BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri yüksək səviyyədə davam edir.
FED.az xəbər verir ki, həmin müddətdə Azərbaycan, xüsusən də paytaxt Bakı şəhəri 70 mindən çox xarici qonağı qarşılayacaq.
Onlar nüfuzlu beynəlxalq toplantıya qatılaraq müzakirələrdə iştirak və çıxış etmək, işğaldan azad olunan ərazilərə, eləcə də truizm əhəmiyyətli digər yerlərə baş çəkmək məqsədilə Azərbaycanda qonaq qalacaqlar.
İstər belə mötəbər və kütləvi tədbirlərə, istərsə də yay mövsümünə hazırlıq təbii olaraq hotellərin durumunu, ictimai iaşənin, turizm obyektlərində və digər sahələrdə xidmətin səviyyəsini gündəmə gətirir. Çünki əcnəbilər, xüsusən də alim və mütəxəssislər belə məsələlərdə çox həssasdırlar, təşrif buyurduqları şəhərlərə oranın komfort, rahatlıq səviyyəsi, gecələmə şəraiti, kulinariyası nöqteyi-nəzərindən qiymət verirlər. Hazırda da davam edən XXXIII Paris Yay Olimpiya Oyunları zamanı sadaladığımız məsələlərdən nə qədər böyük narazılıqların, şikayətlərin səsləndiyi göz önündədir.
Statistika məlumatlara görə, cari ilin ilk altı ayı ərzində hotel və hotel tipli obyektlərdə gecələmələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,8 faiz artaraq 1851,7 min olub. Gecələmələrin ümumi sayının 66,5 faizi Bakıda, 5,3 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Qəbələdə, 3,3 faizi Şabranda, 2 faizi Lənkəranda, 1,2 faizi Xaçmazda, 1 faizi Naxçıvan Muxtar Respublikasında, 8,8 faizi digər şəhər və rayonlardakı hotellərdə qeydə alınıb.
Xatırladaq ki, Azərbaycanda 750-ə yaxın hotel var. "Turizm haqqında" qanuna görə, ölkə ərazisində fəaliyyət göstərən hər bir hotel fəaliyyətə başladığı altı ay ərzində ulduz kateqoriyası əldə etməlidir. Bir müddət öncə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin təqdimi və Milli Rezervasiya Platformasının təqdimatı reallaşıb. Agentliyin sədri Fuad Nağıyev bildirib ki, indiyə qədər 200-dən çox hotel təsnifatdan keçirilərək ulduz dərəcəsi alıb. 40-a yaxın hotelə tələbləri cavablandıra bilməsi və nöqsanların aradan qaldırılması üçün vaxt verilib: "Əsas hədəfimiz COP29 kimi möhtəşəm beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkilində hotelçilik sənayesinin rolunun gücləndirilməsidir. COP29 çərçivəsində gələcək ziyarətçilərin mərkəzləşdirilmiş şəkildə yerləşdirilməsi üçün rəsmi vahid onlayn rezervasiya platforması üzrə hotellər və digər yerləşmə vasitələri günün tələbləri səviyyəsindədir. Turizm və hotelçilik sahəsi COP29-a tam hazır vəziyyətdədir. Milli Ulduz Təsnifatı əsasında 200-dən çox obyektə ulduz dərəcələri təyin olunub. Onların arasında beş, dörd, üç, iki və birulduzlu hotellər mövcuddur. Ümid edirik ki, iddia etdikləri dərəcəni ala bilməyən hotellər də tezliklə ulduz təsnifatını uğurla adlayanların sırasına qoşulacaqlar. Qeyd edim ki, ulduz təsnifatı regionlar üzrə də davam edəcək".
Mütəxəssis həmçinin bildirib ki, proses boyu bəzi uyğunsuzluqların səbəbləri araşdırılır və aradan qaldırılır: "Təkrar auditə qalan və ya təsnifata yenidən müraciət ünvanlayan hotellər də az deyil. Bir çoxları qüsurları düzəldərək təsnifatdan keçsələr də, hələ ulduz təsnifatının tələblərinə cavab verməyənlər mövcuddur. Onlar yenidən audit olunacaqlar. Bu məsələdə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsi davam edir".
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov da yerli iş adamlarını rayonlarda hotellərin sayının artırılması istiqamətində aktiv fəaliyyətə səsləyib: "Qarşıda bizi COP29 kimi nəhəng tədbir gözləyir. Turistlərin sayında güclü artım var. Postpandemiya dövrünü nəzərə alsaq, hazırda çox yaxşı dinamikanın müşahidə olunduğunu deyə bilərik. Birbaşa uçuşların olması, turistlərin təhlükəsizlik məsələsinə xüsusi diqqətlə yanaşılması, infrastrukturun tam uyğunluğu, həmçinin şəhərimizdə tanınmış hotellərin mövcudluğu bizim üçün bir üstünlükdür. Biz birbaşa uçuşların sayının artmasının tərəfdarıyıq. Çünki logistika məsələsi əhəmiyyətli prosesdir. Bununla yanaşı, regionlarda da hotellərin sayının artmasını istərdik. Bəzi rayonlarımızda hotellərin sayı azdır. Yerli iş adamlarını bu məsələ ilə bağlı fəallığa çağırıram".
Ötən ay Bakıda reallaşan bir tədbirə qatılan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku da Azərbaycanda turizm və hotelçilik sektorunun inkişafı barədə fikirlərini bölüşüb: "Azərbaycana çox sayda səfərlərim olub. İlk gəlişim 2008-ci ilə təsadüf edir. Hər dəfə yenidənqurma, abadlaşma və gözəlliklərlə qarşılaşıram. Bura gələn turistlərin nə qədər məmnun ayrıldıqlarına şahidəm. Tam səmimi şəkildə deyə bilərəm ki, Azərbaycanda bu sahə gündən-günə inkişaf edir və nəticələri də göz qabağındadır" (Azərbaycan qəzeti).