“Meqa Sığorta” ilk 8 ayı 22 milyon 887 min manatlıq yığımla tamamlayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları ötən ilin eyni dövründəki 24 milyon 490 min manatlıq göstəriciyə yaxındır.
Bu dövrdə ödənişlər 1 milyon 817 min manat (20,9%) artaraq 10 milyon 508 min manat olub.
Ötən il ödənişlər 8 milyon 691 min manat idi.
2010-cu ildə təsis edilmiş "Meqa Sığorta" ASC, peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Azərbaycan sığorta bazarının liderlərindən biridir.
Şirkətin fəaliyyətinin şəffaflığını, yüksək maliyyə sabitliyini, sürətli inkişafını təmin etməyə yönəlmiş strategiyasını həyata keçirmək məqsədi ilə "Meqa Sığorta" ASC hər il Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) uyğun olaraq dünyanın aparıcı auditor şirkətləri tərəfindən audit olunur və həmçinin SGS şirkəti tərəfindən təsdiqlənmiş ISO 9001 beynəlxalq standartına uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini tətbiq edir.
Müştəri sorğularının operativ cavablandırılması məqsədi ilə Şirkətin Bakı ofisləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində filial və nümayəndəlik şəbəkəsi mövcuddur.