Azərbaycana gələn turistlərin gəldiyi ölkələrin coğrasiyasının genişlənməsi onların sayının artması ilə yanaşı, həm də dünyadakı hadisələrin turist sayına təsirini də gücləndirib.
Hindistan-Pakistan gərginliyi Azərbaycan turizminə təsir edəcəkmi? - ARAŞDIRMA
FED.az xəbər verir ki, iyun ayında Hindistan və Pakistan arasında baş verən qısamüddətli silahlı münaqişə də Azərbaycanın turizm sektoru üçün təsirsiz ötüşməyib.
Münaqişə nəticəsində təyyarə uçuşlarının azalması, ən əsası isə Azərbaycanın Pakistanı dəstəkləməsi nəticəsində Hindistandan Azərbaycana turist səfərləri azalıb.
Bu azalmada Hindistanın bəzi turizm şirkətlərinin Azərbaycana səfərləri ləğv etməsi və ölkəmizi boykot çağırışları da rol oynayıb.
Nəticədə 2024-cü ilin eyni dövrü ilə, eləcə də bu il baş verən dinamika ilə müqayisədə ölkəyə gələn Hindistan turistlərinin sayında ciddi azalma olub.
Hindistandan Azərbaycana nə qədər turist gəlir?
Son illərin turizm statistikası göstərir ki, Hindistan turistləri Azərbaycana gələn ümumi turistlərin təqribən 7-10%-ni təşkil edirlər və bu rəqəm daim artmaqdadır.
Belə ki, 2023-cü ildə ölkəyə xaricdən 2 milyon 86 min turist gəlmişdi, onların 5,6%-i və ya 117 min nəfəri Hindistandan gələnlər idi.
2024-cü ildə isə Azərbaycana 2 milyon 627 min nəfər turist səfər edib, onlardan 244,3 min nəfər Hindistandan gəlib. Göründüyü kimi, Hindistandan gələn turistlərin sayı son 1 ildə 2 dəfədən çox artıb.
Artım bu il də davam edirdi. Belə ki, münaqişə baş verənə qədər aylar üzrə göstəricilərdə Hindistanlı turistlərin sayının hər ay artmasü müşahidə olunurdu.
Belə ki, 2024-cü ilin yanvarında Azərbaycana Hindistandan 10 min turist gəlmişdisə, 2025-ci ilin yvanarında bu rəqəm 17 min nəfərə yüksəlib.
Fevralda turist sayı 2024-cü ilin fevralındakı 13,4 mindən 2025-ci ildə 16,4 min nəfərə, martda isə 13,4 min nəfərdən 21,3 min nəfərə yüksəlib.
Aprel ayında Hindistandan Azərbaycana 26 min turist gəlib ki, bu da 2024-ün apreli ilə müqayisədə 2 min nəfər artıqdır.
Nəticədə yanvar aprel aylarında Azərbaycana gələn hind turistlərinin sayı 80 min nəfəri keçib ki, bu da ötən ilin eyni dövründəki 61 min nəfərdən xeyli artıq idi.
Və münaqişə başladı
Hindistanla Pakistan arasında silahlı münaqişə aprelin sonunda başladı
Aprelin 22-də Hindistanın Cammu və Kəşmirin 27 turistin həlak olması ilə nəticələnən terror hüumundan sonra tərəflər bir-birlərini günahlandırmağa başladılar. Sonradan tərəflər bir-birlərinin diplomatlarını ölkədən qovdular, daha sonra silahlı münaqişə başladı.
24 aprel və 6 may tarixləri arasında Pakistan və Hindistan sərhədyanı atəş və artilleriya atəşi də daxil olmaqla ağır atışmalarla məşğul oldular. 7 may 2025-ci ildə Hindistan, Sindoor əməliyyatı kod adlı Pakistana raket zərbələri endirdi. Zərbələrə cavab olaraq Pakistan bir sıra Hindistan təyyarələrini vurduqlarını və Hindistan infrastrukturunu zədələdiyini bildirib.
Bir neçə gündən sonra isə ABŞ rəhbərliyinin vasitəçiliyi ilə silahlı münaqişə dayandırıldı. Amma münaqişə dövründə Azərbaycanın Pakistanı dəstəkləməsi hind turizm şirkətlərinin gözündən yayınmadı və onlar bəzi turist səfərlərini təxirə saldılar. Bu dəyişiklik özünü may ayında ölkəmizə gələn turist sayında da göstərdi.
Hindistan turistləri təqribən 8 min nəfər azalıb
Nəticədə əvvəlki aylardan fərqli olaraq may ayında Hindistanlı turistlərin sayı azaldı və həmin ayda Azərbaycana cəmi 24 min turist gəldi. Halbuki, həm ötən ilin dinamikasını, həm də bu ilin əvvəlindəki dinamikanı nəzərə alanda turist sayı 32 min nəfəri keçməli idi.
Başqa sözlə, münaqişə nəticəsində gözlənilən turistlərin sayında təqribən 8 min nəfər azalma olub.
Turizm şirkətləri nə itirdi?
Hindistandan gələn turistlər Azərbaycanda normal pul xərcləyən turistlər siyahısındadır. Onlar ölkəmizdə olduqları müddətdə adambaşına təqribən 2200 manat xərcləyirlər, buraya otel, restoran, səfər xərcləri və sair aiddir.
Bu məbləği nəzərə aldıqda, turist sayının azalmssı nəticəsində onların gözlənilən, amma həyata keçirilməyən xərcləri də 17,6 milyon manat edir.
Başqa sözlə, Hindistan-Pakistan müharibəsi və bunun nəticəsində hindistanlı turistlərin ölkəmizə səfərlərinin azalması turizm sektorunu 17,6 milyon manatlıq gəlirdən məhrum edib.
Münaqişənin turizm sektoruna daha dəqiqi təsiri, eləcə də bu təsirin hələ də davam edib etməməsi iyun-iyul aylarında daha dəqiq görünəcək. Amma artıq indidən məlumdur ki, yerli turizm şirkətləri və miüvafiq qurumlar bu istiqaməti xüsusi diqqətdə saxlamalıdırlar. Hindistan – 2024-cü ildə Azərbaycana turist sayını 2 dəfədən çox artıran yeganə ölkədir və qonşu ölkə olmamasına baxmayaraq, ölkəmizin gəlmə turizmində böyük potensiala malikdir.