Rusiyanın Ukraynaya hücumu, hazırda davam edən müharibə və bu ölkənin bir hissəsinin işğal edilməsi Ukraynada ali təhsil biznesinə də böyük zərbə olacaq. Nəticədə bu ölkəyə xaricdən, o cümlədən Azərbaycandan tələbə göndərilməsində problemlər yaranacaq. Həmin təsiri Azərbaycanın xaricdə təhsil xidmətləri göstərən şirkətlər də hiss edəcək.
Bu barədə FED.az-a «Vecon Consulting» şirkətinin rəhbəri, bizneslərin qiymətləndirilməsi üzrə ekspert Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, hazırda Azərğbaycanda xaricdə təhsil üzrə vasitəçilik xidmətləri göstərən yüzlərlə şirkət və şəxs fəaliyyət göstərir. Hər il minlərlə Azərbaycanlı tələbə təhsil üçün xarici ölkələrə göndərilir.
«Azərbaycanda təhsil şirkətləri əsasən Avropa, Amerika, Türkiyə, Rusiya, Ukrayna istiqamətində fəaliyyət göstərir. Bunlar içərisində ən çox tələbə Ukraynaya göndərilirdi. Hazırda baş verən proseslər – Rusiya-Ukrayna müharibəsi bu ölkədəki ali təhsil prosesinə və tələbələrin göndərilməsinə ciddi təsir göstərəcək».
Xatırladaq ki, hazırda davam edən hərbi əməliyyatlar böyük insan itkiləri, o cümlədən dinc əhali arasında itkilərlə müşayiət olunur. Ekspertin sözlərinə görə, nəticədə nəinki indi, hətta müəyyən müddət sonra da Ukrayna ali təhsil məkanı kimi təhlükəsiz olmayacaq:
«Hazırdakı vəziyyət - Ukraynanın müharibə şəraitində olması və ərazisinin bir hissəsinin işğalı Azərbaycan vətəndaşları üçün növbəti təhsil ilində bu ölkəni seçməsinə müəyyən təsir edəcək. Hətta proses müsbət istiqamətdə həll olunsa belə psixoloji təsirlərə görə valideynlər övladlarını uzun müddət Ukraynaya göndərmək istəməyəcək».
Ekspertin sözlərinə görə, oxşar proqnoz Rusiyadakı ali təhsilə də aiddir. Müharibə və yaranmış qeyri-müəyyənlik Rusiyada da ali təhsillə bağlı narahatlıqlara səbəb olaxaq: «Rusiya və Ukrayna istiqamətində fəaliyyət göstərən xaricdə təhsil biznesi qurumları ciddi problemlə üzləşəcəklər. Onların sifarişçilərinin və gəlirlərinin azalması, nəticədə maddi itkilərə məruz qalacaqları qaçılmazdır».
Doğrudur, gələcəkdə, Ukrayna və Rusiya arasında münasibətlər normal məcraya düşərsə, bu problemlər də aradan qalxa və ali təhsil prosisləri yenidən bərpa oluna bilər. Hələliksə, ekspertin sözlərinə görə, xaricdə təhsil şirkətləri biznesin istiqamətini dəyişərək Avropa və Türkiyə ali məktəbləri ilə işləməyə üstünlük verməlidirlər: «Hazırda bunun üçün kifayət qədər şərait də var. Əhalinin əksəriyyəti Türkiyə - Azərbaycan qardaşlığının daha çox möhkəmlənməsi və münasibətlərinin yüksək səviyyədə inkişafı səbəbindən Türkiyə universitetlərində təhsil almağa çalışırlar, bu da, Ukrayna itkilərinin kompensasiyası olacaq. Bunu həmin istiqamətdə fəaliyyət göstərən biznes şirkətlərinə tövsiyyə kimi bildirirəm».