İstanbuldan Azərbaycanın bölgələrinə – xüsusilə Naxçıvan və Gəncə şəhərlərinə olan uçuşlar artıq əlçatandır. Dünən isə bu istiqamətdə daha bir mühüm yenilik baş verib: artıq İstanbul–Naxçıvan istiqamətində yeni aviaşirkət olan “AJet” uçuşlara başlayıb.
AZAL Təbrizə birbaşa uçuşlar açır və Tehrana reyslərin sayını artırır
FED.az xəbər verir ki, “AJet” bu marşrut üzrə reysləri həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçirir. İstanbulun Sabiha Gökçen hava limanından saat 05:55-də havaya qalxan təyyarə, Naxçıvana saat 09:05-də enir. Yeni aviaşirkətin bu reysi, qiymətlərə də əhəmiyyətli dərəcədə təsir edib – çünki biletlər 120 manatdan başlayan qiymətlərlə satışa çıxarılıb. Bu da əvvəllər eyni istiqamətdə uçuşları həyata keçirən “Türk Hava Yolları” ilə müqayisədə (300–600 manat aralığında) sərnişinlər üçün daha sərfəli variant yaradır.
Yay mövsümündə İstanbul–Naxçıvan reysləri üzrə qiymət dəyişiklikləri olduqca kəskin dəyişir. İyun ayında biletlər 102 manatdan başlayaraq 1 399 manata qədər yüksəlir. İyulda qiymətlər 102–819 manat, avqustda isə 112–846 manat arasında dəyişib. Sentyabr ayında isə yalnız bir uçuş qeydə alınıb – həmin reys üçün qiymət 121 manat təşkil edir və ayın sonuna təsadüf edir.
Eyni zamanda, İstanbuldan Gəncəyə olan uçuşlarda da oxşar qiymət dəyişiklikləri müşahidə olunur. Bu istiqamətdə reyslərdə iyun ayında qiymətlər 141 manatdan başlayaraq 1 255 manata qədər yüksəlir. İyulda ən ucuz bilet 133 manat, ən bahalı isə 970 manat müəyyən edilib. Avqustda bu aralıq 86–900 manat, sentyabrda isə 85–900 manat arasında dəyişir.
Bu rəqəmlər göstərir ki, yay aylarında bölgələrə olan səfər tələbatı artdıqca, uçuş biletlərinin qiymətləri də kəskin şəkildə yüksəlir. Eyni zamanda, qiymətlərin bu qədər fərqli olması, biletin nə vaxt alındığına və mövsümi sıxlığa birbaşa bağlıdır.
Yeni aviaşirkətlərin bazara daxil olması və marşrutların artırılması sərnişinlər üçün həm daha çox seçim, həm də qiymət baxımından rahatlıq yaradır. Səyahət planlayanlara tövsiyə olunur ki, erkən rezervasiya etsinlər və reysləri mütəmadi izləsinlər ki, daha sərfəli qiymətlərlə bilet əldə edə bilsinlər.