Bir neçə gün əvvəl «Vizam.az»ın rəhbəri, ölkənin kreativ turizm mütəxəssisləirdən olan Baba Ağayev, sosial şəbəkədə xaricdə təhsillə bağlı fikirlərini və olduqca faydalı tövsiyələrini bölüşüb.
Bu sahədə təcrübəsi olan, hazırda ABŞ-da təhsil alan jurnalist Könül Soltanova isə ona opponentlik edib.
FED.az xüsusilə gənclər üçün faydalı ola biləcəyini nəzərə alıb, 1lady.az-a istinadən qiyabi müzakirəni təqdim edir.
Eləcə də bax: Dünyanın ən yaxşı universitetləri açıqlandı - SİYAHI-İLK 500
Baba Ağayev: Hərkəs özündə olmayandan həmişə daha yaxşı danışır. Gəlin, mən də sizə Xaricdə Təhsildən 1-2 cümlə danışım.
Könül Soltanova: Mən də xaricdə təhsil almayan birisi kimi həvəslə bu söhbətə qoşulmaq istəyirəm.
Baba Ağayev: 2010-cu ildə 3-cü kursda təhsil alırdım. Orta statistik azərbaycanlı gənc kimi xaricdə təhsil almağa tələsirdim. Arzusunda olduğum Cenevrə Universitetinə qəbul aldım. Xəyallarımda artıq yola düşmüşdüm və uçurdum. Yolda Təhsil Nazirliyi saxladı ki, sizə Dövlət Təqaüdü düşmür və düşdüm aşağı. Qısacası təhsil haqqının yüksək olmasına görə gedə bilmədim. Bütün karyeram da elə bundan sonra başladı, amma bu başqa mövzudur.
Son 10 ildə belə bir standart fikir formalaşıb ki, bakalavr təhsilini burada bitirən kimi təcili getmək lazımdır xaricdə təhsil almağa. Master və ya MBA oxumağa. İkincisi daha da primitiv səslənir. Gedirik dərslərə, görürük ki, qrupumuzda ortalama yaş həddi 27-28-dir, bizimdə 21-22 yaşımız var. Deyəsən nəsə yanlışlıq var, texniki olaraq olaraq elə görünməsə də.
Könül Soltanova: Dediklərinin tam əksi isə mənim başıma gəlib. 26-27 yaşımda, yəni universiteti bitirib, işə başladıqdan illər sonra MBA təhsili almağa qərara gəldim. İspaniyanın İE universiteti əsas hədəfim idi. İspan dilini bilməyim də əlavə stimul verirdi. Amma digər tərəfdən də Praqaya köçmək istəyirdim. Həmin zamanlar valideynlərim xaricdə oxumaq istəyimə çox qarşı çıxırdı. Mən hətta qısamüddətli səyahətlərə gedəndə belə evdə böyük narazılıq olurdu. Nəhayət Bakıda oxuyası oldum.
Amma ADA-ya qəbul olandan sonra əksəriyyətin 20-21 yaşlı bakalvrı təzə bitirmiş gənclər olduğunu gördüm. Bəs, hanı iş təcrübəsi tələbi, bəs hanı biznes idarə edən insanlar? Hər şeyə rəğmən yarıda buraxmadım təhsili, amma indi bunun nə qədər düzgün qərar olduğuna dair şübhəliyəm.
Baba Ağayev: Uşaqlıqdan bəri xaricdə təhsillə bağlı arzular qururuq. Harvard, MIT, Oxford, Stanford, Cambridge ilə böyüyürük. Böyüdükcə arzularımız kiçilir. Bir də ayılırıq ki, 20 dostumuz arasında universitetimizin adını çəkəndə heç kimin tanımadığı bir xarici universitetdə magistr təhsili alırıq. Bu idimi arzularımız?! Səbəb? Əksər hallarda “indi getməsəm, sonra gedə bilməyəcəm”, “gedim bir az xaricdə yaşayım” kimi əsassız arqumentlər. Atam-anam qohumlara desin ki, qızımız, oğlumuz xaricdə təhsil alır. Oğlumun diplomu xarici olsun”.
Baba Ağayev, Vizam.az və Pickvisa.com
Könül Soltanova: Təki valideynlər elə, “qızımın diplomu xarici olsun” deyib, onları oxutmağa göndərsin, nəinki onlara qarşı çıxsın, onları ərə verməyə çalışsın. Analar balacalıqdan qızlara cehiz hazırlayır, bunun əvəzinə uşaqlara yatırım edib, onları müxtəlif hobbilərə həvəsləndirsin, dərnəklərə qoysun, dil kurslarına və s. Elə uşaqlıqdan, məktəbi qurtarmağı gözləmək lazım deyil və heç bir uşağın üzərinə “mütləq universitetə daxil olmalısan” kimi bir yük qoyulmasın. Çünki gördüyümüz kimi bu yük, bəzən onlara çox ağır gəlir, intiharlara səbəb olur. Bəli, təhsil önəmlidir, amma həyat qədər deyil və 16 yaşda, nəyi seçməli olduğunu anlamaq bəzən çox tezdir. Daha sonra da 4-6 il, sevmədiyin bir ixtas üçün oxumaq, hələ qeyd etsək ki, o ixtisası alarkən keçdiyin bir çox fənlər sənə heç zaman lazım olmur. Azərbaycanda qeyri ixtisas fənlərinin sayı həddindən çoxdur.
ABŞ-da yaşadığım üçün buradakı bir trendi qeyd edim: Hazırda bir çox gənclər ənənəvi təhsilin insana vurduğu ziyana görə, universitetlərə qəbul olunmağa çalışmır, məhz onlara maraqlı sahəni qeyri ənənəvi üsullarla, araşdırma, kurslar, layihələrdə intern kimi çalışmaqla öyrənir. Çoxlu sayda alternativ öyrənmək kanalları vardır.
Gənclər, məhz nəyi öyrənmək istəyirsiniz? Bunun üçün diplom almaq gərəkdir? Universitetlərə qarşı deyiləm, müxtəlif universitetlərdən, kredit şəklində məhz sizə lazım olan fənləri götürün. Məhz oxuyacağınız fənn üçün ödəniş edin.
Baba Ağayev: Gənclərdə dəfələrlə rastlaşmışam ki, işdən çıxma səbəbləri valideynlərin təsiri olur. Valideyn deyir: “Bu iş səni çox yorur. Ona görə də çıx daha rahat iş tap.” Valideynlərimiz həmişə bizim üçün ən yaxşısını arzulayırlar, amma onlar ən yaxşısının nə olduğunu bilirlərmi?
Mənim də anamın hər görüşdə mənə dediyi 1 cümlə var: “Özünü çox yorma.” Niyə? Çünki o anadır. Ana. Səni həyatda ən çox sevən şəxsdir amma təəssüf ki, dövrün tələblərini, karyera yollarını, hansı addımın səni hara aparacağını analiz edəcək nöqtədə deyil. Bəs sən? 18-30 yaşın var. Həyatının ən enerjili mərhələsindəsən. İndi yorulmayıb nə zaman yorulmağı planlayırsan? İş xarakterinin, kommunikasiya boşluqlarının, əzminin formalaşacağı ikinci bir 10 illik verəcəklərmi sənə? Xeyr. 30 yaşında boş CV-li bir şəxsə necə baxarsan? Burada sizə ən uyğun məsləhəti verə biləcək mentorlarınızın olması çox önəmlidir. Kimi özünüzə role model kimi görürsünüzsə, onlara yazın, məsləhət alın. Çəkinməyin! Belə məsələlərdə UTANMAZ olun!
Könül Soltanova: Hər zaman özünüzə yatırım edin. Xərclərinizi diqqətdən keçirin və əslində daha çox kimə dəyər verməli olduğunuzu yadınıza salın. Xobbilərə, maraqlara, faydalı verdişlərə yiyələnin. Uşaqlıqda edə bilmədiklərinizi edin. Dil öyrənin. Azərbaycanda əslində insanların dil öyrənmə qabiliyyətləri yüksəkdir. Alman, fransız, rus, ispan, italyan, portuqal, yapon, koreya, norveç və s dillər öyrənmək üçün müəllimlər tutun. Bir əlavə dil bilmək insana nə qədər qapı açır.
Baba Ağayev: Qayıdaq xaricdə təhsilə. Bakalavrı bitirdin Azərbaycanda. Heç bitirmədən universitet illərində işləməyə başla. İş mühitinin nə olduğunu, tələblərini, çətinliklərini gör. İşlə, öyrən və boşluqlarını, inkişaf etdirməli olduğun və yönlənmək istədiyin spesifik sferanı təyin et. Bax, indi həmin sferanın ən yaxşı universitetlərini araşdır. Və həmin universitetlərdə o boşluqlarını doldurmaq üçün get xaricdə magistratura oxu. Ətrafında özünlə bağlı imic formalaşdırmaq üçün deyil, fasad üçün deyil, daxili inkişaf, sənə lazım olan biliyi almağa get. Ətrafın, valideynlərin üçün deyil, özün üçün get.
Könül Soltanova: Könüllü olmaqdan çəkinmə. Bilirəm, indi hamı Bakıda “gəncləri niyə pulsuz işlədirsiniz”, “niyə pulsuz işləyirsiniz” kimi ağıllı fikirlər irəli sürür. Amma öyrənmək üçün, başlamaq üçün bu hər zaman lazımdır. Mən jurnalist kimi yazmadan illər öncə, yazmağa və tərcümə etməyə elə könüllü kimi başlamışam, ABŞ-da da könüllü kimi çalışmışam ki, buradakı iş mühitini anlayım, faydalı olum.
Burada könüllülük fəaliyyəti genişdir, bütün sahələrdə, necə ki, bizim ASAN xidmətin könüllüləri var, ABŞ-da kitabxanaların, QHT-lərin, Universitetlərin və s çoxlu layihələrin könüllü, şirkətlərin isə intern üçün layihələri var. Ən enerjili yaşlarınızda fiziki cəhətdən daha taqətli olursunuz. Gücünüzün fərqinə, onu itirdikcə varacaqsınız. İşləməkdən qorxmayın. ABŞ-da könüllülük sadəcə gənclər arasında deyil, bütün yaş qrupları arasında geniş yayılıb, bu cəmiyyətə faydalı olmaq, müsbət geri dönüş etmək kimi bir vərdiş növüdür.
Baba Ağayev: Universitet seçimi? Bu da başqa dərddir. 2-5 il gedib gələcəyimiz universitetlərin qərarını 1 göz qırpımında verə bilirik. Öz istəklərinizə uyğun 3-5 universitetlik qısa siyahı yaratdınız? Əgər imkanınız varsa, o universitetlərə qərar verməzdən əvvəl bir baş çəkin. Qalacağınız şəhəri araşdırın, sabah sizə təhsillə paralel lokal təcrübə proqramı tapmağa uyğun şəhərdirmi? Oxuyacağınız universitetin 1 mühazirəsinə qonaq qismində girin. İstədiyiniz budurmu deyə yoxlayın. Yataqxana, kitabxana və digər şəraitləri yoxlayın. Dərs proqramına, müəllimlərin təcrübəsinə baxın. Həmin universiteti bitirmiş tanışlarınız varsa, onlarla məsləhətləşin.
Könül Soltanova: Gerçək olsaq, yuxarıda deyilənlləri etmək elə də asan deyil. Hələ nəzərə alsaq ki, bəzi universitetlərə müraciətin özü belə ödənişlidir. Yəni ayrı-ayrı şəhərdə yerləşən, 3-5 universitetə qəbul alsanız belə, onların hamısına gedib, universitetin dəhlizlərini dolaşmaq, gəlin razılaşaq ki, statistik Azərbaycan gənci üçün əlçatan deyil.
Bəs nə etmək olar? Hal-hazırda mən ümumiyyətlə uzunmüddətli təhsil öhdəliklərinin əleyhinəyəm, çox gözəl sertifikasiya proqramları var ki, bunların bir çoxu onlayn şəkildə əldə edilə biləndir və ya 3-9 ay ərzində bitirmək olur. Mütləq universitet oxumalıyam deyirsinizsə, çox araşdırın, ən yaxşılarını seçin, həmin şəhərdə yaşayan insanlar ilə əlaqə saxlayın, şəhərdəki digər yaşama xərcləri ilə maraqlanın, oxumağa gedəcəyiniz universitetin özündə iş imkanlarını araşdırın. Təbii ki, Babanın yuxarıda qeyd etdiyi tövsiyələri də unutmayın.
Baba Ağayev: Təhsil üçün sahə seçimi? Qlobal trendlərə baxın. Botlar, Artificial İntelligence, Data, AR, VR, Neyromarketing, Fintech və onlarla yeni trendlər var. Öz sferanızla qarışdıra biləcəyiniz ideal proqramlar var. Və şərt deyil ki, sizin bakalavr təhsiliniz texniki olsun. İstənilən sahənin baza biliyini Coursera, Udemy kimi platformalardan onlayn öyrənə bilərsiniz. Və bu spesifik proqramların tamamlanma sertifikatları sizin istədiyiniz universitetlərin uyğun proqramlarına və əlaqəli təqaüd proqramlarına qəbulunuz üçün əlavə üstünlük olacaq.
Könül Soltanova: Kaliforniyada kosmos tədqiqi, kosmos sənayesi və mühəndisliyi kimi belə Azərbaycanda əlçatmaz görünən çox ixtisaslar var. İnsan kaş ki, bakalavrda belə şansım olardı deyir. Lakin siz nə istəyirsiniz? Ən əsası odur
Dahi olmanız gərəkmir, həyat o qədər qəliz deyil. Yaradıcı olun, moda, incəsənət (art), dizayn, şəhər memarlığı, nəqliyyat idarəetməsi, nəqliyyat mühəndisliyi, hüquq, satış yazı, kommunikasiya, ideal olacağınız bir sahə seçin, bəli texnologiya inkişaf edir, amma onları idarə edən insanlardır. Dünyanın hər yerində insanların ilkin tibbi müayinəyə, işıqları sönəndə elektrikə, uşaqları baxçaya verəndə uşaqlarla işləməyi sevən müəlliməyə, dişləri ağrıyanda diş həkiminə ehtiyacı olur. Mən kodlaşdırma bilmirən deyə, panikaya qapılmayın.
Baba Ağayev: Magistr təhsilini müəyyən iş təcrübəsindən sonra oxumaq nə verir?
- İş təcrübəniz, bu müddətə əldə etdiyiniz uğurlar sizə imkan verir ki, daha prestijli universitetə qəbul ola biləsiniz.
- Profilinizin daha yaxşı olması təqaüd alma imkanlarınızı artırır.
- İş zamanı qənaət etdiyiniz məbləğlərlə özünüz üçün təqaüdsüz də oxumaq imkanı yaradırsınız.
- Boşluqlarınızı bilir, oxumaq üçün onu uyğun proqram götürürsünüz.
Xaricdə oxumağı, gedib xarici ölkə görmək, gəzmək kimi ucuz səbəblərlə bəsitləşdirməyin. 22 yaşım olanda 1 dənə də olsun ölkədə olmamışdım. Elə düşünürdüm ki, dünya dağılacaq və mən xarici ölkə görə bilməyəcəm. Sonrasını çoxunuz bilirsiniz.
Könül Soltanova: 2015-ci ilə qədər sadəcə bir dəfə Türkiyədə olmuşdum, düzdü sonra da Baba kimi öz şirkətimi açıb, səyyaha çevrilmədim, amma son dörd ildə gəzdiyim ölkələrin sayı artdı və nəhayət miqrasiya etdim. Ağıllı qərarlar üçün təcrübə lazımdır, bu elə universitet və təhsil almaq yöntəminə də aiddir.
Baba Ağayev: Sualınız yarana bilər ki, bu qədər bilirəmsə, niyə özüm gedib oxumuram xaricdə?
Kim deyir ki, oxumayacağam? 2022-ci ilin fevralında mən də MBA oxumağa gedəcəyəm. Amma bu Personal MBA olacaq. Mənə diplom, bu mövzuda ətrafın fikirləri, Top şirkətlərin tələbləri maraqlı deyil. Bu müddət ərzində (artıq başlamışam) bütün mənə lazım olan sferaları və boşluqlarımı yazıram. Bunların hamısının 1 proqramın içində olması qeyri-mümkündür. Bu səbəbdən dünyanın 6 qitə/materikində, 16 ölkənin Top Universitetlərinin mənə lazım olan qısa kursları əsasında özümə Personal MBA yığıram. Həm gəzəcəyəm, həm oxuyacağam, həm də həmin ölkələrin Top Travel Tech startaplarında pulsuz internship götürəcəm. Məntiqli səslənir? Bir çoxunuza çox güman ki, yox. Amma bunun mənim üçün fərqi yoxdur.
Bu proqramın detallarını da bir gün bölüşəcəm ki, bu Personal MBA-nı necə qururam və 2 ilin sonunda mənə nə verəcək. Bəlkə kiməsə maraqlı oldu.
Könül Soltanova: Məncə əslində çox da məntiqi səslənir. ABŞ-a ilk gələndə belə bir təzyiq var idi, sanki tez-tələsik hansısa universitetdə təqaüd qazanıb, oxumalıyam və bu da San Xoseyə yaxın olmalıdır. Amma mən neçə dəfə oxumuş biri kimi bu təzyiqləri üstümdən atdım, məhz təqaüd qazanmış olduğuna görə də haradasa oxumağa dəyməz, əgər o təhsil sizə cavab vermirsə, istəklərinizə uymursa, çünki sizin zamanınızdan gedir.
Məncə insanlar təqaüd tələsinə də çox düşür. Təhsilə zaman ayıranda sən alternativ gəlir qazanacağın vaxtından istifadə edirsən və sevmədiyin bir şeyə görə bunu etmə. Məsələn, Bakıda istədiyi ixtisasa pulu çatmayıb, pulsuz sevmədiyin ixtisası oxumaq da bunun kimidir. İstər xaric olsun, istər Bakı, qəbul olunmuşam deyə mütləq oxumalıyam deyə fikir yanlışdır.
Qərarım sevdiyim bir neçə universitetin məhz mənə lazım olan proqramlarını oxumaqdır, amma indi deyil, zamanı gələndə.