiniz. Bütün sadaladıqlarım üzrə bal yığdığımdan məni Ekspres Entriyə tez seçdilər - buraya gələndən təxminən 2.5 il sonra... Amma elə adamlar var ki, hələ də gözləyirlər. Yəni seçilmək məsələsi, yığılan ballar hər adamda fərqli olur. Onu da deyim ki, yaşınız çox deyilsə, bu da əlavə baldır.
İki il oxuyub iki il işləyənlərin isə Canadian Experience Class proqramı ilə seçilmək şansı daha çoxdur.
Ekspres Entridən əlavə, hər bir əyalətin müxtəlif proqramları var. Gəlməmişdən əvvəl bütün proqramları araşdırıb sonra təhsil üçün üz tutsanınz, daha yaxşı olar.