Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ( BƏƏ) səfiri Daşqın Şikarovun müsahibəsi
- Azərbaycan və BƏƏ arasında turizm sahəsində əməkdaşlığın perspektivini necə qiymətləndirirsiniz? Müsahibələrinizdən birində qeyd etmişdiniz ki, rəsmi statistikaya görə, 2017-ci ildə BƏƏ-dən Azərbaycana 102600 nəfər turist səfər edib. Bu il üçün hansı göstəricilər gözlənilir? BƏƏ-dən Naxçıvan və Gəncə şəhərlərinə birbaşa uçuşların təşkil edilməsi ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafına dair siyasəti nəticəsində ölkəmizin turistik cəlbediciliyi günü-gündən artmaqdadır. BƏƏ-dən olan turist axını Azərbaycan turizm sektorunun və bütövlükdə iqtisadiyyatın inkişafına təkan verir. Qeyd etdiyiniz kimi, statistikaya görə, 2017-ci ildə BƏƏ-dən Azərbaycana 102600 nəfər turist səfər edib. Müqayisə üçün, 2015-ci ildə bu rəqəm 7 min, 2016-ci ildə 48 min nəfər olub.
Sevindirici haldır ki, bu gün Azərbaycan BƏƏ və burada yaşayan digər ölkə vətəndaşları arasında çox tanınan ölkədir. “Reuters” agentliyinin yaydığı məlumata görə, turizm və ticarət sahəsində aparıcı şirkət sayılan TRAVELPORT tərəfindən aparılmış tədqiqatlara əsasən 1 aprel 2017 - 31 mart 2018-ci il ərzində Azərbaycan BƏƏ səyahətçiləri tərəfindən ən çox səfər edilən 2 ölkədən biri olub. Həmin müddət ərzində GDS (Global Distribution Systems) qlobal şəbəkəsinə Azərbaycana səfər etmək üçün daxil olmuş sifarişlərin sayı keçən ilə nisbətən 50% artıb. Digər mənbələrdən əldə etdiyimiz statistik məlumatlar sözügedən rəqəmi təsdiqləyir. Düşünürəm ki, 2018-ci ildə BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayının 150 min nəfərdən çox olmasını proqnozlaşdırmaq olar. Ölkələrimiz arasında birbaşa uçuşların sayca artması, uçuşlara yeni aviadaşıyıcıların cəlb edilməsi, Azərbaycanda hökm sürən əmin-amanlıq, inkişaf, stabillik, qonaqpərvərlik turizmin inkişafına müsbət təsir edən əsas amillərdəndir.
Bildiyiniz kimi, 2017-ci ilin mart ayında BƏƏ-nin “Air Arabia” şirkətinin Şarja-Bakı, 2018-ci ilin mart ayında isə “Etihad” hava yollarının Abu Dabi-Bakı marşrutu üzrə birbaşa reysləri açılıb. Bu uçuşlar ölkələrimiz arasında hava əlaqəsini təmin edən AZAL və “FlyDubai” şirkətlərinin uçuşlarına əlavə olunub. Həftədə üç dəfə olmaqla, uçuşlara başlayan “Etihad” hava yolları tələbin çoxluğuna görə artıq təyyarələrini daha böyük model ilə əvəzləyib, yaxın zamanlarda uçuş sayını artırmaq barədə düşünür. 2018-ci ilin iyun ayından “Air Arabia” şirkətinin Şarja-Bakı xətti üzrə uçuşlara başlaması planlaşdırılır. BƏƏ turistlərinin Azərbaycana artmaqda olan maraqları, birbaşa uçuşlar coğrafiyasının genişləndirilməsini stimullaşdırır. Məhz bu baxımdan, Naxçıvan, Gəncə və Azərbaycanın digər şəhərlərinə uçuşların açılması turist mübadiləsinin artmasına xidmət edə bilər.
- Ölkəmizə gələn ərəblər əsasən ovçuluğa maraq göstərirlər. Qanunsuz ovçuluq halları ilə bağlı rəsmi xəbərlərdə də onların adı çox hallanır. Siz bu barədə nə düşünürsünüz?
- Təkcə BƏƏ-dən deyil, bütün Körfəz Əməkdaşlığı Şurası ölkələrindən Azərbaycana səfər edən ərəblərin bəziləri ovçuluğa maraq göstərirlər.
"Ovçuluğa maraq göstərən BƏƏ vətəndaşları səfirliyə müraciət etdikləri halda, müvafiq qaydada məlumatlandırılır və onların qanun çərçivəsində fəaliyyət göstərmələri üçün əlaqələndirmə işləri təmin edilir"Şübhəsiz ki, turistlərin təkcə ovçuluq deyil, eyni zamanda digər fəaliyyətləri də Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və qaydaları əsasında aparılmalıdır. Qeyd olunmalıdır ki, ovçuluğa maraq göstərən BƏƏ vətəndaşları səfirliyə müraciət etdikləri halda, müvafiq qaydada məlumatlandırılır və onların qanun çərçivəsində fəaliyyət göstərmələri üçün əlaqələndirmə işləri təmin edilir.