Azərbaycanda turizm xidmətləri üçün minimum haqq müəyyən edilməlidir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" İctimai Birliyinin sədri Tural Musayev Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.
"Turizm sektoru ilə bağlı bir neçə təklif irəli sürmək istəyirəm. Bunlardan biri sertifikatlaşma ilə bağldıır. Turizm qanunvericiliyində 10.1-ci maddədə turizm bələdçiləri sertifikatlaşması könüllüdür, bu məcburi olsa, xarici qonaqlara göstərilən xidmətin keyfiyyətinin artmasını təmin edəcək. İkinci təklifim qanunsuz bələdçilik edənlərə qarşı hər hansı bir mexanizmin tətbiqi və monitorinq sisteminin yaradılmasıdır. Bu, həm də dələduzluq probleminin - ən azından bələdçi və yaxud bələdçi deyilən şəxslərin törətdiyi dələduzluqların qarşısını alacaq və ölkənin imicini qaldıracaq. Üçüncü təklif bələdçilərin sığortalanması, mövsümi iş rejimi ilə bağlı hüquqların qorunmasıdır. Və ən vacibi - göstərilən xidmətin minimum dəyərinin təmin olunmasıdır. Yəni göstərilən ekskursiya və yaxud digər xidmətlərə görə hər hansı minimum məbləğin təyin olunması dempinqin qarşısını almağa kömək edərdi. Bundan başqa, həm gənclərə, həm də turizm bələdçilərinə davamlı təlim və inkişaf proqramlarının təşkil olunması, onların dil bilikləri, mədəni irs və etik davranış standartlarının təkmilləşdirilməsi yaxşı olardı", - deyə o qeyd edib. (Report)












