Türkiyənin İstanbul şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı olub.
FED.az Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir ki, açılış mərasimində Agentliyin sədri Fuad Nağıyev, İstanbul şəhərində Azərbaycanın baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, eləcə də Türkiyə və Azərbaycanın turizm sənayesi və media nümayəndələri iştirak ediblər.
F. Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni mərhələ olduğunu, ikitərəfli münasibətlərin sistemli və səmərəli şəkildə davam etdirilməsi üçün mühüm platforma rolunu oynayacağını, Azərbaycanın turizm brendinin Türkiyədə daha geniş tanıdılmasına töhfə verəcəyini bildirib.
O, türkiyəli ziyarətçilərin Azərbaycana marağının getdikcə artdığını və son 5 ildə ölkəmizə gələn xarici turistlər arasında türkiyəli ziyarətçilərin ikinci yeri tutduğunu qeyd edib.
Mədəni proqram ilə davam edən tədbir çərçivəsində, hər iki ölkənin turizm sənayesi nümayəndələri arasında turizm sahəsində regional əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu ilin 11 ayı ərzində Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 416 mindən çox olub ki, bu da 2024-cü illə müqayisədə 7 % çoxdur.











