“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi Xocavənd rayonunun müxtəlif kəndlərində fərdi evlərin layihələndirilməsi və təmirinə müəllif nəzarəti ilə bağlı keçirdiyi 3 tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bütün satınalmalar bir mənbədən satınalma metodu ilə həyata keçirilib:
“ERA-DESİGN GROUP” MMC (VÖEN – 1903672311) ilə 1 538 201 manat məbləğində müqavilə bağlanıb. Müqavilə Xocavəndin 11 kəndi (Hadrut, Qaradağlı, Cəmiyyət, Sos, Ağbulaq, Arpadüzü, Köhnə Tağlar, Görərçi, Müşkabad, Çağaduz, Kəndxurt) ərazisində 639 fərdi evin layihələndirilməsini nəzərdə tutur.
“HİMMEN CONSTRUCTİON” MMC (VÖEN – 1304034061) ilə 1 533 386 manat məbləğində müqavilə imzalanıb. Bu satınalma rayonun Tuğ, Məmməddərə, Zərdanaşen, Qağartsı və Böyük Tağlar kəndləri ərazisində 637 fərdi evin layihələndirilməsini əhatə edir.
“HİMMEN CONSTRUCTİON” MMC ilə həmçinin 90 152 manatlıq daha bir müqavilə bağlanıb. Şirkət Quzumkənd, Cütçü, Qarakənd və Kiş kəndləri ərazisində fərdi evlərin təmir işlərinə müəllif nəzarətini həyata keçirəcək.
Ümumilikdə Xocavənd rayonu üzrə nəzərdə tutulan bu işlərin görülməsinə 3 161 739 manat vəsait ayrılıb.












