Qeyri-neft sektorunun inkişafı, ölkədə iqtisadi fəallığın artması, iqtisadiyyata əlavə investisiyaların cəlb edilməsi vergi sisteminin müasir tələb və çağırışlara uyğunlaşdırılmasından çox asılıdır. Son illər Azərbaycanda bir sıra sahələrə vergi güzəştlərinin tətbiq olunması da məhz bu məqsədlərə xidmət edir. Hazırda ölkə iqtisadiyyatının müxtəlif istiqamətlərinə vergi güzəştləri tətbiq edilir. 6 il əvvəl Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisələrində 2013-cü il yanvarın 1-dən təhsil haqqı 18 faizlik əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Həmin vaxta qədər isə dövlət ali təhsil müəssisələri və məktəbəqədər tərbiyə ocaqları ƏDV-dən azad idi.
ELƏCƏ DƏ BAX: Təhsil kreditləri məsələsi birdəfəlik gündəmdən çıxır? - MÖVQE
ELƏCƏ DƏ BAX: Təhsil kreditləri məsələsi birdəfəlik gündəmdən çıxır? - MÖVQE
Vergi güzəştlərinin tətbiq olunduğu sahələr müəyyənləşdirilərkən həmin sahələrin prioritet olub-olmaması, kapitalın və istehlakın xüsusiyyətləri, bu güzəştlərdən istifadə etmək hüququ əldə edənlərin fəaliyyətinin ümumi iqtisadiyyata təsir imkanları və güzəştlərə ehtiyac dərəcəsi nəzərə alınır. Vergi güzəştləri həm də sosial inkişafa - əhalinin məşğulluğunun artırılmasına, sosial gərginlik yaradan faktorların zəifləməsinə, iqtisadi aktivliyin sürətli inkişafına və strateji inkişaf faktorlarına müsbət təsir göstərir. Bütün bunlar isə, dolayı yolla da olsa, uzunmüddətli perspektivdə dövlət xəzinəsinə vergi gəlirlərinin artırılmasına şərait yaradır. Başqa sözlə, vergi güzəştlərinin məqsədləri istehsalın miqyasının genişləndirilməsinə, gizli iqtisadiyyatın aradan qaldırılmasına, xərclərin azaldılmasına, vergi yükünün daha gəlirli sahələr üzrə paylanmasına, investisiyaların stimullaşdırılmasına xidmət edir.
Ali təhsil müəssisələrinə tətbiq edilən vergi güzəştlərinin əsas məqsədi isə universitetlərin xərclərini azaltmaq yolu ilə daha çox sayda gəncin ali təhsil alması üçün əlverişli imkanlar yaratmaq, ödənişli təhsilə əlçatanlığı təmin etməkdir. Ali təhsil müəssisələrinin 18 faizlik ƏDV-dən azad edilməsi universitetlərdə təhsil haqqının artmasına imkan verməmək, əksinə, ödənişlərin məbləğini azaltmaq məqsədi daşıyır.
Ödənişli təhsil xidmətlərinə vergi güzəşti
Ödənişli təhsilin ƏDV-dən azad edilməsi təhsil müəssisələrinin maddi-texniki bazasının formalaşmasına, təhsil xərclərinin aşağı düşməsinə təsir göstərməli idi. Ən əsası isə ƏDV-nin götürülməsi təhsil haqqının azaldılması üçün ciddi əsaslar yaradırdı. Elə 6 il əvvəl ödənişli təhsilin ƏDV-dən azad olunması ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər ali təhsil müəssisələrinin təhsil haqlarını artırmaq istəyinin qarşısının alınmasına xidmət edirdi. Çünki bu dəyişikliyə qədər ali məktəblərdə illik təhsil haqqı, məsələn, 1000 manat idisə, hər tələbədən faktiki olaraq 1180 manat tutulurdu ki, bunun da 180 manatı 18 faizlik ƏDV şəklində dövlətə ödənilirdi. Bu isə gənclərin ödənişli təhsilə marağının azalmasına, pullu xidmət göstərən özəl ali məktəblər üçün nəzərdə tutulan tələbə qəbulu planının boş qalmasına səbəb olurdu. Məhz buna görə də özəl ali təhsil müəsssisələri təhsil haqlarının qaldırılması məsələsini tez-tez gündəmə gətirir, hökumətə müraciət edərək bu istiqamətdə müvafiq addımların atılmasını istəyirdi. Başqa sözlə, özəl universitetlər ƏDV-nin təhsil haqqına tətbiq olunmasını istəmirdilər və hesab edirdilər ki, mənfəətin çox hissəsi bu verginin ödənilməsinə yönəldilir. Yeri gəlmişkən, mövcud qanunvericiliyə əsasən, ƏDV 3 aylıq dövriyyəsi 125 min manatdan yuxarı olan müəssisələrə şamil edilir. Belə müəssisələr təqdim etdiyi bütün xidmətlərdən 18 faiz vergi ödəməlidir. Rüblük dövriyyəsi 125 min manatdan az olan təhsil müəssisələri isə sadələşdirilmiş verginin ödəyiciləri hesab olunur.
İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, ƏDV-nin ləğv edilməsi təhsil müəssisələrinin xərclərinin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu güzəştlərin tətbiq edilməsi universitetlərin iki istiqamətdə fəaliyyətinin genişləndirilməsinə təsir göstərir: «Bunlardan birincisi universitetlərdə çalışan müəllimlərin maaşının artırılması, ikincisi isə təhsil haqqının məbləğinin aşağı salınması ilə bağlıdır. Çünki ölkəmizdə təhsil haqları Avropa ölkələrinə nisbətən daha yüksəkdir və bunun azaldılması vacibdir. Bundan əlavə, ödənişin azaldılması təhsil haqqı ödəmək imkanı olmayan, ancaq təhsil almaq istəyən gənclərin təhsilə əlçatanlıq imkanlarının genişlənməsinə şərait yaradır. Yəni təhsil haqqı üçün ƏDV ödənməsi, əlbəttə, ali təhsil müəssisələri üçün əlavə xərc idi. Bu xərcin aradan qaldırılması ilə universitetlərin yükü azalıb, müəllimlərin maaşının qaldırılmasına, təhsil haqlarının azaldılmasına imkan yaranıb ki, bu da ümumilikdə təhsilin inkişafına müsbət təsir edir».
Beləliklə, bu dəyişikliklərdən sonra hamı gözləyirdi ki, ali məktəblərdə illik təhsil haqqı aşağı salınacaq. Amma müşahidələr göstərir ki, cəmiyyət arasındakı ümidlər və gözləntilər özünü doğrultmadı...
ƏDV-nin ləğvi təhsilhaqlarına təsir etməyib
ƏDV-nin ləğv olunmasının təhsil haqqına heç bir təsiri olmadığını özəl ali məktəb rəhbərləri özləri də təsdiqləyirlər. Azərbaycan Kooperasiya Universitetindən bildirilib ki, universitetə daxil olan tələbə ilə müvafiq müqavilə imzalanır: «Müqavilənin şərtlərinə görə, təhsil haqqı nə qədər müəyyən edilibsə, tələbə onu da ödəyir. Verginin ləğv olunmasında məqsəd təhsil haqqının azalması yox, universitetin özünün maddi-texniki bazasının yaxşılaşdırılmasına dövlət dəstəyini gücləndirməkdir. 18 faizlik vergi güzəştindən toplanan vəsait isə universitetin özünün xərclərinə, müəllimlərin maaşının artırılmasına sərf olunur».
Azərbaycanın iri özəl təhsil müəssisələrindən olan Xəzər Universitetində də vəziyyət eynidir. Həmin təhsil ocağından bildiriblər ki, ƏDV-nin qüvvədə olduğu müddətdə də universitetin ödədiyi vergilərin tələbənin təhsil haqqına aidiyyəti yox idi: «Biz ƏDV-ni hər zaman öz büdcəmizdən ödəmişik. Buna görə də bu verginin ləğv olunmasının tələbənin illik təhsil haqqına təsiri yoxdur. Xəzər Universitetində tələbələr əvvəllər nə qədər təhsil haqqı ödəyirdisə, ƏDV-nin ləğvindən sonra da eyni məbləği ödəyir».
Ekspertlər isə hesab edirlər ki, ali məktəblərin ƏDV-dən azad olunması təhsil haqqının məbləğinə mütləq təsir göstərməlidir. Amma bu verginin ləğvi nəticəsində özəl təhsil müəssisələrinin təhsil haqlarına hər hansı dəyişikliyin edilməsi həmin təhsil müəssisələrinin öz qərarlarından asılıdır. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da vergi güzəştlərinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsinin vacib olduğu qənaətindədir.
Palata sədri Milli Məclisdə gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə çıxışı zamanı vergidən azadolmaların müəyyən vaxt məhdudiyyəti çərçivəsində tətbiqini təklif edib: «Ümumiyyətlə, güzəşt və azadolmaların təsir miqyasının və onların tətbiq olunmadığı təqdirdə həmin vergi məbləğlərinin iqtisadi sistemə effektinin qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Vergi güzəştlərinin tətbiqində əsas məqsəd vergi ödəyicilərinin vergi yüklərinin bərabərləşdirilməsidir. Bu baxımdan, Hesablama Palatası vergi xərclərinin qiymətləndirilməsinin tətbiqini məqsədəmüvafiq hesab edir».
vergiler.az
vergiler.az