Azərbaycanda 1996-cı ilə qədər əsasən kolxoz və sovxoz üzvlərinə yaşayış və təsərrüfat təyinatlı pay torpaq sahələri verilirdi. Bu torpaqların ayrılması kənd təsərrüfatı məhsullarının istehsalı, əhalinin məşğulluğu və kənd yerlərinin inkişafı məqsədlərini daşıyırdı.
Bakıda ən ucuz çıxarışlı torpaqlar hansı ərazilərdə yerləşir? - VİDEO
Maraqlıdır, hazırda həmin torpaqlarla bağlı vəziyyət nə yerdədir? Təyinatı üzrə istifadə edilə bilirmi?
FED.az xəbər verir ki, Tovuz rayonu Həsənli kəndi sakini Eyvaz Məmmədov deyir ki, vaxtilə verilən 86 sot pay torpağından hazırda səmərəli istifadə edirlər.
Lakin bəzi yerlərdə sakinlər üçün ayrılan pay torpaqları əlverişsiz ərazilərdən verilib. Xüsusilə bu torpaqlarının ayrıldığı sahələrdə su problemi yaşanır. Yevlax rayonu Hacıselli kənd sakinlərinin sözlərinə görə 96 sot torpağa səpilən yonca 7 dəfə biçilməli olduğu halda su probleminə görə sadəcə 4 dəfə biçilir.
İsmayıllıda isə kəndlilərə verilən pay torpaqları yaşayış məntəqəsindən xeyli uzaqda yerləşir. Bu isə təsərüffat işlərində çətinlik yaradır.
Zaqatala sakinlərinin də qarşısında sözügedən torpaqlarda əkin-biçinlə məşğul ola bilmək üçün müəyyən maneələr dayanır. Onların sözlərinə görə, torpaqların sahəsi az olduğundan mənfəət götürə bilmirlər.
Vaxtilə Qax rayonu Tanqıt kəndində yaşayan Hümbət Əminov isə ona verilən pay torpaq sahəsini satdığını deyir.
Şəki rayonu Şorsu kənd sakinləri isə pay torpaq sahələrinin dəyişdirilməsi və ya əvəz edilməsini istəyirlər.
Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov deyir ki, yaşayış təyinatlı pay torpaqları verilən zaman tikililərə nəzarət bir qədər zəif olduğu üçün həmin illərdə kənd və rayonlarda səliqəsiz böyümələr baş verib. Ekspertin fikrincə, kənd təsərrüfatı təyinatlı pay torpaqları da müəyyən istisnalar olmaqla kifayət qədər uğurlu islahat hesab edilmir.