“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Hacıqabul və Salyan rayonları ərazisində Ələt Azad İqtisadi Zonası üçün ayrılmış ərazilərə düşən elektrik veriliş xətlərinin və qurğularının köçürülməsi, həmçinin perspektiv kabel kanallarının quraşdırılması işlərinin satın alınması üzrə tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, satınalmanın qalibi “Star-Plas” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Layihənin icrası üçün şirkətlə bağlanmış müqavilənin dəyəri 10 milyon 483 min 794 manat 72 qəpik təşkil edir.
"Azərişıq" bundan öncə də “Star-Plas” MMC-yə Bakı şəhəri, Yasamal rayonu Mirzəağa Əliyev küçəsi 130 (Bayramzadə) və Xətai rayonu, Yusif Səfərov küçəsi 21 ünvanlarında yerləşən “Azərişıq” ASC-yə məxsus inzibati binalarda pəncərə şüşələrinin demontaj olunması, üfüqi profillərin yerləşdirilməsi və mövcud pəncərələrdə nəfəsliklərin quraşdırılması işlərinin satın alınması işlərini həvalə edib. Həmin işlərin ümumi dəyəri 134 min 54,48 manat təşkil edib.











