Azərbaycan Rusiya ilə turizm sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır.
Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır
FED.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Qafqaz İnvestisiya Forumunda deyib.
“Rusiya ilə Azərbaycan arasında münasibətlərə gəlincə, burada əsas məsələ, təbii ki, qarşılıqlı investisiyalardır. Düşünürəm ki, turizmi inkişaf etdirmək üçün konkret olaraq investisiya qoymağa davam edəcəyik, çünki bu, həm də vacib sahədir. Bu sahədə göstəricilər ildən-ilə artır və bununla bağlı bizim çox böyük potensialımız var”, - S.Ələkbərov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Şimali Qafqazda turizm sahəsində bir sıra investisiya layihələri həyata keçirir:
“Xüsusilə, Yessentuki şəhərində Azərbaycan şirkəti 25 milyon ABŞ dolları məbləğində özəl investisiyalardan istifadə edərək sanatoriya tikib, sonra isə Jeleznovodskda beşulduzlu sanatoriyanın inşasına daha 26 milyon ABŞ dolları məbləğində sərmayə qoyub. Bu ilin iyununda Kislovodskda azərbaycanlı investorun daha bir sanatoriyası açılıb”.
Nazir müavini əlavə edib ki, Rusiyanın 8 aviaşirkəti Rusiyanın 17 şəhərindən Azərbaycanın 3 şəhərinə müntəzəm uçuşlar həyata keçirir: “AZAL aviaşirkəti isə Bakı və Gəncədən Rusiyanın 12 şəhərinə, o cümlədən Qroznıya müntəzəm uçuşlar həyata keçirir”.
S.Ələkbərov qeyd edib ki, Azərbaycanın İqtisadiyyat Nazirliyinə Qarabağ və Şərqi Zəngəzurda işləmək üçün Rusiya şirkətlərindən 24 layihə üçün müraciət daxil olub:
“Biz bu müraciətləri öyrənir və onların üzərində birlikdə çalışırıq. Ümumiyyətlə, Rusiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə fəal iştirakını gözləyirik. Bu da şübhəsiz ki, Azərbaycan və Rusiya arasında tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək”.
Nəqliyyat dəhlizlərinin inkişafından danışan nazir müavini qeyd edib ki, Rusiyadan İran sərhədinə qədər artıq yol çəkilib, Zəngəzur dəhlizi üzrə işlər də davam etdirilir:
“İranla razılaşdıq ki, indi Araz çayı üzərində körpü tikəcəyik və İran ərazisindən belə bir qol, ikiqat qol olacaq. Zəngəzur vasitəsilə gələcəkdə - 3 ildən sonra, bəlkə də ondan da tez bu xətt (Zəngəzur dəhlizi) də işə düşəcək”. (Report)