Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sahəsində çalışan iş adamlarına müraciət ünvanlayaraq onları sosial məsuliyyətli davranmağa və işçiləri ixtisar etməməyə çağırıb.
FED.az-ın məlumatına görə, müraciətdə deyilir ki, hazırda bütün dünyada vəziyyət yaxşı deyil, ən çox zərər görən sahələrdən biri də turizmdir: «COVID-19 virusunun yayılması demək olar ki, bütün dövlətlərin sərhədlərinin bağlanmasına səbəb oldu, bir çox ölkələrin iqtisadiyyatına zərbə vurdu. Böhran nəticəsində dünya turizm sənayesi ən çox zərər görən sahələrdən biri oldu.
Belə ki, bütün dünya üzrə hotellər bağlanır, turizm agentlikləri, sahibkarlar iflasa uğrayır, işçilər ixtisara salınır. Təəssüf ki, qlobal turizm sənayesinin bir hissəsi olmaqla Azərbaycanın turizm sahəsi də itkilər vermək məcburiyyətində qalır».
Agentlik rəhbəri bildirir ki, dövlət qurumları turizm sektorunun vəziyyətindən xəbərdardır: «Biz ümumi vəziyyətdən xabərdarıq, sənayedən daxil olan, həmçinin sizinlə mütəmadi keçirdiyimiz görüşlər zamanı aldığımız məlumatlara əsasən Azərbaycanda turizm biznesində proseslərin müvəqqəti olaraq dayandırılması və işçilərin ixtisar edilməsi faktarı ilə tanışıq. Əlbəttə, bu, çox ağır və təəssüfləndirici haldır».
Agentlik rəhbəri xatırladıb ki, son illər turizm sahəsində ciddi irəliləyişlər olub, ölkə rəhbərliyi də turizm sahəsini neft-qaz sənayesindən sonra iqtisadiyyatın ikinci gəlirli sahəsi sayır.
«Hazırki qlobal böhrandan da, bu çətin vəziyyətdən də məhz birgə səylərimiz nəticəsində çıxa bilərik»-deyən F.Nağıyevin sözlərinə görə, tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət başçısı tərəfindən hökumət strukturlarına yaxın günlərdə təkliflər paketinin hazırlanması tapşırılıb: «Cənab Prezidentin tapşırıqları çərçivəsində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən də digər dövlət strukturları ilə birgə Azərbaycan turizm sənayesinin dəstəklənməsi üzrə təkliflər paketi hazırlanaraq hökumətə təqdim edilib».
Agentlik rəhbəri iş adamlarını bu sahədə çalışan işçiləri də dəstəkləməyə çağırıb: «Hazırda hamımız üçün ən əsas amil bu sahədə fəaliyyət göstərən hər kəsi dəstəkləməkdir. Təbii ki, yüksək ixtisaslı kadrların itkisi bizim sənaye üçün böyük ziyan deməkdir. Biz buna yol verə bilmərik.
Biz - dövlət sektorunun təmsilçiləri və siz - sahibkarlar bu günlərdə vəziyyətin və qəbul edilmiş qərarların məsuliyyətini anlayaraq davranmalı, turizm sənayesinin, ölkənin və vətəndaşların rifahı naminə birlikdə olmalıyıq.
Buna görə də hər birinizi bu və ya digər qərarları qəbul edərkən sosial məsuliyyəti dərk eləyərək addım atmağa səsləyirik. Sevindirici haldır ki, artıq bir sıra sahibkarlar iş yerlərinin saxlanması ilə bağlı bizim tövsiyələri nəzərə almaq barədə qərar qəbul ediblər».
F.Nağıyev xatırladıb ki, belə böhranlar 21-ci əsrdə birinci dəfə deyil və hər belə böhrandan sonra turizm əvvəlkindən daha sürətlə inkişaf edib: «21-ci əsrin əvvəllərindən dünya turizm sənayesi artıq bir neçə dəfə qlobal böhranla üzləşib. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonrakı dövrü, 2003-cü ildə SARS epidemiyasını, həmçinin 2009-cu ildə qlobal iqtisadi böhranı buna misal çəkmək olar.
Azərbaycanın turizm sahəsi çox gənc olduğundan biz hələ bu cür böhran vəziyyətlərdən keçməmişik. Ancaq yeni dünya sistemi göstərir ki, hər böhrandan sonra turizm bərpa olunur və daha da sürətlə inkişaf edir. Şübhəsiz, bu dəfə də belə olacaq».
«Böhran mütləq surətdə keçəcək. Biz bu böhrandan birgə səylərimiz nəticəsində çıxacağıq. Əlbəttə, biz peşəkar kadrlarımızı qoruyub saxlaya bilsək, bu proses daha effektiv olmaqla daha qısa müddətdə baş verəcək»-deyə müraciətdə bildirilir.