Azərbaycanın geniş kənd turizm potensialı nəzərə alınaraq ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi üzrə müxtəlif layihələr həyata keçirilir.
Eləcə də bax: Aqroturizmlə bağlı seminar keçirildi - FOTOLAR
FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən bildirilib ki, “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” sənədlərində aqroturizmin inkişafı üzrə qarşıya qoyulmuş əsas öhdəliklərin yerinə yetirilməsi üçün müxtəlif layihələr hazırlanır və icra olunur.
"Bu işlərin həyata keçirilməsində bir sıra dövlət qurumları ilə, beynəlxalq təşkilatlarla, yerli qeyri-hökumət təşkilatları ilə uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Aqroturizm fəaliyyətlərinin təşkili və kənd evi sahibləri üçün qonaqlama xidmətinin təşkili üzrə müvafiq olaraq ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) DTA ilə əməkdaşlığı çərçivəsində “Bələdçi” kitabları ərsəyə gətirilib və aidiyyəti subyektlərə paylanılıb. “İcma-Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişaf Strategiyası olaraq Təşviqi” layihəsi çərçivəsində 2020-ci ildə aqroturizm üzrə əl kitabçası dərc olunub. Həmçinin Avropa İttifaqının maliyyə dəstəyi, Avrasiya Əməkdaşlığı Fondu, Konstitusiya Araşdırmalar Fondunun Lənkəran-Astara iqtisadi-regionunda icra etdiyi “Aqroviziya” layihəsinə Agentlik tərəfindən texniki, təşkilati və ekspert dəstəyi verilməkdədir. İcra müddəti 2020-2022-ci illəri əhatə edən layihənin əsas məqsədi kənd yerləri, xüsusən fermer təsərrüfatlarında əlavə xidmət və gəlirlər yaratmaqdan ibarətdir" - deyə qeyd olunub.
Əlavə edilib ki, turistlərin səfər etdikləri region haqqında məlumatlılığının artırılması məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ziyarətçi xəritələri hazırlanıb və bu xəritələrdə aqroturizm subyektləri öz əksini tapıb.
"Hazırda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Dövlət Turizm Agentliyi ilə əməkdaşlığı çərçivəsində yerli və xarici ekspertlərin cəlb edilməsi ilə aqroturizm sahəsində təlimçi olaraq fəaliyyət göstərən təlimçilərin peşəkarlığının və nəzəri-praktiki biliklərinin artırılması məqsədilə təlimatlar toplusu hazırlanır. “Təlimçilər üçün təlimat materiallarının hazırlanması” layihəsi sahəvi təlimçilərin artırılmasına təkan verəcək və bu sahədə maarifləndirməni gücləndirəcək.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi KOBİA, Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulub. Bu məqsədlə layihəyə müraciət edən uyğun namizədlərin seçimi aparıldıqdan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq. Turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir işlərinin aparılması və lazımi avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulur.
“Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsi Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilir və iki əsas sektoru – kənd təsərrüfatı və qastronomiya turizmini nəzərdən keçirərək, fərdlərin və yerli qastronomiyanın qiymətləndirilməsinə, biomüxtəlifliyin və mədəni irsin qorunmasına, davamlı yaşayış potensialına töhfə vermək məqsədi daşıyır. Layihənin Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarında icrası bitib" - bildirilib.
Həmçinin qeyd olunub ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı ilə əsas turizm koridorları üzərində yerləşən seçilmiş aqroturizm məkanlarında texniki dəstəyin verilməsi üzrə layihələr davam etdirilməkdədir. Layihə çərçivəsində Quba, Qusar, Şəki, Qax, Zaqatala, Gəncə, Gədəbəy rayonlarında 20-ə yaxın aqro turizm məkanlarına baxış keçirilib, hər regiondan bir neçə təsərrüfat dəstək alır. (Apa)