Samir Novruzov - özəl və dövlət sektorlarının idarəçiliyi üzrə ekspert, idarəçilik konsaltinqi üzrə fəaliyyət göstərən Management Consulting Group-un təsisçisi və baş icraçı direktorudur. Birləşmiş Krallıq İdarəçilik İnstitutunun, ABŞ-nin İctimai Siyasi Münasibətlər və İdarəçilik üzrə Qlobal Şərəf Cəmiyyətinin fəxri üzvüdür. Birləşmiş Krallığın Kardif Universitetinin MBA, ABŞ-nin Merilənd Universitetinin Publik və Dövlət İdarəçiliyi üzrə Master dərəcələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2024-cü ildə Merilənd Universiteti İctimai Siyasi Elmlər Məktəbinin İdarəçilik Proqramları tərəfindən Beynəlxalq İdarəçilik Konsaltinqi və İdarəçilik sahələri üzrə müstəsna xidmətləri və dəyərli töhfələrinə görə Təqdir Mükafatı ilə təltif olunmuşdur.
FED.az-a müsahibəsində ekspert xaricdə təhsil və onun əhəmiyyəti, eləcə də təhsil imkanlarından düzgün istifadə ilə bağlı sualları cavablandırıb.
- Samir müəllim, iki beynəlxalq dərəcəli menecment təhsilinə maliksiniz. Ümid edirik sonuncu deyil. Aparıcı dövlətlərin qabaqcıl universitetlərində təhsil almaq çoxmu önəmlidir?
- Aparıcı universitetlərdə təhsil almaq heç də həmin şəxslərin zəkasının üstünlüyünün göstəricisi yox, bu mövcud zamanda buna vaxt və imkanın olmasını bildirir. O qədər istedadlı və zəkası olan şəxslər var ki, bu və ya digər səbəblərə görə bu imkanları olmayıb, yaxud da, buna ehtiyaclarının olmadığına qərar veriblər. Xüsusən yaşadığımız dövrdə əksər resurslara, ədəbiyyatlara çıxış imkanları hamı üçün açıq və mövcuddur. Təbii ki, təhsil önəmlidir, amma o zaman əhəmiyyətli olur ki, təyinatı və mahiyyəti üzrə uyğunluq təşkil etmiş olsun və tətbiq edilsin.
Aparıcı universitetlərdə alınan dərəcə və diplomlar label (leybol) yəni, üstünlük nişanı rolunu oynayır, müasir dünyada yüksək ödənişli iş qazanmaq üçün vasitədir və bundan bir çox aparıcı transmilli korporasiyalar bu tendensiyadan məharətlə yararlanır. Məsələn, dünyanın Menecment Konsaltinq üzrə nəhəngi McKinsey öz işə qəbul prosesində dünyanın top 10-20-liyinə daxil olan namizədlərə üstünlük verir. Belə deyək, bu bahalı oyunçular heyəti ilə xidmətlərinin baha qiymətə satmağa, fantastik məbləğlərdə kontraktlar imzalamağa əsasları olur.
Hal-hazırda bizim dövlət vəzifələrində də buna uyğun gələn başqa çalarda bir tendensiyasının şahidi oluruq. Yüksək postlarda olan şəxslərin top onluğa daxil olan universitetlərdə təhsil almalarının şahidi oluruq. Bir növ kütləyə yeni təyinatların o posta daha layiq olduğunun mesajı verilmiş olur. Hələ bu görünən yaxşı tərəfdir. Fikrimcə, ən doğru olmayanı isə top universitetlərin aylıq onlayn kurslarını bitirib, özlərini həmin universitetin məzunu olduğu kimi təqdim etməkdir.
Ümumi götürdükdə isə, aparıcı ölkələrdə təhsil almaq, şəxsi və peşəkar inkişaf, bilik mübadiləsi və ideyaların sistemləşdirib alət halında gətirə bilməyin üçün inanılmaz müsbət imkanlar, dinamika yaradır.
Digər əsas müsbət tərəfi netvorkinqdir. Elm mühitində dünyanın müxtəlif ölkələrindən, əsaslı, rəngarəng təcrübəyə sahib professorlar, tələbələr və təhsil idarəçiləri ilə rastlaşıb, təcrübə və fikir mübadiləsinin yaranması, müxtəlif qrup və fərdi layihələrdə göstərilən səylər və bu səylərin yaratdığı təsir, akademik və peşəkar səviyyədə tanışlıqların, tərəfdaşlıqların yaranmasına və inkişafına təkan vermiş olur.
Hər zaman bildirmişəm ki, təhsil almaq heç bir zaman hədəf rolunu oynamalı deyil, təhsil almaq hədəflərə çatmaq üçün bir vasitə, alət olmalıdır.
- Azərbaycanda təhsilin səviyyəsi barədə nə düşünürsünüz?
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” kimi müsbət addımlar atıldığını müşahidə edirəm və bu kimi proqramların lokal səviyyədə, yaxud ayrı-ayrı qurumlar tərəfindən həqiqətən ehtiyaclı olan sahələrə yönləndirilməsini doğru və effektiv olduğunu düşünürəm. İlk növbədə, yerli və qurum təşkilatlar qurum və fəaliyyətlərinə töhfə verəcək mütəxəssislərin yetişdirilməsində maraqlı olmalıdır. Yəni, tələbə bakalavr təhsili aldıqdan sonra peşə fəaliyyəti üzrə ixtisaslaşmalıdır. Əsas fokus tələbəyə deyil, dövlətimizə və milli iqtisadiyyatımıza fayda verəcək mütəxəssis və peşəkarların yetişdirilməsinə yönəldilməlidir. Master təhsil dərəcəsi üzrə təhsil alacaq mütəxəssislərin qiymətləndirmə prosesinin şəffaf və obyektiv təşkili üçün müvafiq peşə və ixtisaslar üzrə ixtisaslaşmış aparıcı mütəxəssislərin müstəqil, qərəzsiz ekspertlərin anononimlikləri qorunmaq şərti ilə qiymətləndirməyə cəlbi nəzərdə tutulmalıdır.
Bilirsiniz, heç bir təcrübəyə malik olmayan bakalavriatların dərhal master təhsil almasını heç doğru hesab etmirəm, çünki hər bir tələbə bakalavr təhsilini bitirdikdən sonra öyrəndiklərini həzm etməyə müəyyən zamana ehtiyyacı var. Müəyyən bir praktika yığmalı, biliklərini tədbiq edərkən öz sahəsində boşluqları görməli və daha planlı şəkildə ixtisasının dərinliklərini öyrənməyə səy göstərməlidir.
- Doğrudan da bəzi həmkarlarımız Tibb Universitetini və digər universitetləri bitirib, sonra jurnalistikaya gəliblər. Amma ümid edir ki, master təhsili aldıqdan sonra daha yaxşı işi əldə edə bilsin…
- Təhsilli cəmiyyətimizin olması təbii ki, özlüyündə çox böyük faydadır. Bəs, nə üçün təhsil alırıq?! Kiminsə müvafiq ixtisas üzrə təhsil alması üçün nəyə görə vergi ödəyicilərinin hesabına formalaşmış dövlət büdcəsindən vəsait ayrılmalıdır?! Demək ki, biz inanırıq ki, bu şəxs müvafiq təhsilə yiyələndikdən sonra, qayıdıb, inkişafa aparacaq dəyişiklər edəcək. Bunun üçün isə, oturuşmuş təcrübə, praktiki baza olmalıdır ki, sonra onu təhsillə möhkəmləndirib, inkişaf etdirmək mümkün olsun.
Bəlkə bakalavrı bitirdikdən sonra başqa bir ixtisasın dalınca getməyi qərar verdin?! Buna görə dövlət büdcəsindən vəsait ayrılmasına dəyərmi?! Bakalavrı bitirmiş gənc özünü tapmalıdır, müəyyənləşdirməlidir ki, bitirdiyi ixtisas, əldə etdiyi təhsil real iş təcrübəsi zamanı özünü necə əks etdirmiş olur. Bəlkə, öz istedadını, faydalılığını müvafiq ixtisas üzrə deyil, digər ixtisas üzrə aldıqda göstərmiş olacaq, daha bacarıqlı, uğurlu olacaq və iş mühitinə faydası toxunacaq.
Ümumiyyətlə təhsil, xüsusən də master dərəcəsində təhsil mütləq şəkildə işçinin gördüyü işə, mütəxəssisin ana ixtisasına, peşəsinə uyğunluq təşkil etməli, yönləndirilməlidir. Həmçinin doktorantura təhsili alanların da, araşdırmacı olaraq uyğun araşdırma təcrübələri və bilikləri olmalıdır. Dövlət qurumlarının, institutların, agentliklərin də, hər hansı bir müəyyən bir ixtisas üzrə araşdırmacı alimlərə ehtiyyacları irəli sürülməlidir. Nəticə olaraq bu araşdırmacı misal üçün, Kür çayının və yaxud Xəzərin quruması, çirkab sularının yuyulması, beyin xəstəlikləri və epidemiya, yaxud, aviasiya və kosmos sahəsində araşdırmalar və tədqiqatlar apardıqdan sonra, qayıdıb, öz vətənində müvafiq laboratoriyaların, tədqiqat mərkəzlərinin qurulmasına çalışacaq.
Ümumiyyətlə təhsil prosesində, xüsusilə təhsil təqaüdlərinin ayrılmasında ölkədə fəaliyyət göstərən aparıcı qurum və təşkilatlar yaxından iştirak etməlidir. Bu və ya digər ixtisas üzrə (misal üçün: kompüter, aviasiya mühəndisliyi üzrə) mütəxəssislərin həm seçim prosesində, həmçinin təqaüdün ayrılmasında iştirak etməlidirlər. Misal üçün, Google Təqaüdü kompüter elmləri dərəcəsi almaq istəyən tələbələrə texnologiyada üstün olmağa və bu sahədə lider olmağa kömək etmək üçün təsis edilmişdir. Bu cür nümunələrin sayı çoxdur.
Aparıcı universitetlərdə PhD təhsili alan Azərbaycanlı tələbələrdən şəxsən tanıdıqlarım var. Ölkəmiz üçün çox kritik, önəmli araşdırma apardıqlarının şahidi olmuşam. Onların da Doktor dərəcəsinə yiyələndikdən sonra, ölkəyə qayıdıb alim olaraq fayda vermələrinə, yəni, araşdırma, sınaq, və təcrübələrini aparmalarına şərait yaradılmalıdır. Bunun üçün də, maddi təminatdan tutmuş, motiveedici əsaslı addımlar atılmalı, məhsuldar mühit yaradılmalı, qurduqları laboratoriyalarda və tədqiqat mərkəzlərində inişafa aparacaq seçimləri və müstəqil olmaları təmin olmalıdır. Gəlib, hər hansı bir administrativ vəzifə sahibi olmaları çəkilən əziyyətlərin hədər getməsi deməkdir.
- Azərbaycanda elmi fəaliyyətlə məşğul olmayan elmlər doktorlarının sayı az deyil.
- Təbii ki, doktorların müəyyən olunmasında böyük boşluqlar var. Doktorluq – alimlik dərəcəsidir, amm nədənsə, titul olaraq daha cəlbedici görünür. Plagiarizm anlayışı, hesabatlılıq, sosial və hüquqi məsuliyyət yaradılmayana qədər bu cür də davam edəcək. Bu bizim mövzumuz deyil. Lazimi qurumlar aidiyyəti üzrə bu halları araşdırıb, lazımi hüquqi qiymət verə bilərlər.
Bu fonda əsl araşdırmacı alimlərimizə daha çox yük düşür və onların daha çox dəstəyə ehtiyyacları var.
- Samir müəllim, sizcə, hal-hazırda təqaüd proqramlarında daha çox hansı ixtisaslara üstünlük verilməlidir?
- Hal-hazırda dünyada və vətənimizdə texniki bilikli insanlara yüksək ehtiyac var. Aparıcı ölkələrin təhsil müəssisələri bazarın tələbatını daim araşdıraraq nəzərə alır. Təhsil müəssisləri ilə sənaye sahələri, dövlət və özəl sektor bir-birləri sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurublar. Təhsil müəssilərində də, tədris prosesində bazarın tələblərinə uyğun dəyişikliklər olunur, ixtisaslar yaradılır, və ya metodologiya və tədris planında dəyişiklər tətbiq olunur. Bu təbii bir proses və vərdiş halına çevrilib. Dövrlə ayaqlaşmaq üçün başqa cür mümkün də deyil.
Ölkəmizdə də dövlət sifarişli proqramların texniki biliklər üzrə ixtisaslaşmış top universitetlərə tələbələri yönəltməsi daha məqsədəuyğun və labüddür. Çünki, Azərbaycan məktəbləri və universitetləri dünyanın aparıcı elm ocaqlarının sahib olduğu texniki təchizat, baza baxımından müqayisə olunmayacaq dərəcədə geri qalır və yeni innovativ metodların tədbiq olunduğu məhduldar mühitə sahib deyil. ABŞ-nin Ali Təhsil üzrə Araşdırma və İnkişaf (HERD) sorğusuna əsasən, Amerika kollec və universitetlərində ümumi tədqiqat və təkmilləşdirmə (R&D) xərcləri 2022-ci maliyyə ilində 97 milyard dolları ötüb. Son onillikdə bu siyahıya Con Hopkins Universiteti 3,42 milyard dollarlıq elmi-tədqiqat və tədqiqat işləri ilə akademik qurumların siyahısına başçılıq edir. Yəni, söhbət bir neçə ölkənin dövlət büdcəsinə bərabər vəsaitin hər il tədqiqat və təkmilləşdirməyə ayrılmasından gedir.
Öncə də, bildirdiyim kimi, təhsil bir vasitə, alətdir və təyinatı üzrə istifadə edilib tətbiq olunmalıdır. Canlı misal olaraq gözümüzün qabağına Selcuk Bayraktarı gətirək. Gördükləri işin, əməyin qatqıları, faydaları göz önündədir. Alınan təhsilin təyinatlı, faydalı olması dedikdə bunu nəzərdə tuturam. Bayrakdarın misalında, önəmli olan onun MİT-də (Masaçusets Texnologiya İnstitutu) təhsil alması deyil, əldə etdiyi biliyi uğurlu şəkildə tətbiq edib, Türkiye Cümhuriyyətinə fayda verməsidir. Tərcümeyi halına baxdıqda, təhsil almadan öncə hansı mühitdə yetişdirildiyi və bu təyinatlı təhsilin uğurlu seçildiyi aydın olur.
- Əldə edilmiş təhsilin doğru istifadə və tətbiq olunması da vacibdir
- Əlbəttə, təhsilin, təhsilli gənclərimizin olması bizim gələcəyimizin olması deməkdir. Təhsil və bilik inanılmaz inkişaf və təkamülə gətirə bilən vasitə, qüvvədir, amma doğru istifadə olunmadıqda, öyrənilən biliklər zamanında tətbiq olunmadıqda, sərf olunmuş zaman və vəsait bir yana, cəmiyyətdə təhsilə və gələcəyə qarşı inamsızlıq yaradır. Təhsilsiz isə, iqtisadiyyatımız daim təbii-resurlardan asılı olan, yerli istehsalatı, sənayesi olmayan ölkələrdən biri olaraq qalacaq. Dövlət, iqtisadiyyat və cəmiyyət bir-birilə zəncirvari bağlıdır. Təhsil bu bağlılıq zəncirini qüvvətləndirən və inkişaf etdirən əsaslı vasitələrdən ən başlıcasıdır.
- Maraqlı müsahibəyə görə çox sağ olun.
- Siz sağ olun, dəvətinizə görə təşəkkür edirəm!