Polşada “Luxoft” şirkətində aparıcı proqramçı kimi çalışan Vasif Mustafayev: “Daim öyrənmiriksə, zaman keçdikcə hər şeyi bildiyimizi düşünməyə başlayırıq”
Bir işi görürsənsə, daha yaxşı etməyin tərəfdarıdır. Deyir ki, gördüyü işə enerjisini, gününü, həyatını həsr etməyi sevir. Amma işləməklə yanaşı, düşünür ki, kadr özünü daim inkişaf etdirməlidir. Əks halda, şirkətdən uzaqlaşanda, yaxud şirkət işçi ilə yollarını ayıranda daha aşağı imkanlarla işləmək məcburiyyətində qala bilər. Bu prinsiplə fəaliyyət göstərməsi onun belə bir problem yaşamasından dolayı olmasa da, inkişafa meyilli olması ona karyerada irəli getməsi üçün təkan olub. Müsahibimiz Polşada "Luxoft” şirkətində aparıcı proqramçı vəzifəsində çalışan azərbaycanlı gənc Vasif Mustafayevdir.
Qeyd edək ki, V.Mustafayev 642 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olub, orda tətbiqi riyaziyyat üzrə oxuyub. Daha sonra informatika fakültəsində magistr təhsili alıb. Elə tələbə vaxtından artıq proqramçı kimi işləməyə başlayır: "Tələbə vaxtı iki ilə yaxın "Sinam”da işləmişəm. Orda balaca işlər verirdilər, onlarla məşğul olurdum, Java-da işləyirdim. Bəzən xırda PHP-də işlərim olsa da, bütün karyeram ərzində Java-da işləmişəm. Əsgərlikdən sonra "Sahil İT”, Ali Məhkəmə, "Golden Pay”, "Xalq Bank”, "Nar Mobile”, "Vialink”də çalışmışam. Bir Sinqapur şirkəti ilə uzaqdan ("remote”) işləmişəm, Azərbaycanda ən son iş yerim "Pasha Bank” olub. 10 ilə yaxın Azərbaycanda çalışdım, daha sonra Polşada iş təklifi oldu, çox fikirləşəndən sonra burda çalışmaq qərarı verdim. Hazırda "Luxoft” şirkətində "Cisco E-Commerce” layihəsinin üzərində çalışırıq”.
- Polşada iş təklifi gələndə çox fikirləşdiyinizi dediniz. Əsas nələri fikirləşirdiniz?
- Mən xaricdə işlə maraqlananda bu sahədə çalışan çox dost-tanışım artıq ölkəni tərk etmişdi, ya da artıq buna hazırlaşırdılar. Mən də fikirləşdim ki, bəlkə daha düzgünü getməkdir. Sonra çox şeyi müqayisə etməli oldum. Ailəliyəm, iki övladım var, necə olacaq? Sağ olsun, həyat yoldaşım da getmək məsələsində mənimlə həmfikir oldu. Bircə, atam əvvəl narazı idi, çətin olacağını deyirdi, amma zamanla o da yaxşısının getmək olduğu ilə razılaşdı. Bakıda işləyib özümə hər şərait qurmuşdum, amma bura gələndə tərəddüd etdiyim yeganə məsələ o idi ki, valideynlərim yanımızda olmayacaq, onlar nəvələrini doyunca görməyəcəklər. Əslində, o ağırlıq hələ də var, qalan hər şey gözəldir. Yalnız ata və ana məsələsi. Yaxın zamanda onları 3 aylıq qala bilmək üçün dəvət etmək imkanım olacaq.
- Burda bir çox iş yerlərində çalışmısınız. İndi xaricdə böyük şirkətdəsiniz. Əvvəl və indi işlədiyiniz mühit, iş arasında fərqlilik nə oldu?
- Mənim üçün çox fərq var. Azərbaycanda işləyəndə məndə belə bir yanaşma var idi ki, əgər bir işi köhnə texnologiya ilə görmək mümkündürsə, amma yeni üsullar varsa, trend olanlarla etmək daha yaxşıdır. Beləcə, adam həm özünü inkişaf etdirir, həm də sistem daha yaxşı qurulur. Zaman-zaman nəsə dəyişiklik olduqca, onu tətbiq etdikcə yeniliyə daha tez uyğunlaşırsan. Axın hara gedirsə, onu arxadan da olsa, təqib etməyə çalışmaq lazımdır. Mənim bu fikrimlə üst-üstə düşən iş yeri az idi, bəzilərində var idi, amma çox yerdə "təki işləsin” prinsipi idi. "Təki işləsin” prinsipindən isə heç xoşum gəlmir. Bir işi görürsənsə, daha yaxşı etməlisən. "Təki işləsin” yanaşmasında qurulan sistem bir gün işləyir, bir gün yox. Təzə bir şeyə inteqrasiya etmək lazım olur, problem yaranır və s. Burda isə əksinədir. Hazırda işlədiyim yerdə trendə o qədər meyillidirlər ki, mənim üçün onlara çatmaq çətindir. Burda məndən çox irəlidə olan, təcrübəli, daha çoxunu gözləyən komanda yoldaşlarım var və bu, məni sevindirir. Digər tərəfdən, proqramçıya olan yanaşma fərqlidir. Proqramçı bir az yaradıcı adamdır, "Google”dan istifadə etməklə bu insanlara necə yanaşmağın düzgün olduğunu öyrənmək olar. Azərbaycanda belə idi ki, işimi görüb bitirmişəmsə, boş vaxtımda nəsə oxuyuram, başqa iş görürəm və ya başqa yerə gedirəmsə, bu yaxşı qarşılanmır. İşin yoxdursa, robot kimi iş saatı bitənə qədər ekrana baxmaq məcburiyyətindəsən. Yaxud, komandanda zəif və işləmək, öyrənmək istəməyən adamlar var, onları nəyə görəsə işdə saxlayırlar və yükünü sən çəkməli olursan. Burda belə deyil, işini görüb tez çıxa, işə gec gələ, gəlməyib evdən də işləyə bilərsən. Əsas nəticədir. Burda proqramçını daha yaxşı başa düşürlər, qiymətləndirirlər. Burda sən öz işinin ağasısan.
- Trendə meyilli adam olduğunuz üçün elə bir şirkətə uyğunlaşmaq çətinliyi yəqin ki, çox olmaz.
- Uyğunlaşma çətinliyi bir az var, amma Azərbaycanda işləyəndə şirkətə istədiyim texnologiyanı gətirə bilməyəndə işdən sonra da işləmişəm. İşdən sonra evdə 2-3 saat və daha çox işləyirdim. Pul qazandığım da olub, qazanmadığım da. Çox zaman qazanmırdım (Gülür-red.). Amma bu işləri görməkdə məqsədim o idi ki, texnologiya seçimi mənim olsun. Oxuduğum texnologiyaları daim hardasa tətbiq etmək istəyirəm. Şirkətlər buna bir az açıq olmadıqları üçün öz məhsullarıma tətbiq etmişəm. Yetəri qədər olmasa da, müəyyən qədər trend, modern texnologiyalar haqqında məlumatlı idim. Bura gələndə bir az geridə olduğumu gördüm, amma eyni zamanda müəyyən şeyləri də bilirdim ki, komanda yoldaşlarım onu bilmirlər. Gəldiyim müddətdə özümü xeyli irəli gətirə bilmişəm, amma ümumi iş mühitini götürsək, hələ bir neçə ay güclü oxumam lazımdır. Yatmaq yaxşı şey deyil, əziyyət çəkmək lazımdır, bu, mənə xoşdur. Çünki özümü daha yaxşı hiss edirəm. Ətrafımda da güclü kadrlar var. Zəiflərin içində güclü olmaq məncə, gələcək üçün yaxşı bir şey deyil.
- Öz üzərində işləyən bir şəxs olduğunuzu demişdilər. Bunu rəqabətə davam gətirmək üçün edirsiniz, yoxsa daxili istəkdir?
- Uşaq vaxtından riyaziyyata güclü marağım olub, problem həll etmək, yeni yollar tapmaqdan həmişə xoşum gəlib. Universitetdə oxuyanda proqramlaşdırma ilə tanış olanda dedim ki, istədiyim budur. Oxuyub inkişaf etmək deyəndə gördüyüm işə enerjimi, günümü, həyatımı həsr etməyi sevirəm. Bu halda gördüyün işlə cəmiyyətə fayda verə bilərsən. Yola verib, "iş saatım bitsin, evə gedim” prinsipi ilə yaxşı məhsul alınmaz. Trendi izləmək lazımdır, çünki heç bir iş əbədi, heç bir işçi, şirkət əvəzolunmaz deyil. Ya sən işdən çıxarsan, ya şirkət səndən ayrılmaq istəyər. Əgər sən oxuyub inkişaf etmirsənsə, gününü işdə keçirib evə getməklə məşğulsansa, iki il sonra şirkət səndən ayrılanda yaxşı durumda olacağına inanmıram. Yuxarı yox, aşağı maaşlı iş tapacaqsan, daha yaxşı şərtlərlə iş imkanın az olacaq. Bu psixoloji məqamın qorxusunu həmişə yaşamışam. Amma digər tərəfdən, uşaqlıqdan daim öyrənməyə, problemləri həll etməyə maraqlıyam. Yenilikləri öyrənib, trend texnologiyaları izləmək xoşuma gəlir.
- Dediniz ki, özünü inkişaf etdirməsən, işdən ayrılanda yuxarı yox, aşağı iş tapmaq kimi bir psixoloji qorxu olub. Belə bir şey təcrübənizdə heç olub?
- Mən görməmişəm, amma bir balaca alternativ formada görmüşəm. İşdən sonra evdə də gəlib nə isə öyrənməyə vaxt sərf etmək, onu tətbiq etmək heç də asan deyil. Bu enerji və vaxt sərfiyyatı tələb edir. Zamanla ehtiyaclar artır, uşaqlar böyüyür, ona görə daha çox pul qazanmaq lazımdır. "İşimi görüm, evə gedim” yanaşması ilə çalışan, yeni texnologiyaları tətbiq etməyən tanışlarım olub. Çalışdıqları şirkət maaşı artırmasa da, daha yaxşı maaş alacağı işə gedib öz həyatını yaxşılaşdıra bilməyən bəlkə onlarla tanıdığım dost-tanış var. İT elə sürətlə gedir ki, yalnız bildiyin biliklərlə işləsən, bir-iki ildən sonra olduqca geri qalırsan, gəlib çatmaq daha çox enerji tələb edir. Öz karyeramda da bənzər hal olub. Azərbaycandakı şirkətlərdən birini tərk edəndə, böhran vaxtı idi, komandadan çox adam getdi, qalanların yükü ağırlaşırdı. Belə olan halda şirkəti tərk etdim, çünki eyni maaşa artıq yük götürmək istəmirdim. O zaman mən daha yuxarı maaşla və daha yaxşı şərtlərlə iş tapa bilmişdim. Başqa bir nümunə olaraq devalvasiya vaxtı Sinqapurdan aldığım iş təklifini qeyd edə bilərəm. Həmin vaxt xarici valyutada əmək haqqı alırdım və öz evimdən işləyirdim.
- İş həyatında ən çətin dövrünüz nə vaxt olub?
- Hər işdə ən çətin olanı başlamaqdır. Tələbə olanda düzü, çox çətin gəlmirdi, oyuncaq kimi baxırdım. İşə gedirdim, bir az işləyirdim, alınmayanda daha təcrübəli işçilər mənim işimi görürdülər. Hərbi xidmətdən qayıdandan sonra aradan bir il keçdiyinə görə heç bir şirkət məni işə götürmək istəmirdi. Yalnız tələbə vaxtı çalışdığım şirkət götürürdü, sırf yeniliyə qaçdığım üçün ora qayıtmaq istəmirdim. Çox çətin dövr oldu, psixoloji olaraq əziyyət çəkirdim. İş müsahibələrinə gedirdim, hərbi xidmətdə olduğum bir il ərzində trendə qalxan müəyyən xırda servislərdən və s. soruşurdular, bilmirdim. Bir müsahibdə soruşulanı gəlib araşdırırdım, digər müsahibədə başqa bir şey soruşurdular və s. "Sahil İT” şirkəti var, onun müdiri Vahid Qasımov çox gözəl insandır. Tələbə olanda bir çox şeyləri o mənə öyrətmişdi. Hərbi xidmətdən sonra işsiz olduğumu bilib məni çağırdı, iş verdi, "iş tapa bilmirəm” stressi başımdan götürüldü, rahatlanmağa başladım, yenilikləri sürətlə öyrəndim, daha sonralar isə yeni iş tapmaqda bənzər problemləri yaşamırdım. Əvvəllər, mobil operatorlardan birində çalışmaq kimi istəyim var idi. Bəlkə də yeganə yer "Nar mobile” olub ki, ora işə düzələndə çox sevinmişəm. İndi də o şirkətdə çalışdığımla fəxr edirəm. Bu gün Polşada ondan qat-qat böyük şirkətdə işləyirəm, amma həmin sevincə sahib deyiləm. Bəlkə də mənim üçün ilk uğurum kimi idi. Qısası, ilk işi tapana qədər çətin oldu.
- Yəni, bacarıqlı kadr da işsiz qala bilər?
- Hərbi xidmətdən gələndə mən özümü kadr belə saymırdım. Tələbə olanda az da olsa, işləmişdim, amma professional karyeram yox idi. Hansısa bir şirkət mənə inanmaq istəmirdi, müsahibələrdə uğurlu cavab verə bilmirdim, çünki kadr olaraq özümü hələ tam formalaşdırmamışdım. Amma bacarıqlı kadrın İT-də uzunmüddətli işsizlik dövrü keçirdiyinə inanmıram. Azərbaycanda bəlkə də olsun, amma Polşada tələb həddindən artıq çoxdur. "Linkedin”də hər gün bir-iki vakansiya ilə müraciət edirlər. Azərbaycanda olanda 10 ildə bir dəfə kimsə yazıb deməyib ki, bizdə maraqlı vakansiya var, bəlkə işini dəyişmək istəyərsən və s. Bircə, Sinqapur kampaniyası məni internetdən tapmışdı. Polşaya gəlib, "Linkedin”də yerimi, nömrəmi dəyişəndən sonra həftədə ən azı 4-5 vakansiya ilə bağlı müraciət olur.
- Gələn təkliflər cəlbedici olur?
- Cəlbedici olduğunu desəm, yalan olur. Çünki indi gördüyüm işdən çox razıyam. Yalnız bir dəfə çox maraqlı iş təklifi olmuşdu, adını deməyəcəm, o kampaniyanın çox məhsullarını, servislərini istifadə etmişəm. O kampaniyadan çox xoşum gəlir. Onların vakansiyasını görəndə təbii ki mənə çox xoş oldu. Amma bura 5 ay olar ki gəlmişəm və ona görə heç bir təklifə diqqət yetirmirəm. Şirkət məni bu işə gətirmək üçün çox əmək sərf edib, mən də nələrisə öyrənmək üçün əziyyət çəkirəm. Mənə inanıb götürüblərsə, gördüyüm işləri bir səviyyəyə gətirib çıxarıb, bir növ halallığı qaytarmalıyam, sonra başqa yerlər haqqında düşünə bilərəm. Hələ ki bir neçə il burda davam etmək fikrindəyəm.
- Çalışdığınız şirkətdən danışaq…
- Mən "Luxoft” şirkətinin işçisiyəm. Şirkət daha çox "out source” kompaniyadır. Şirkətlərlə müqavilə bağlayıb onlar üçün proqram təminatı və digər servislər verir. Böyük banklarla, kompaniyalarla müqaviləsi var. Onların layihələrini götürür, komanda yığır və layihəni icra edir. Mən bura gələndə çalışacağım sektoru seçəndə demişdim ki, bank istəmirəm. Çünki iki bankda işləmişəm, orda görülən layihə, iş yükü sıxıcı gəlir. "Luxoft” mənə "Cisco”da vakansiya olduğunu göndərdi. Tələblər çox maraqlı gəldi. "Cisco” İT sahəsində dünyada öndə gedən şirkətlərdən biridir. Belə bir şirkətin hansısa layihəsində işləmək, az da olsa, əmək sərf etmək mənə maraqlı gəldi. Müsahibədən keçəcəyimi çox da gözləmirdim, çünki tələblər çox yuxarı idi. Amma, demək ki qismətdə var imiş.
- Uğurunuzun sirri nədir?
- Uğur nisbi anlayışdır, burda çox şey cəmləşir. İllərlə yataq xəstəsi olan biri üçün ayağa qalxıb yerimək ən böyük uğur olar. Mənim üçün xoşbəxt ailəmin olması, böyük bir kütlənin istifadə etdiyi işlərin görülməsində bir parça payım olması uğurdur. Uğurumun sirri isə çox faktordan asılıdır. Hardasa şans da rol oynayır, etdiyin əməllər də. İş əlaqələri, ətrafındakı insanların səni necə tanımaqları, necə təqdim etmələei də önəmlidir. Çox və daim çalışmaq, öyrənmək vacibdir. Daim öyrənmiriksə, zaman keçdikcə hər şeyi bildiyimizi düşünməyə başlayırıq, bu isə heç bir zaman uğura apara bilməz.
“Təki işləsin” prinsipindən heç xoşum gəlmir” - Uğur hekayəsi
16:00
6 Aprel 2018