2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanın regionlarında mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirlərinin illik artım dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, ölkə üzrə ümumi gəlirlər 25 milyon 634,2 min manat artaraq, ötən illə müqayisədə 5,5 faiz yüksəliş nümayiş etdirib.
Renkinqə artım tempinə görə Neftçala rayonu liderlik edir. Rayondakı otellərin gəlirləri 54 min manat artaraq ötən illə müqayisədə 16,0 dəfə çoxalıb (cəmi 57,6 min manat).
İkinci və üçüncü yerləri eyni artım tempi ilə Salyan və Biləsuvar rayonları bölüşür. Salyan rayonunda gəlirlər 110,5 min manat və ya2,5 dəfə yüksəlib. Biləsuvar rayonunda isə artım 111,4 min manat, yəni 2,5 dəfə təşkil edib.
Qazax rayonunda otel gəlirləri 103 min manat, başqa sözlə 98,4 faiz artıb. Saatlı rayonu 22,4 min manat və ya 79,2 faiz artımla ilk beşlikdə yer alıb.
Kürdəmir rayonunda gəlirlər 94,5 min manat, yəni 78,6 faiz yüksəlib. Zaqatala rayonunda bu göstərici 284,9 min manat, başqa sözlə 74,4 faiz artım kimi qeydə alınıb.
Cənub bölgəsindən Astara rayonunda gəlirlər 553,8 min manat və ya 74,1 faiz artıb.
Böyük turizm mərkəzlərində də ciddi artım müşahidə olunub. Şamaxı rayonunda gəlirlər 3 milyon 161,4 min manat, yəni 61,0 faiz artıb. Şuşa rayonunda isə artım 2 milyon 631,4 min manat, başqa sözlə 55,7 faiz təşkil edib.











