Nazirlər Kabinetinin 15 fevral tarixli yeni qərarı ilə hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı artırılıb. Belə ki, koronavirus pandemiyası səbəbindən Azərbaycana gəlişi qadağan olunan bəzi ölkələrin vətənaşlarının ölkəyə gəlişinə icazə verilib.
FED.az xəbər verir ki, Azərbaycana gəlişinə icazə verilən ölkələrin sayı 17 - dir. Siyahıda Gürcüstan, Hindistan, İran İslam Respublikası, Pakistan İslam Respublikası da var.
Bəs yeni qərar pandemiya dövründə əvvəlki illərlə kəskin fərq yaradan turizm sahəsinə necə təsir edəcək?
Mövzu ilə əlaqəli turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov FED.az-ın suallarını cavablandırıb.
C.Aşırovun fikrincə, yeni qərarın nəticəsini gələn aydan görmək mümkün olacaq:
"Yeni siyahıda hava nəqliyyatı vasitəsilə artıq ölkəyə gəlmə imkanlarındakı məhdudiyyətlər aradan qaldırıldı. Yəqin ki, bu qərarın nəticəsinin gələn aydan şahidi olacağıq. Çünki qərarlar verilsə də, hava yollarının hazırlığı, ölkələr arasındakı qarşılıqlı əlaqələr həllini tapmalıdır. Düşünürəm ki, 2019-cu ilə qədər daha çox gəliş sayı göstərən Pakistan, Hindistan, İran yenə də siyahıda olan digər ölkələrə nisbətən yenə pandemiyadan əvvəlki nəticəni göstərəcək. Pakistan və İran Azərbaycana gələn "onluqda" yer alırdı. İran qonşu ölkə kimi həmişə Azərbaycana gəlir. Lakin quru sərhədlərin bağlı olması intensiv artımı göstərməsə də, ümumi olaraq nisbətən turizmin bərpası kimi qiymətləndirmək olar. Azərbaycan otelləri də həm gigiyenik, həm də görülən tədbirlər nöqteyi-nəzərindən buna hazırdırlar. Çünki dünyanın bir çox turizm yönümlü ölkələrində virusa yoluxma sayında artım, yaxud dalğavari artım və ya azalma olsa belə nisbətən yumşalmalar davam edir. Turizm iqtisadiyyatın bir sahəsidir. Bunu tamamilə qapatmaq, tamamilə dondurmaq da olmaz. Çünki bunun da iqtisadi nəticələri ağır ola bilər. Bu səbəblə riski nəzərə alan dövlətlər mərhələli şəkildə məhdudiyyətləri aradan qaldırırlar. Düşünürəm ki, mart ayından xarici turistlərin sayında canlanma müşahidə olunacaq".
- Bu qərar turist sayını nə qədər artıracaq?
- 2020-2021-ci illərdə turist sayında 70-75 % arası azalma vardı. Otellərdə gecələmələrin sayı 80 %-ə yaxın aşağı düşmüşdü. Hazırda turist sayında ciddi dəyişiklik görmürük, lakin yeni qərardan sonra ümid edirik ki, 2019-cu il səviyyəsində olmasa da ümumi gələnlərin sayı son 2 il ilə müqayisədə həm gəlmələrin, həm də otellərin doluluğu sayında artım olacaq.
Azərbaycana 2019-cu ildə təxminən 3 milyondan bir az çox xarici vətəndaş gəlmişdi. Onun 2,9 milyon nəfəri ölkədə gecələdiyinə görə turist saylıdır. 2020 və 2021-ci illərdə təxminən 800 min nəfərə qədər xarici vətəndaş ölkəyə səfər edib. 2022-ci il isə yeni başlayıb, hələ ki konkret nə isə demək mümkün deyil. Lakin hesab edirəm ki, bu il turist sayı 2019-cu il qədər olmasa da ona yaxın nəticədə olacaq".
- Yeni qərar ümumiyyətlə turizmin hansı sahəsinə daha çox təsir edəcək?
- Yeni qərar daha çox gəlmə turizmə, xüsusilə də paytaxta təsir edə bilər. Çünki gəlmə turistlər əvvəlki kimi 3-4 günlük turun təqribən yarısını paytaxtda, yarısını regionda keçirirdilər. Bu da yenə də paytaxtda və regionda otellərin doluluğuna təsir göstərəcək. Ərəb turistləri daha çox regionlara, Pakistan, Hindistan turistləri isə paytaxta maraq göstərirlər. Ümumiyyətlə dünya turistləri üçün hansı ölkəyə getmək həm viza, həm nəqliyyat, həm də vaxt baxımından daha rahatdırsa, ora gedirlər. Çünki dünyada 217 turizm təyinatı var. Onun 30 %-i tam qapalı şəraitdə idi. Qalan böyük hissəsi isə müəyyən şərtlər daxilində xarixi turistləri qəbuı edirdilər. Lakin dünyada gedən yumşalmalar turizmin bəlli nəticəsini dəyişdi. Hətta ötən ilin dünya statistikasında Meksika ən çox turist qəbul edən ölkələr idi. Sonra siyahıda Türkiyə yer aldı. Səbəb isə məhdudiyyətlərin az olması, əlavə sənədləşmənin, baryerlərin olmaması, ölkənin turizmə maksimum səviyyədə açıqlığı idi. Burada da ümumi qaydalar mövcud olsa da xüsusi baryerlər yoxuydu. Turizmi ayaqda saxlamağa çalışan digər ölkələr də əhalinin virusa yoluxma riskini nəzərə alaraq gələn turistlərdən əsasən vaksin parportunu tələb edirlər. Ümumiyyətlə pandemiya dövründə daha çox ölkədaxiıi səfərlər olduğuna görə hazırda turistlər ehtiyacdan irəli gələrək xaricə çıxmaq istəyirlər. Hansı ölkələr ki hava nəqliyyatı ilə gəlişləri, ölkələrarası əlaqələri rahatlaşdıracaq, həmin ölkəyə də turist axını yüksək olacaq. Düşünürəm ki, riskləri nəzərə almaqla bu rahatlığı mərhələli şəkildə yaratmalıyıq".
Məsələ ilə bağlı FED.az-a açıqlama verən “Paramount Travel Club” şirkətinin direktoru Anar Salmanov bildirib ki, belə qərarlar məlum pandemiya şəraitindən sonra gəlmə turizminin canlanmasına öz töhfəsini verəcək:
“Pandemiya səbəbindən fəaliyyət istiqamətləri əsasən gəlmə turizm olan şirkətlər və mehmanxanalar demək olar ki, fəaliyyətlərini dayandırmışdı. Lakin mərhələli şəkildə bir çox ölkələrin vətəndaşlarının ölkəyə girişinə icazə verilməsindən sonra artıq turistlərin azda olsa ölkəyə gəlməsi halları müşahidə edilməyə başlayıb. Xarici turistlərin ölkəyə gəlməsi təbii olaraq ölkəyə valyuta axını deməkdi.
Düşünürəm ki, bu istiqamətdə olan bəzi problemlərin aradan qaldırılması gələcəkdə daha çox turist axının olmasına səbəb olar. Qeyd etdiyim kimi, gəlmə turizm şirkətlərinin və mehmanxanaların fəaliyyətlərini dayandırmağı səbəbindən daha çox maliyyə böhranı yaşanmışdı. Bu səbəbdən ölkəmizin turizm potensialını tanıdılması məqsədilə xaricdə keçirilən sərgilərdə iştirak edilməsində, promo materialların hazırlanmsında və digər xərclərin müəyyən hissəsinin qarşılanması üçün Dövlət Turizm Agentliyi tərəfindən gəlmə turizm üzrə ixtisaslaşmış aparıcı turizm şirkətlərinə və mehmanxanalara dəstək göstərilməsi postpandemiya dövründə turizmin daha tez inkişaf etməyinə və turizm sənayesinin nümayəndələrinə kömək ola bilər”.
A.Salmanovun sözlərinə görə, turist sayının nə qədər artacağı barədə proqnoz vermək hələ ki, tezdir: “Çünki hazırda pandemiyanın nə zaman bitəcəyi və ölkələrin qapanmaya gedib getməyəcəyi barədə dəqiq məlumat olmadığından turistlər səfərlərinin qabaqcadan planmaşdırmaqda tərəddüd edirlər. Belə ki, pandemiya yeni başlandıqda öncədən sifariş edilmiş turların, otel ödənişlərinin və aviabiletlrəin geri qaytarılmasında müəyyən çətinliklər yarandı. Bu kimi hallar da turistlərdə risk etmək qorxusunun qaldığını göstərir. Belə ki, hal-hazırda bir çox ölkələrdən sorğular alırıq lakin, turistlər sifarişlərin təsdiq etməyə risk etmirlər. Cari ilin mart ayında sonra pandemiya vəziyyətinin gedişatından asılı olaraq yay aylarına ölkəmizə turist axını başlaya bilər”.
Qeyd edək ki, qərara əsasən, həmin ölkələrin vətəndaşları və o ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Qərarda göstərilmiş tələblər (COVID-19 pasportu, PCR testi və s.) nəzərə alınmaqla, hava yolu ilə Azərbaycana giriş-çıxış edə bilərlər.