FED.az biznes-maliyyə portalı ölkənin tanınmış hüquqşünası, Vəkillər Kollegiyasınını üzvü Pərviz Məmmədovun növbəti yazısını təqdim edir.
Tenderdə iştirak prosedurunun şəffaflaşdırılması və onlayn qaydada (etender.gov.az portalı üzərindən) həyata keçirilməsi bir çox yerli şirkətlər üçün yeni imkanlar açmışdır. Lakin bu sahədə təcrübəsi az olan şirkətlər və iş adamları bəzən bir sıra problemlərlə rastlaşır və öz hüquqlarının müdafiəsinə ehtiyac hiss edirlər.
Bu sahədə çox geniş imkanlar olsa da, həmin şəxslərlə müzakirələr zamanı onların məlumatsız olduğunu görürük. Bu baxımdan bəzi məlumatları, birbaşa satınalan təşkilata, yəni tenderi elan etmiş orqana şikayət vermək hüququ və onun prosedur qaydaları barədə bu yazıda sizinlə paylaşmaq istərdik.
Əsasən, şirkətlərin rastlaşdığı problemlər aşağıdakı məsələlərlə bağlı yaranır:
- Tender elanlarında göstərilən məlumatlara əsasən ehtimal olunan qiymətlərin müəyyənləşdirilməsi,
- Tenderdə iştirak edən digər şirkətlər tərəfindən onların tenderdə iştirakının əngəllənməsi,
- Tender keçirən dövlət qurumunun vəzifəli şəxslərinin şərtlər toplusuna daxil olmayan müxtəlif tələblər irəli sürməsi,
- İşə mahiyyətcə təsir göstərməyən xırda çatışmazlıqlar səbəbindən tenderdə iştirakdan kənarlaşdırma və s.
Bəs bu cür hallarla rastlaşan şirkətlər hansı hüquqlara malikdirlər və qanunla hansı orqanlara şikayət etmək imkanları nəzərdə tutulur?
İlk növbədə onu qeyd etmək lazımdır ki, dövlət satınalmaları (tenderlər) üzərində ikili nəzarət mexanizmi mövcuddur: həm satın alan dövlət təşkilatının özü, həm də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti. Tenderdə iştirak etmək istəyən şirkətlər nəzərə almalıdırlar ki, həm satınalma planı və mərkəzləşmiş portal vasitəsi ilə satınalan dövlət təşkilatına, həm də satıcı qismində tenderdə iştirak edən şirkətlərə nəzarət həyata keçirilir.
Şikayətin verilməsi “Dövlət satınalmaları haqqında” Qanunun VIII fəsli ilə tənzimlənir. Burada şikayətin birbaşa satınalan təşkilata, Antiinhisar xidmətinə və məhkəməyə verilməsi imkanları nəzərdə tutulmuşdur.
Şikayətin satınalan təşkilata verilməsi hüququ o halda yaranır ki, tenderə qoşulan şirkət satınalan təşkilatın öz qanuni vəzifələrini yerinə yetirməməsi səbəbindən itkiyə və ya zərərə düşür və ya düşəcəyini bildirir.
Məsələn, siz tenderə müraciət etmisiniz və müəyyən mallar almısınız ki, tenderdə istifadə edəcəksiz, lakin sizi qanunsuz olaraq tenderdən kənarlaşdırırlar və ya tender heç bir hüquqi və ya obyektiv əsas olmadan ləğv edilir və ya dayandırılır.
Burada bəzi məhdudlaşdırıcı şərtlər var ki, həmin hallarda tenderdə iştirak edən şirkətlər şikayət vermək hüququna malik olmurlar:
- Satınalma prosedurlarının dövlət mənsubiyyətinə görə məhdudlaşdırılması – yəni hansısa bir ölkədə qeydiyyatdan keçmiş şirkətlərin tenderdə iştirakına məhdudiyyət qoyulduğu halda
- Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş əsaslarla bütün tender təklifləri, oferta və kotirovkaların rədd edilməsi barədə qərar qəbul edildiyi halda
Qalan bütün hallarda tenderdə iştirak üçün müraciət etmiş şirkət şikayət etmək hüququna malikdir.
Burada digər bir şərt isə satınalan təşkilatla tenderdə qalib olmuş şirkət arasında bağlanmış müqavilənin qüvvəyə minməmiş olmasıdır, yəni satınalan təşkilata şikayət yalnız həmin müqavilə qüvvəyə minənə kimi verilə bilər. Müqavilə qüvvəyə mindiyi təqdirdə, artıq şikayət vermək hüququnuz olmur.
Daha bir şərt müddətlə bağlıdır. Sizin barəsində şikayət etdiyiniz hal bu barədə məlumatınız olduğu andan 15 bank günü ərzində verilməlidir. Bu müddəti ötürsəniz, artıq satınalan təşkilatın rəhbəri şikayətə baxa bilməz.
Yuxarıdakı şərtlərə riayət edilməklə şikayət verdiyiniz halda, satınalan təşkilat bu məsələni razılaşma yolu ilə həll etməyə cəhd göstərməlidir. Əgər razılaşma yolu ilə həll etmək mümkün olmursa, satınalan təşkilatın rəhbəri şikayəti aldığı tarixdən 20 bank günü ərzində yazılı qərar qəbul etməlidir. Şikayət tam və ya qismən təmin edilirsə, həmin qərarla pozuntunun aradan qaldırılması üçün tədbirləri də həmin qərarda göstərməlidir.
Əgər yuxarıda göstərildiyi kimi, 20 bank günü ərzində satınalan təşkilatın rəhbəri qərar qəbul etməzsə, bu zaman Satınlamalar üzrə Dövlət Agentliyinə və məhkəməyə şikayət vermək hüququ yaranır, beləliklə dəartıq satınalan təşkilatın rəhbəri şikayət barədə qərar qəbul etmək səlahiyyətini itirir.
Müəllif: Pərviz Məmmədov, Vəkillər Kollegiyasınını üzvü.
Əlaqə: (+99450) 224 85 05
Veb-sayt: http://www.parvizmammadov.az