Azərbaycanda fəaliyyət göstərən otellər pandemiya səbəbindən indiyədək götürdükləri bank kreditlərini qaytara bilmirlər.
Eləcə də bax: Koronavirus Azərbaycana gələn turistlərin sayında - Kəskin Azalmaya Səbəb olub
Bu barədə FED.az-a həmin otellərdən məlumat verilib. Bakıdakı bir qrup otel idarəçisi və otel sahibləri saytımıza bildirib ki, pandemiya və onun gətirdiyi məhdudiyyətlər səbəbindən ölkəyə xarici turistlərin axını dayandığına görə, onlar tamamilə gəlirdən məhrum olublar. Nəticədə nəinki vaxtilə götürdükləri kreditləri qaytarmaq, hətta cari xərclərini də ödəmək iqtidarında deyillər. Otel sahibləri ölkə rəhbərliyinə - prexident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək otellər üçün ayrıca kredit güzəştlərinin tətbiqini istəyiblər.
Müraciətdə deyilir ki, Azərbaycanda pandemiyadan ən çox zərər çəkən turizm və otel biznesi olsa da, krediti olan sahibkarlar ümumiyyətlə, fəlakətli vəziyyətdədirlər: «Xüsusilə xarici turistlər üçün nəzərdə tutulmuş otel biznesi daha çox itkilərlə üzləşdi. Ən çox mənfi təsirə məruz qalaraq fəlakətli dərəcədə ziyan çəkmiş təbəqə turizm və otel sahəsində biznesin qurulması üçün biznes kreditləri götürmüş sahibkarlar oldu».
Hotellərin təmsilçisi, iş adamı, Bakıda butik otellərdən birinin sahibi Subhan Məmmədov FED.az-a bildirib ki, doğrudur, prezident İlham Əliyevin müvafiq sərəncamı və Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında sahibkarlara dəstək tədbirləri nəzərdə tutulur.
«Təəssüflər olsun ki, həmin tədbirlər tərtib edilib rəsmi təsdiq olunsa da, faktiki olaraq biz turizm və otel sənayesində fəaliyyət göstərən sahibkarlar kimi həmin tədbirlərin real nəticələrini öz üzərimizdə hiss etmirik, yəni bu normativ hüquqi aktlar tam şəkildə icra olunmadığı üçün biz sahibkarlar olaraq böyük çətinliklərlə üzləşmişik və fəaliyyət göstərdiyimiz biznes sahəsi ciddi təhlükə altındadır»-deyə iş adamlarının müraciətində deyilir.
Otel idarəçilərinin imzaladğı müraciətdə deyilir ki, hazırda onlar kreditləri qaytara bilmirlər. Xatırladaq ki, Mərkəzi Bank banklara tövsiyə edib ki, 2020-ci il martın 10-dək biznes krediti olanlara əlavə cərimə faizləri hesablanmasın. Amma otel sahibləri bildirir ki, möhlət verilməsi ilə bağlı banklara edilən müraciətlər də nəticəsiz qalıb: «Mövcud iqtisadi vəziyyətdə götürdüyümüz biznes kredit borcunun ödənilməsində obyektiv çətinliklər yaranmışdır. Buna baxmayaraq kredit borclarının və faizlərin ödənilməsində gecikmələrə yol verməməyə çalışırıq. Lakin məşğul olduğumuz biznes iflas həddinə çatmışdır və artıq ödəmə qabiliyyətimiz “sıfır” dərəcəsinə enmişdir. Bununla əlaqədar müvafiq banklara və qurumlara dəfələrlə müraciət etməyimizə baxmayaraq müraciətlərimiz cavabsız qalmışdır, heç bir kredit tətilləri tətbiq edilməmişdir, biznes kreditləri üzrə faizlər bu gün də hesablanmaqda davam edir. Biz başa düşürük ki, dövlət banklara və digər kredit vermiş təşkilatlara kömək etməlidir ki, onlar da öz növbəsində bizə köməklik edə bilsinlər».
İş adamları bildirir ki, hazırda banklarla münasibətlərdə böyük problemlər var: «Fakt budur ki, bütün digər biznes növlərindən fərqli olaraq bizim çalışdığımız biznes sahəsinin yaşamaq üçün kiçik ümidi, gücü belə qalmayıb. Banklar girovlarımızı yarı qiymətə satsalar da, indi onlar heç bir işə yaramayacaq».
İş adamları bildirir ki, bu addımlar, xüsusilə də kredit güzəştləri otelləri və turizm şirkətlərini qorumaq üçün kifayət etmir. «Cərimələr hesablanmır, amma faizlər olduğu kimi hesablanır, əsas borc da öz yerində, otellər bütün bunları ödəməlidirlər, bu isə mümkün deyil»-deyə S.Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda xüsusilə xarici turistlərlə işləyən otellərin vəziyyəti olduqca acınacaqlıdır. «Bizim gəlirimiz sıfıra düşüb demək olmaz, mənfiyə düşüb demək daha doğru olar».
Otelçilər bildirir ki, vəziyyət elə həddədir ki, dövlət tərəfindən subsidiyalaşdırılan kreditlər də onlara kömək edə bilməyəcək: «Dövlət tərəfindən kredit-zəmanət dəstəyinin veriləcəyi halda, hökumətin elan etdiyi tədbirlərin həyata keçirilməsi nəticəsində zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin 50%-nin dövlət büdcəsi hesabına subsidiyalaşdırılması təqdirdə belə biznes kreditlərinin 18-20% səviyyəsində verildiyini nəzərə alsaq, sahibkarlar tərəfindən qalan 8-10% -i də ödəmək çox çətin olacaq»-deyə müraciətdə bildirilir.
Turizmçilər bildirir ki, yaranmış vəziyyət nəticəsində yerli şirkətlər qonşu ölkələrdən olan rəqiblərinə uduzurlar: «Təcili yardım alan qonşu turizm ölkələri ilə rəqabətdə biz itkilərə yol veririk».
İş adamları bildirir ki, yaranmış vəziyyət və otellərin üzləşdiyi problemlər Azərbaycanın turizm sektorunda əldə etdiyi irəliləyişlərin üstündən xətt çəkəcək: «İşçi heyyətini toplayıb, təcrübəli etmək üçün illər və sərmayələr sərf olunub, hazırda biz bunların hamısını itirə bilərik. Hazırda turizm sektorunda çalışan sahibkarlara dəstək tədbirləri görülməsə bu istiqamətdə keçdiyimiz yol boşa çıxacaq»-deyə prezidentə müraciətdə bildirilir.
Beləliklə, iş adamları vəziyyətdən çıxmaq üçün ölkə rəhbərliyindən 3 istiqamətdə kömək istəyirlər. Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı “Tədbirlər Planı”nın həyata keşırılməsı üçün qərar qəbul edilsin.
2. Turizmin inkişafı üçün ayrılmış biznes kreditlərinin ödənişi (həm əsas həm də faiz hissəsi) ən azı bir il müddətinə dondurulmaqla kredit tətili tətbiq edilsin.
3. Növbəti bir il ərzində isə 2021-ci il mart ayından etibarən, kredit ödənişləri subsidiyalaşdırılmış şəkildə həyata keçirilsin.
«Sözsüz ki, bizim hamımıza indi asan deyil, ancaq təəsüflə qeyd edirik ki, iqtisadiyyatın diğər sahələri ilə biz bərabər tutulsaq bu uçurumdan ğeri qayıda bilməyəcəyik. Bu vəziyyətdə xilasedici qüvvə olduğunuza inanaraq Azərbaycan Respublikasında turizm və biznes sənayesinin çökməsinin qarşısının alınması və bu sahənin bərpa olunub daha da gücləndirilib inkişaf etməsi istiqamətində mümkün olan köməkliyinizi əsirgəməməyinizi xahiş edirik» - deyə müraciətdə bildirilir.