Azərbaycanın daxili turizm sektoru gözlənilməz problemlə rastlaşıb. FED.az xəbər verir ki, son bir neçə həftə ərzində daxili turlarda istifadə olunan avtobusların qiymətləri kəskin artıb.
«Əvvəllər 45 nəfərlik avtobus Qəbələyə tura 400 manata gedirdisə, indi bu qiymət 600 manatdan bahadır». Bunu FED.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) Daxili Turizm Komitəsinin rəhbəri Əziz Şiriyev bildirib.
"Avtobus sürücüləri öz aralarında razılaşırlar ki..."
Onun sözlərinə görə, avtobus sürücüləri və ya bu sahədə işləyən şirkətlər qiymətləri süni surətdə artırırlar: «Avtobus sürücüləri bir-birləri ilə sıx əlaqədədirlər, öz aralarında razılaşdırırlar ki, rayonlara özlərinin istədikləri qiymətə getsinlər».
Nəticədə, avtobuslar 400 manatlıq yola 600-650 manat, 500 manatlıq yola 700-750 manat pul istəyirlər: «Avtobus sürücüləri heç bir əsası olmadan istədikləri qiyməti deyirlər. Bu gün turizm şirkətləri qiymətləri qaldıra bilmir, amma avtobus sürücüləri qiymətləri qaldırmaqla turizm şirkətlərinin nümayəndələrini pis vəziyyətə salırlar»- deyə AzTa nümayəndəsi bildirib.
Qeyd edək ki, daxili turlar əsasən 20, 30, 45, 55 nəfərlik avtobuslarla təşkil olur. Əvvəllər Qəbələyə 380-420 manata gedən avtobusların hazırda bu istiqamətə 500-600 manata getdikləri bildirilir.
Qəbələyə səfər edən 20 nəfərlik avtobuslar isə əvvəl 180 manata getdikləri halda indi 250 manat, bəzən hətta 280 manat tələb edirlər.
55 nəfərlik avtobuslar isə əvvəl 500-550 manata gedirdisə də indi 150 manat daha baha gedirlər. Lənkərana əvvəl 400 manat gedən avtobuslar indi bu istiqamətə minimum 450-500 manat istəyirlər.
Avtobusları da monopoliyaya almaq istəyirlər…
Ən maraqlısı odur ki, bu sahədə də monopoliya əlamətləri görünməyə başlayıb. Turizm şirkətlərinin nümayəndələri FED.az-a bildirir ki, bəzi hallarda çoxsaylı avtobusları olan sahibkarlar, başqa avtobusu olan şəxslərə də beh verib onun maşınlarını da «bronlayır». Turizm şirkəti müraciət edəndə isə baha qiymət deyirlər. «Bütün avtobuslar kirayəli olduğundan şirkətlərin seçimi qalmır və onlar razılaşmalı olurlar»- deyə Əziz Şiriyev bildirdi.
“Qubaya maşın sürmək istəmirik...”
Bir neçə gün əvvəl isə avtobus qıtlığı ilə bağlı vəziyyət o yerə çatıb ki, Bakı- Sumqayıt avtobusları da bölgə turlarına cəlb edilib. Həmçinin Lənkərandan 4-5 ədəd avtobus gətirilib.
Avtobus sürücüləri ən çox qiymət artımını Qəbələ istiqamətində ediblər. Bu da onunla bağlıdır ki, adı çəkilən istiqamət istər yerli, istərsə də xarici turistlər arasında populyardır.
Bəzi avtobus sürücüləri isə Qubaya maşın sürməkdən ümumiyətlə imtina edirlər. Səbəbi həmin ərazinin yolunun dağılmasıdır, nəticədə buradan keçən avtomobillərdə sonradan texniki nasazlıqlar və problemlər yaranır.
«Gecə xarab olan» avtobusu səhər Qəbələ yolunda görürük»
Avtobuslara tələbatın artması və yaranan qıtlıq şəraitində bəzi şəxslər - avtobus sürücüləri və sahibləri daha çox qazanc əldə etmək üçün müştəriləri aldatmaqdan və müxtəlif iyrənc üsullara əl atmaqdan çəkinmirlər. Bu sahədə çalışanlar, tur təşkilatçıları bildirir ki, avtobus sahibləri başqa müştəridən daha yüksək qiymət təklifi aldıqda daha əvvəl danışıb razılaşdığı şirkətin təklifini ləğv etməkdən də çəkinmirlər, bununla da tur təşkilatçılarını və turistləri olduqca pis vəziyyətdə qoyurlar: «Təsəvvür edin, avtobusla danışışıq, razılaşmışıq, hətta beh də vermişik, bir də görürsən, gecə saat 2-də zəng edib bildirir ki, maşında texniki problem var, motoru dağılıb və ya digər hissəsi sınıb, səfərə gedə bilməyəcək. Ya da əvvəlcədən danışıb razılaşdığımız sürücü ümumiyyətlə telefonu qaldırmır. Biz gecə ilə ya yen maşın tapmalı, ya da, turu ləğv etməliyik, bəzən turu ləğv etməli oluruq ki, bu da müştərilərin böyük narazılığına səbəb olur». Ən maraqlısı olur ki, xarab olduğu söylənilən avtobusın sonradan başqa bir tura getdiyi məlum olur: «Axşam bizə guya xarab olduğu və gedə bilməyəcəyi deyilən avtobusun şəklini Qəbələ yolunda çəkib bizə göndərirlər ki, baxın».
“150-200 manatdan 50-70 manata işləyirik”
Avtobusların yaratdığı bu qiymət özbaşınalığı turizm şirkətlərinin gəlirlərini kəskin azaldıb. Onlar indi minimum qazancla işləyirlər: «Avtobus sürücüləri qiymətləri artırmaqlarına baxmayaraq biz turizm şirkətləri daxili turların qiymətini qaldırmamışıq. Çünki qiymətləri artıranda müştərilər imtina edirlər. Nəticədə, əvvəl bir turdan 150-200 manat qazandığımız halda, indi qazancımız 50-70 manata düşüb. Hazırda Qəbələyə bir günlük bir nəfərin minimum qiyməti 21 manat, Lənkərana 25 manat, Qubaya tur isə 20 manatdır” –deyə Əziz Şiriyev bildirib».
«Qiyməti ərəblərə görə qaldırırılar»
Nəqliyyat şirkətləri bildirir ki, qiyət artımı şəxsi avtobusların işidir. Sərnişin daşıma şirkətlərindən biri - AFN Transportun rəhbəri Famil Ömərov FED.az-a bildirdi ki, qiyməti qaldıranlar şəxsi avtobusları olanlardır. Bu sürücülərin qiymətləri süni artırdıqları bildirilir: «Çünki artım üçün heç bir səbəb yoxdur».
Adının çəkilməsini istəməyən avtobus sürücülərindən biri FED.az-a etiraf edib ki, avtobus qiymətlərinin artmasının əsas səbəbi - ərəb turistlərdir. Belə ki, ərəb turistləri çoxsaylı avtobusları kirayələyirlər, bu zaman qiymətlər adətən yüksək olur. Həmin qazancı nəzərə alan sürücülər digər müştərilərə də yüksək qiymət təklif edirlər.
Tamahkar avtobusların «qara siyahısı» tutulsun
Belə vəziyyətin gələcəkdə də təkrarlanacağını imstisna etməyən turizm sektoru çıxış yolunu uzunmüddətli müqavilələrin bağlanmasında görür. Ə.Şirəliyev FED.az-a bildirir ki, turizm şirkətləri və tur təşkilatçıları şəxsi avtobus sahiblərinin özbaşınalıqları ilə rastlaşmamaq üçün nəqliyyat şirkətləri ilə uzunmüddətli müqavilə bağlamalıdırlar: «Nəqliyyat şirkətləri daha ciddi tərəfdaşdırlar və onlarla uzunmüddətli müqavilə bağlayanda səfirdən imtina etmək, qiyməti süni artırmaq kimi hallardan qorunmaq olar».
Təsəvvür edin, haqqında danışdığımız hallar Quba, Qəbələ turunda deyil, Antalya, Gürcüstan turlarında baş versə nə olur? Birgünlük turlardan fərqli olaraq belə səyahətləri daha əvvəlcədən planlaşdırırlar və səfərin ləğv edilməsinin nəticələri daha ağır ola bilər.
FED.az redaksiyası isə tur təşkilatçılarını belə hallardan qorumaq üçün təklif edir ki, belə hallara (yəni müxtəlif saxta bəhanələrlə turu ləğv edən, qiymətləri süni artıran, turistləri pis vəziyyətdə qoyan) yol verən avtobusların və onların sürücülərinin «qara siyahısı» hazırlansın. Bu siyahı bütün turizm şirkətləri və tur təşkilatçıları üçün açıq olsun. Nəticədə təşkilatçılar belə avtobuslarla işləməkdən ya imtina etsinlər, ya da onlara daha ehtiyatla yanaşsınlar.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni biznes sahələri canlananda onun faydası ilə yanaşı, problemləri, riskləri ortaya çıxır, bu təbiidir. Belə halların qarşısını almaq üçün sektor və iştirakçılar birlikdə fəaliyyət göstərməlidirlər.
Gecə «xarab olan» maşınlar və «yanan» qiymətlər – TURLAR ÜÇÜN AVTOBUS «TAPILMIR»
14:05
20 İyun 2019