Azərbaycana çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumunun 350 ABŞ dolları məbləğində müəyyənləşdirilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Əhalinin əksəriyyəti məbləğin miqdarının çox olduğunu hesab edir, bunun turist axınına mənfi təsir edəcəyi düşüncəsindədir.
Xarici İşlər Nazirliyindən məsələyə münasibət bilidirilib və qeyd olunub ki, qiymətlər Avropa İttifaqı ilə viza sadələşdirilməsi sazişinin iştirakçı dövlətləri üçün 35 avro, digər ölkələr üçün 350 dollar olaraq təyin edilib.
Bəs görəsən, bu qiymət digər ölkələrlə müqayisədə çox deyilmi? Bu qiymətlər Azərbaycan turizminə nə kimi təsir göstərəcək?
Məsələ ilə bağlı açıqlama verən turizm mütəxəssisi Ceyhun Aşurov bildirib ki, təyin edilən məbləğ bir qədər çoxdur:
“Əslində, 350 dollar viza üçün kifayət qədər böyük məbləğdir. Bir tərəfdən baxanda, bu, turizm sahəsinə - ölkəyə turistlərin gəlişinə mənfi təsir göstərə bilər. Amma bir məqam var ki, bəzən vizaların sərtləşdirilməsi və ya qiymətinin artırılması təhlükəsizlik məqsədilə tətbiq edilir.
Əksər ölkələrdə də bu, təhlükəsizlik məqsədilə tətbiq edilib. Hazırda bizdə bu addım hansı məqsədlə atılıb, onu dəqiq deyə bilmərəm, bu, sadəcə variantlardır. Amma əgər ölkəyə turist cəlb etmək istəyiriksə, bunun uğurlu olacağını düşünmürəm.
Yenə də deyirəm, viza rüsumları məbləğ olaraq çox yüksəkdir. Çox nadir ölkələrdə bu cür yüksək viza qiymətləri mövcuddur.
Ümumilikdə turizm sahəsində qiymətlərin hər hansı şəkildə artımı tələb-təkliflə tənzimlənsə də, bütün bunların fonunda bu artımlar ölkəyə gələn turistlərin sayının azalmasına təsir göstərə bilər”.
Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov da bu qiymətlərin turistlər üçün əlverişli olmadığını düşünür:
“Təyin edilən 350 dollarlıq viza qiymətləri iş adamları və ya başqa bir səbəblərdən dolayı gələn qeyri-turistlər üçün normal ola bilər. Amma bunu ölkəyə gələn turistlərə şamil etmək olmaz. Turist bir aydan çox Azərbaycanda qalmaq istəyirsə, yaxud ölkəyə daxil olub, başqa bir ölkəyə gedib yenidən Azərbaycana gəlmək istəyirsə, bu qiymət, sözsüz ki, bahadır”.